Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davos İqtisadi Forumu investisiya cəlb etmək üçün münasib platformadır

Davos İqtisadi Forumu investisiya cəlb etmək üçün münasib platformadır

Azərbaycan 20 ildən artıqdır ki, Davos İqtisadi Forumunda (DİF) ən yüksək səviyyədə təmsil olunur. Hazırda dünyada baş verən ən mühüm hadisələr öz həllinin başlanğıcını məhz bu platformada aparılan ilkin müzakirələrdən götürür. Ona görə də bu gün Davos İqtisadi Forumu dünyanı rahatsız edən bütün məsələlərin müzakirəsi üçün mühüm dialoq müstəvisi hesab olunur. 

Davos İqtisadi Forumuna dünyanın tanınan 1000-dən çox iri şirkəti üzvdür. Azərbaycan kimi öz iqtisadi müstəqilliyini möhkəmləndirmək istəyən ölkələrə xarici investisiyaları cəlb etmək üçün DİF olduqca önəmli bir müstəvidir. Nəzərə alsaq ki, hazırda bütün dünyada 25 trilyon dollara qədər sərbəst vəsait tətbiq oluna biləcəyi təyinat yerini axtarır, o halda potensial investorlarla investisiyaları cəlb etmək istəyən tərəflər arasında DİF kimi bir platformanın əhəmiyyətlinin nə demək olduğunu geniş izah etməyə ehtiyac qalmır. Azərbaycan bu platformadan istifadə etməklə ötən illər ərzində xarici investisiyaların ölkəyə axınında kifayət qədər uğurlar əldə edə bilib. 
Ölkə iqtisadiyyatına xarici kapitalın cəlb olunması məqsədilə belə imkanlardan istifadə Azərbaycan üçün mühüm önəm daşıyır. Çünki respublikamızın bugünkü investisiya mühiti bir neçə il bundan öncəkindən əsaslı şəkildə fərqlənir. Hazırda mövcud investisiya mühiti daha münbit və daha cəlbedicidir. Son illər ərzində bu mühitdə normal fəaliyyəti çətinləşdirə biləcək bütün əngəllər aradan qaldırılıb və bu yöndəki islahatlar durmadan genişləndirilir. Bütün bu prosseslər isə tək bizim deyil, həm də dünyanın gözləri qarşısında baş verir. 
Dünya Bankının, Davos İqtisadi Forumunun və dünyanın digər aparıcı reytinq agentliklərinin hesabatlarında Azərbaycan apardığı islahatlara uyğun daha yuxarı sıralarda yerini möhkəmləndirib. Azərbaycan hökumətinin iqtisadi islahatlar sahəsində əldə etdiyi uğurları bir qayda olaraq investorlar hər kəsdən daha tez və daha aydın görə bilirlər. Belə ki, 2007-ci ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 111 milyard dollar xarici investisiya cəlb olunub. Bu rəqəm Qafqazın bizə qonşu olan iki ölkəsinin – Gürcüstan və Ermənistanın birlikdə dövlət büdcələrinin bu illər ərzindəki xərclərindən çoxdur. Xarici kapitalın ölkə iqtisadiyyatına bu şəkildə axını özlüyündə mümkün deyildi. Bu, aparılan islahatlar və bu islahatların beynəlxalq aləmdə real təqdimatı nəticəsində baş verib. Son bir ildə Azərbaycanda xarici kapitalın iştirakı ilə yaradılan birgə müəssisələrin sayının 70 faizə qədər artması da islahatların səmərəliliyini, Azərbaycan biznes mühitinin cəlbediliciyini sübut edən ciddi bir indikatordur. 
Bu gün beynəlxalq iqtisadiyyat ciddi təhdidlərlə üz-üzə dayanıb. Dünyanın ən mötəbər maliyyə institutu – Beynəlxalq Valyuta Fondu artıq keçən ilin oktyabr ayında 2020/2021-ci illərə dünya iqtisadiyyatı üçün öncə müəyyənləşdirdiyi artım proqnozlarını azaltmaq məcburiyyətində qaldı. Dünya iqtisadiyyatının cari il və gələn il ərzində azalacağına dair proqnozlar bütövlükdə onun ciddi bir sınaq qarşısında qaldığından xəbər verir. Söhbət, hətta keçən əsrin 20-ci illərinin sonlarında baş vermiş “əsrin depressiysı” adlı iqtisadi və maliyyə təlatümləri səviyyəsindəki bir böhrandan gedir. Belə bir vəziyyətin konturları isə konkret olaraq ortadadır. 
Hazırda dünyada istehsal olunan Ümumi Daxili Məhsuldan 15 faiz çox korporativ və dövlət borcları mövcuddur və bu borclar durmadan artır. Dünya nəhəngi ABŞ-n dövlət borcu son 20 il ərzində 4,2 dəfə artaraq, 23 trliyon 200 milyard dollara çatıb. Əgər nəzərə alsaq ki, bu gün beynəlxalq hesablaşmaların 80 faizə qədəri ABŞ dolları ilə aparılır və dünya ölkələrinin valyuta ehtiyatlarının 2/3-si ABŞ dollarında saxlanılır, o halda yaranmış vəziyyətin dünya iqtisadiyyatı və beynəlxalaq maliyyə sistemi üçün nə qədər təhlükəli olduğu aydın olar. 
Bir sözlə, bu gün bütün dünyanın iqtisadi və maliyyə həyatı dolların hegemon idarəçiliyi altındadır. Belə bir durumda ABŞ prezidenti Donald Tramp dünyaya yeni, indiyə qədər Birləşmiş Ştatların heç bir prezidenti tərəfindən bu və ya buna bənzər formada qaldırılmamış bir ticarət müharibəsi başladıb. 
ABŞ-la İran arasındakı qarşıdurma regionda yeni, böyük bir münaqişə ocağının alovlanması təhlükəsi yaradır. Yaxın Şərqdə hərbi toqquşma ocaqları getdikcə genişlənir və idarəolunmaz bir vəziyyətə gəlir. Beynəlxalq siyasi müstəvidə baş verən bu hadisələr nəticə etibarilə dünya iqtisadiyyatını ciddi bir şəkildə təhdid edir. Bu təhdidlər iqtisadiyyatı neftlə bağlı ölkələr üçün daha ciddi bir siqnaldır. Çünki dünya iqtisadiyyatının inkişaf templərinin aşağı düşməsi neftin qiymətlərinin azalmasını şərtləndirən başlıca amillərdəndir. Elə bu səbəbdəndir ki, Azərbaycan Prezident İlham Əliyev beynəlxalq aləmdə baş verən bütün bu gedişləri tam doğru qiymətləndirərək, ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edə biləcək ən gerçək addımların atılmasında qətiyyət nümayiş etdirir. Belə mühüm addımlardan biri də xarici kapitalın ölkə iqtisadiyyatının qeyri-neft sektoruna daha böyük həcmdə cəlb edilməsidir. Davos İqtisadi Forumu isə İnvestisiyaları cəlb etmək üçün kifayət qədər münasib platformadır.

 

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru

 

29 2020 01:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə