Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının siyasi iradəsi demokratik seçkilərin keçirilməsinə zəmin yaradıb

Dövlət başçısının siyasi iradəsi demokratik seçkilərin keçirilməsinə zəmin yaradıb

Azərbaycanda demokratik seçki ənənələrinin formalaşdırılması, səsvermənin şəffaf, azad və ədalətli keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi və digər sahələrdə qazanılan uğurlar dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ən mühüm nailiyyətlərimizdəndir. 

Beynəlxalq standartlar səviyyəsində seçki keçirilməsi daim dövlət rəhbərliyinin qarşıya qoyduğu prioritet vəzifələrdən olub. 1993- cü ildən indiyədək altı prezident, beş parlament (altıncısı da reallaşmaq üzrədir) beş bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin həyatında mühüm tarixi hadisələrdir. Seçki sisteminin ildən - ilə təkmilləşdirilməsi, şəffaflığın təmin olunması istiqamətində qətiyyətli addımların atılması ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir.
Azərbaycan xalqının iradəsini əks etdirən həmin seçkilər demokratik, hüquqi dövlət quruculuğu prosesinin artıq dönməz xarakter aldığını təsdiq edib. Bu müddət ərzində ölkə vətəndaşlarının siyasi şüuru, seçki mədəniyyəti xeyli yüksəlmiş, əhalinin seçkiyə marağı daha da artmışdır. Bunu seçkiöncəsi yaranmış yüksək əhval-ruhiyyə və indiyədək keçirilən seçkilərin gedişini izləmiş beynəlxalq müşahidəçilərin rəyləri də təsdiqləyir. 
Beynəlxalq aləmdə demokratik sənəd kimi qəbul edilən Azərbaycan Seçki Məcəlləsi və seçkilərin beynəlxalq standartlar səviyyəsində keçirilməsi məqsədilə qəbul edilmiş qanunvericilik aktları bu sahədə mükəmməl hüquqi baza yaradıb.
Prezident İlham Əliyevin 2005-ci il mayın 11-də və həmin il oktyabrın 25-də imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamları ölkəmizdə keçirilən seçkilərin demokratikliyinin daha da təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Həmin sərəncamlardan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam şəkildə həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Son illərdə keçirilən seçkilərin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi, aşkarlığın təmin olunması istiqamətində atılan addımlar dövlət başçısının siyasi iradəsinin məntiqi nəticəsidir.
Fevralın 9-na təyin olunmuş parlament seçkilərinin azad və ədalətli keçirilməsi istiqamətində bütün zəruri vasitələrdən istifadə edilir. Siyasi mövqeyindən asılı olmayaraq, deputat olmaq istəyən hər bir ölkə vətəndaşına bərabərhüquqlu şəraitin yaradılması demokratik ənənələrə sadiqliyin nümunəsidir. Builki parlament seçkilərinə qatılan iddiaçıların sayı da təsdiqləyir ki, mübarizə gərgin şəraitdə keçəcək. 
Apardığım müşahidələrə əsasən, belə qənaətə gəlmişəm ki, seçkilərə hazırlıq işləri yüksək səviyyədədir. İndiyədək namizədlərin təbliğat-təşviqat kampaniyalarında süni əngəl və ya digər problemin qeydə alınmaması, qarşıdurma və ya qanun pozuntusu barədə əlaqədar təşkilatlara şikayət daxil olmaması da buna əminlik yaradır. Bütün bunlar dövlət başçısının demokratik seçkilər keçirilməsində siyasi iradə nümayiş etdirməsinin nəticəsidir. 

 

Yusif AĞAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, dosent

 

29 2020 01:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə