Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin indiki qiyməti istehsalçılar və istehlakçılar üçün qaneedicidir

Neftin indiki qiyməti istehsalçılar və istehlakçılar üçün qaneedicidir

Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” telekanalının müxbirinin “Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar” sualını cavablandırarkən bildirdi ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq.

“OPEC+” formatının çox səmərəli olduğunu və Azərbaycanın bu formatın işində fəal iştirak etdiyini bildirən dövlət başçısı qeyd edib ki, biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.
OPEC-lə bağlı belə bir anlaşılan və razılıq doğuran mövqe təsadüfi deyil. Bu fikrin aydınlaşdırılması üçün bir qədər keçmişə qayıtmağı zəruri bilirəm. Belə ki, beş il bundan əvvəl Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda OPEC-ə üzv ölkələrin və OPEC üzvü olmayan neft istehsalçılarının bir araya gəlməsi və birlikdə çalışmaları ilə bağlı çağırış etmişdi. Xatırladım ki, o vaxt dünya bazarında neftin bir barrelinin qiyməti 30-35 dollara düşmüşdü. Bu vəziyyət təbii ki, neft ixracatçılarını düşündürür, onlar çıxış yolları axtarırdılar. Təbii ki, prosesə nəzarət edən qurum OPEC idi. Bu qurum kartel üzvləri ilə birgə vəziyyətdən çıxış yollarını götür-qoy edirdi. Builki Davos Forumunda da OPEC-in Baş katibi Məhəmməd Barkindo “OPEC+” formatında əməkdaşlığın əsasının məhz Azərbaycan Prezidentinin çağırışı sayəsində qoyulduğunu minnətdarlıq hissi ilə xatırlatdı.
Burada “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatı olması barədə ölkə rəhbərinin başqa bir fikrini də qeyd etməyi lazım bilirəm. Hələ 2015-ci ildə Davos Forumundakı çıxışında Prezident İlham Əliyev demişdir: ”Düşünürəm ki, OPEC üzvü olmayan böyük istehsalçılar və OPEC üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa qarşılıqlı etibarı artırar. OPEC təkbaşına bu qərarı verə bilmədi. Bu qərar olmadıqda isə indiki vəziyyət alınır və neftin qiymətinin ən aşağı həddə enməsini gözləyirik. Hər gün ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük. Sözün açığı, ölkənin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa, bu, bir az da psixoloji cəhətdən yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda, istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq, eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır”.
Bəli, həmin çıxışdan sonra cənab İlham Əliyevin xatırladılan fikri OPEC və qeyri-OPEC ölkələri üçün yol xəritəsinin əsasını təşkil etdi.
Hazırda neft bazarında müəyyən sabitlik yaranıb, OPEC və qeyri-OPEC ölkələrinin yaratdığı “OPEC+” koalisiyasının birgə səyləri nəticəsində isə “qara qızıl”ın qiyməti 55-60 dollar/barrel ətrafında dəyişir. Bazarda tələb-təklif tarazlığı pozulan zaman isə Azərbaycanın da daxil olduğu “OPEC+” ölkələri buna dərhal reaksiya verirlər. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti “Rossiya-24” telekanalının müxbirinin “Sizin fikrinizcə, “OPEC+” sazişinin müddətini uzatmaq lazımdırmı?”,–sualına cavabında bildirib ki, əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək: “Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var”.

Dünyamalı VƏLİYEV, 
iqtisad üzrə elmlər doktoru, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri

29 2020 01:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə