Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Dünya İqtisadi Forumu arasında əlaqələr yeni mərhələyə daxil olub

Azərbaycan və Dünya İqtisadi Forumu arasında əlaqələr yeni mərhələyə daxil olub

Azərbaycanla qlobal iqtisadi-siyasi trendlərin müəyyənləşdirilməsinə təsir göstərmək gücünə malik olan Davos İqtisadi Forumu arasında əlaqələr yeni mərhələyə daxil olub. Bakıda adıçəkilən forumun regional mərkəzinin yaradılacağı təşəbbüsü məhz bunun bariz ifadəsidir. Xatırladım ki, Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende  arasında imzalanan niyyət protokolu ölkəmizlə bu nüfuzlu qeyri-hökumət təşkilatı arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyi əminliyindən xəbər verir. 

Yeri gəlmişkən,  çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin qarşısında dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsi  məqsədi durur. 
Dövlətimizin başçısı niyyət protokolunun imzalanmasını Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandırıb. Protokolun əhəmiyyətini vurğulayan Borge Brende isə deyib: “Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.
Burada onu da qeyd etmək yerinə düşər ki, ötən il Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında imzalanan əməkdaşlıq razılaşması dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin respublikamızın sosial-iqtisadi həyatına transformasiyasına əlverişli imkan yaradıb.
Azərbaycan–Dünya İqtisadi Forumu arasında əlaqələrin indiki yeni mərhələyə daxil olması da təsadüfi deyil. Belə ki, Azərbaycanın bu təşkilatın forumlarında daim iştirak etməsi ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafı üçün zəmin yaradan amillərdən biridir. Vurğulamaq istərdim ki, Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Forumun 1995-ci ilin hesabat müzakirəsi üçün təşkil olunan tədbirində Azərbaycana həsr olunan məxsusi görüş təşkil olunmuşdu ki, burada ümummilli liderimiz respublikamızın zəngin neft-qaz resursları və  ölkəmizdə  xarici investisiya üçün potensial şəraitin mövcudluğu barədə dünya ictimaiyyətinə məlumat vermişdi. Müstəqilliyimizin ilk illərində, müharibədən yenicə çıxan və iqtisadiyyatı ağır vəziyyətdə olan ölkəmiz üçün xarici  investisiyaların cəlbi zəruri və prioritet məsələlərdən idi. Bütün bunları nəzərə alaraq ulu öndər xarici səfərlər zamanı iştirak etdiyi beynəlxalq forum və konfranslarda Azərbaycanda zəngin neft-qaz yataqlarını və bunların hasilatı, eyni zamanda,   emalı üçün Azərbaycanda hər cür şəraitin olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmışdı.     
Davos İqtisadi Forumunun 2000-ci il görüşünə Azərbaycan artıq dünya miqyasında nüfuz qazanan, “Əsrin müqaviləsi”nin icra olunmasında yol qət edən bir dövlət kimi qatılmışdı. Forum zamanı müzakirə olunan məsələlər (İpək yolu, Qafqazın perspektivləri) və bu zaman Azərbaycanın mövqeyinin nəzərə alınması  deməyə əsas verirdi ki, Azərbaycan nəinki regionda, həmçinin dünyada  artıq sözü keçən, verdiyi sözə əməl edən dövlət hesab olunur. Forumun illik tədbirlərinin birində, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorçuluqda nəzarətsiz qalan torpaqların rolunun müzakirəsi Azərbaycan üçün əhəmiyyətli oldu. Bu müzakirədən sonra dünya ictimaiyyətinin diqqəti bir daha Azərbaycanın probleminə  yönəldildi.
Əvvəllər sözügedən foruma qatılmaqla əsasən investor cəlb etmək üçün işlər görən, görüşlər keçirən, iqtisadi mühitin münbitliyini diqqətə çatdıran Azərbaycan sonradan Prezident İlham Əliyevin səyi ilə artıq ölkəmizin investisiya imkanlarını bütün dünyaya göstərdi.  
Dünya İqtisadi Forumunun Azərbaycan və digər inkişaf etməkdə olan dövlətlər üçün belə əlverişli platforma yaratması mühüm əhəmiyyətə malikdir. Məhz belə bir  platformada öz dövlət siyasətini təbliğ edərək, dünya dövlətləri üçün dəyərini, Avropanın enerji təminatında əhəmiyyətini artıran Azərbaycan sürətli inkişafı ilə regionda liderə çevrilməyə nail olub. Dünya İqtisadi Forumu kimi tədbirlərin imkanlarından faydalanan respublikamız dəfələrlə dünya dövlətlərinə əsaslandıra bilib ki, yalnız Azərbaycanın maraqlarına uyğun olan layihələr birmənalı şəkildə reallaşdırılacaq.
Sonda xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildən başlayaraq 14-cü dəfədir Davosda bu forumun illik toplantısında iştirak edib. Dövlətimizin başçısı builki  forum çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə 20-dən çox görüş keçirib, “Strateji baxış: Avrasiya” mövzusuna həsr olunan panel iclasında iştirak edib.

 

Zaur Mirzəzadə,
“Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri

29 2020 01:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə