Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici mətbuat Azərbaycan haqqında

Xarici mətbuat Azərbaycan haqqında

Qırğızıstanın ­“AKİpress” xəbər agentliyi “Azərbaycanın Qırğızıstandakı səfiri Milli Kitabxanaya baş çəkib” sərlövhəli xəbər dərc edib. Xəbərdə bildirilir ki, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bişkekdə Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasını ziyarət edib və kitabxananın direktoru Jıldız Bakaşova ilə görüşüb. Agentliyin bildirdiyinə görə, səfirliyimiz bu il orada Azərbaycan mədəniyyəti, kitabxana sahəsində təcrübə mübadiləsi və ölkəmizin ən böyük kitabxanaları ilə informasiya fəaliyyəti ilə bağlı bir sıra tədbirlər keçirməyi planlaşdırır. 

Görüş zamanı kitabxananın direktoru Azərbaycan səfirliyinin kitabxana ilə uzun illərdir əməkdaşlıq etdiyini bildirib. O, gələcəkdə də ortaq layihə və tədbirlərin həyata keçirilməsi üçün əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. 
Rusiyanın “İnterfaks” agentliyi “Azərbaycan, Rusiya və Gürcüstan şərab tur marşrutu təşkil edilir” sərlövhəli məqalə yayımlayıb. Məqalədə tur marşrutun Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun (İter Vitis Europe) təşkilatçılığı ilə fəaliyyətə başlayacağı qeyd edilib. 
Azərbaycan Turizm Bürosunun əməkdaşı Şərifə Həsənova sözügedən layihənin təqdimatı zamanı bildirib ki, üç ölkəni əhatə edən bu layihə Qafqazda turizmin daha da inkişafına təkan verəcək: “Marşrut artıq fəaliyyətdədir. Hazırda şərab istehsal edən şirkətlərlə treninqlər keçirilir. Üç ölkənin şərabçılıq sahəsində təcrübə mübadiləsi də planlaşdırılır.”
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Azərbaycanın böyük turizm potensialı mövcuddur və bu layihə həm ölkə daxilində, həm də Qafqaz regionunda turizmin inkişafına töhfə verəcək.
Təqdimat mərasimində, həmçinin Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Avropa Mədəni Marşrutlar İnstitutunun şərab marşrutu üzrə prezidenti Emanuela Panke arasında şərab turizmi sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
Moskva hökumətinin naziri – Xarici İqtisadi və Beynəlxalq Əlaqələr üzrə Şəhər Departamentinin rəhbəri Serqey Çeremin “Vestnik Kafkaza” saytının müxbirinə Rusiya nümayəndə heyəti ilə Azərbaycana səfəri barədə danışıb. O, Moskva və Bakı arasında əlaqələri yeniləmək təşəbbüslərinin təkcə şəhər rəhbərləri tərəfindən deyil, eyni zamanda, Azərbaycan rəhbərliyi tərəfindən də dəstəklənməsindən məmnun olduğunu bildirib. Nazir qeyd edib ki, Moskva ilə Bakını tarixi dostluq, gözəl siyasi və xarici iqtisadi əlaqələr birləşdirir: “Sanksiyalar elan olunduqda Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü kəskin şəkildə artıraraq dostluq əlini uzadan ilk ölkə Azərbaycan oldu. Bu, bizim ümumi həyatımızdan sadəcə bir epizoddur. Bizim mədəniyyətimizi və tariximizi ayırmaq qeyri-mümkündür…”
S.Çeremin əlavə edib ki, Bakı ilə əlaqələri genişləndirmək üçün yaxın günlərdə əməkdaşlıq proqramının hazırlanması və imzalanması barədə razılaşma əldə edilib və bu bələdiyyə əlaqələrinin bütün sahələrini əhatə edəcək. 
“Bakıda Moskva günlərinin keçirilməsi barədə təklifimiz də əlaqələrimizin tarixində çoxdandır olmayan, pozitiv, Azərbaycan rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilən və dəstəklənən bir hadisədir. Biz, şəhər rəhbərliyi, ölkənin Baş naziri və eləcə də, Moskva ilə əməkdaşlıqda maraqlı olan müxtəlif nazirliklərin nümayəndələri ilə rəsmi görüşlər keçirdik.” 
Serqey Çeremin açıqlamasında bildirib ki, aprelin ikinci ongünlüyündə Bakıda Moskva günləri təşkil ediləcək. Bununla əlaqədar konsertlər keçirilməsi, sərgi və iqtisadi forumun təşkili planlaşdırılır.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

29 2020 01:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə