Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda demokratik seçki mühiti formalaşıb

Azərbaycanda demokratik seçki mühiti formalaşıb

Bugünlər beynəlxalq aləmin diqqəti yenidən Azərbaycana yönəlib. Bələdiyyə seçkiləri başa çatan kimi, parlament seçkilərinə hazırlıq işlərinə start verilməsi və bu istiqamətdə ciddi işlər aparılması ölkəmizi yenidən dünya birliyinin gündəminə gətirib. Çünki bir-birinin ardınca seçki keçirilməsi bir o qədər də asan məsələ deyil. Ən əsası, ona görə ki, hər hansı bir seçki keçirilməsi üçün, ilk növbədə, yüksək əhval-ruhiyyə, iqtisadi güc, sabitlik tələb olunur. Bütün bunlarla yanaşı, üstəlik, ölkəmizdə “iqtdar-xalq” birliyinin sıx vəhdəti də özünü açıq şəkildə büruzə verir. Belə bir şəraitdə demokratik seçki mühitinin formalaşması üçün ciddi problem olmur. Həm əcnəbilər, həm də ölkə vətəndaşları artıq respublikamızda belə demokratik siyasi mühitin yaradılmasının şahididirlər.

Seçki günü yaxınlaşdıqca deputat mandatı uğrunda mübarizə də gərginləşir. Bəzi iddiaçıların namizədliklərini geri götürdüklərinə baxmayaraq, iddiaçıların sayı əvvəlki illərlə müqayisədə yenə də rekord həddədir. Onların hər biri üçün bərabərhüquqlu şəraitin yaradılması, şəffaflığın təmin olunması istiqamətində görülən tədbirlər, azad və ədalətli seçkilərin keçirilməsi üçün zəngin hüquqi bazanın olması və hazırlıq işlərinə xüsusi önəm verilməsi həm beynəlxalq ekspertlərdə, həm əcnəbi müşahidəçilərdə, həm də ictimaiyyət nümayəndələrində inam yaradıb. Bu inamın əsasını isə ölkəmizin demokratik seçki keçirməyə qadir olması təşkil edir. 
“Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək”. Bu fikri Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak bildirirb. İlk növbədə, ölkəmizin bu quruma üzvlüyünün 19-cu ilinin tamam olması münasibətilə təbriklərini çatdıran avropalı diplomat qarşıdan gələn parlament seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. Bunu hazırda həyata keçirilən hazırlıq işləri ilə əlaqələndirən S.Şennak, eyni zamanda, seçkiöncəsi siyasi mühitin də əlverişli olduğunu bildirib. 
Qarşıdan gələn parlament seçkiləri və onun AŞPA , eyni zamanda, digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müşahidə olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. AŞPA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün xüsusi komitə yaratması ölkəmizdə keçirilən seçkilərin beynəlxalq aləmin diqqət mərkəzində saxlanılmasını təsdiqləyən daha bir faktdır. Bu, həm də Avropa Şurası ilə əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. 
“İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli, Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç, eləcə də, MDB-dən olan müşahidəçilər hazırlıq işlərini yüksək qiymətləndirərək, Azərbaycanın daim güclənən və inkişaf edən ölkə olduğunu bildirir və parlament seçkilərindən sonra respublikamızın daha qüdrətli olacağına əminliklərini ifadə edirlər. Azərbaycanın mövqeyinin daha da möhkəmləndirilməsindən, bütün tərəfdaş və dost dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsindən razılıqlarını bildirən əcnəbi diplomatlar növbəti parlament seçkilərinin də Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcəyinə inandıqlarını vurğulayıblar. 
Seçkilərə hazırlıq işləri ilə yaxından tanış olmaq üçün regionlara da səfər edən müşahidə missiyasının üzvləri seçki komissiyaları üzvlərinin fəaliyyəti ilə tanış olmaları ilə yanaşı, namizədlərin təbliğat-təşviqat kampaniyasına da xüsusi diqqət yetirdikləri barədə açıqlama veriblər. Onlar siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə qanunda nəzərdə tutulmuş təşviqat imkanı yaradıldığının şahidi olduqlarını bildiriblər. Bu vaxta qədər seçki qanunvericiliyinin pozulmasına dair hansısa şikayət və iddianın daxil olmaması da yüksək hazırlıqdan xəbər verir. Müşahidə aparılan regionlarda məntəqə seçki komissiyaları, onların fəaliyyəti ilə tanış olan əcnəbilər seçki məntəqələrinin bu məqsədlə əlaqədar qanunvericilik aktları, lazımi metodiki tövsiyələr, təlimatlar, məlumat materialları, eləcə də zəruri avadanlıqla təmin olunduğunu yüksək dəyərləndiriblər. 
Seçki yaxınlaşdıqca beynəlxalq müşahidəçilərin sayının çoxalması respublikamızın demokratik dəyərlərə xüsusi önəm verən ölkə olduğundan xəbər verir. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, hazırda 200-dən çox MDB müşahidəçisi akkreditə olunmaq üçün müraciət edib. Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Türkmənistandan olan nümayəndələr, həmçinin MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya Parlamentlər İttifaqının və MDB İcraiyyə Komitəsinin nümayəndələrinin də müraciət edənlər sırasında olması ölkəmizin seçki praktikasının diqqət mərkəzində olmasının göstəricisidir. 
Bunlarla yanaşı, indiyədək 55 min 292 yerli, 409 beynəlxalq müşahidəçinin akkreditasiyadan keçməsi parlament seçkilərinə olan marağın növbəti nümunəsidir. Bu maraq ictimaiyyət nümayəndələrində də özünü açıq şəkildə büruzə verir.
80 saylı İmişli -- Beyləqan seçki dairəsinin əhatəsində olan İmişli rayonunun Oruclu kənd sakini İsa Rüstəmovun dediklərindən:
– Builki seçkilər namizədlərin sayına, mübarizliyinə və gərginliyinə görə əvvəlkilərdən xeyli fərqlənir. Bizim dairə üzrə YAP, Müsavat, Sosial Rifah partiyalarının və bitərəflərin nümayəndələrindən 18 nəfər deputatlığa namizəd var. Onların hər biri seçicilərlə görüş keçirir, platformalarını elan edir, sərbəst şəkildə təbliğatlarını davam etdirirlər. Namizədlərin təbliğat kampaniyaları zamanı heç bir xoşagəlməz hadisə baş verməyib. Bizi heç kim görüşlərə zorla və ya başqa vasitələrlə aparmır. Əhali özü belə görüşlərdə iştirak etməyə maraqlıdır. Biz namizədlərin keçirdiyi görüşlərdə iştirak edib onların hansının daha layiqli olduğunu müəyyənləşdiririk. Seçimimiz tam sərbəstdir. Heç kim bizə yol göstərmir və seçki günü kiməsə səs verməyə yönəltmir. Biz əsl demokratik, ədalətli seçkinin şahidiyik. Namizədlərin sayının çoxluğu da hər bir kəsə seçkiyə qatılmaqda yaradılan şəraitdən xəbər verir. Bax, belə seçki istəyirdik. Qoy kim güclüdür, o da qələbə qazansın. İndi hər bir namizədə özünü göstərmək üçün əlverişli şərait yaradılıb. Namizədlərin nümayəndələri neçə vaxt idi ki, onların şəkillərini, platformalarını yayır, əhalinin daha çox sıx olduğu yerlərdən asırdılar. Heç kim bu şəkillərə toxunmayıb. Bütün namizədlərə hörmətlə yanaşırıq. Fevralın 9-da ən layiqli bildiyimizə səs verəcəyik.
63 saylı Sabirabad birinci seçki dairəsinin əhatəsində olan Əsgərbəyli kənd sakini Cəfər Məmmədhəsənov:
– Kəndimizin sakinləri bütün seçkilərdə fəal iştirak edirlər. Bu il namizədlərin sayı çoxdur. Onların bəzilərini seçicilərlə keçirilən görüş zamanı yaxından tanımışıq. Söz yox ki, qabaqcadan şəkillərini və platformalarını xüsusi hazırlanmış dəmir lövhədən asmışdılar. Buna baxmayaraq, bizimlə keçirdikləri görüş zamanı daha yaxından tanış olmuşuq. Hər bir namizəd sərbəst şəkildə, heç bir maneə ilə rastlaşmadan seçicilərlə görüşür, platformalarını elan edirlər. Müxalıifətçilər söz-söhbət gəzdirilər ki, guya, camaatı bəzi namizədlərlə görüşə zorla aparırlar. Bizim ərazidə belə hallar baş verməyib. Əksinə, biz özümüz namizədlərlə görüşməkdə maraqlıyıq. Görüşə isə onların özləri gəlirlər. Sakinlərin hərəsinin bir arzu- istəyi, ehtiyacı var. Ona görə də deputatlığa namizədlərlə görüşdə çoxlu adam olur. Hər bir görüş sakit, heç bir xoşagəlməz hadisə baş vermədən keçir. Ona görə də növbəti görüşləri səbirsizliklə gözləyirik. 
68 saylı Cəlilabad kənd seçki dairəsinin əhatəsində olan Təzəkənd, Əliqasımlı və Qarakazımlı kənd sakinləri Məhərrəm Nağıyev, Vaqif Ağayev və Füzuli Əliyev söhbət zamanı bildirdilər ki, builki parlament seçkilərinin aşkarlıq şəraitində keçəcəyinə heç bir şübhə ola bilməz. Kim desə ki, seçiciləri deputatlığa namizədlərlə görüşə zorla, hədə-qorxu yolu ilə aparırlar, yalandır.
Məhərrəm Nağıyev: – Namizəd­lər səhərdən axşama qədər bizimlə bir yerdə olurlar. Həyətbəhəyət gəzirlər, dolanışığımızla maraqlanırlar. Açığını deyim ki, mən və qonşularım indiyə qədər belə şey görməmişdik. Artıq namizədlərin bəziləri ilə sıx dostluq edirik. Deyiblər ki, seçilməsələr də dostluğumuz davam edəcək. Bir stol arxasında oturub çay içmişik, söhbətləşmişik. Biz onları lap yaxından tanıyıb ən yaxşısına səs verəcəyik. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

29 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə