Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astara: gözəlliklərin ərsəyə gəldiyi məkan

Astara: gözəlliklərin ərsəyə gəldiyi məkan

Düz 75 il öncə Astaraya şəhər statusu verilib. Talış dilində “Astara” sözü “ulduz” anlamına gəlir. Elə ingilis dilindəki “star” sözü də həmin mənadadır. Bugünkü Astara şəhəri öz adını layiqincə doğruldaraq parlaq bir ulduz kimi ətrafına nur saçır. Astara eyni adlı çayın mənsəbində, sol sahildə yerləşir. Çayın sağ sahilində, İran ərazisində yerləşən şəhər və port da Astara adlanır və Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra şəhər iki yerə bölünüb. Əslən İran Astarasından olan unudulmaz xalq şairimiz Söhrab Tahir bu ayrılığı poetik dillə belə ifadə edib: “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha...” 
Əsrarəngiz təbiəti, digər özəllikləri bir yana, Astaranın dənizkənarı park-bulvar kompleksi indi şəhərin vizit kartı sayılır. Burada hər şey var. Qədim tariximizdən soraq verən möhtəşəm qala divarları, fəvvarə kompleksi, süni şəlalələr, atçılıq mərkəzi, velosiped zolağı, attraksionlar, oturacaqlar, çimərlik...  İlk mərhələdə 5 hektar ərazidə yaradılan bulvarın uzunluğu 700 metr olsa da, parka gələnlərin sayı gündən-günə artdığından ərazini genişləndirmək zərurəti meydana gəldi. Çox keçmədi ki, bulvarın ərazisi 20 hektara, uzunluğu isə 1,5 kilometrə  çatdırıldı. Astaraya son səfərimiz bir qış gününə təsadüf etsə də, bulvarda gəzib-dolaşanların sayı yenə də çox idi.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev söhbət zamanı dedi ki, sosial-iqtisadi inkişaf Astaranın ucqar bölgələrinə qədər gedib çatır. 
-Son vaxtlara qədər babat bir yolu, hətta işığı belə olmayan kəndlərin də artıq üzü gülür. Şəhərin estetikasına isə daimi fikir veririk. Bu da təsadüfi deyil. Çünki Astara müstəqil dövlətimizin “cənub qapısı”dır. Ölkəmiz haqqında ilk təəssürat məhz burada formalaşır. Odur ki, bir əlimiz elə Astara şəhərinin üstündədir. Bu şəhərin xüsusilə gülərüz siması var. Hər addımda möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı hiss olunur. Hələ indiyədək Astaranın inkişafı ilə bağlı elə bir müraciətimiz olmayıb ki, yuxarı orqanlarda müsbət cavablandırılmasın. Astaralılar da bundan ruhlanaraq dogma diyarın yüksəlişi naminə səylərini artırırlar. Tutduğu vəzifədən asılı olmayaraq, hər kəs yurdun yüksəlişinə töhfələr vermək əzmindədir. Vaxtaşırı ərazilərdə keçirdiyimiz səyyar qəbul-görüşlərdə bunun dönə-dönə şahidi oluruq. Camaat şəxsi məsəllələrindən çox ümumi qayğılardan danışır, təəssübkeşlik ovqatı nümayiş etdirir.
Zəhmət heç də hədər getmir. Qonşu İrandan, dəgər ölkələrdən ölkəmizə gələn qonaqlar Astaranı görüb heyranlıqlarını gizlətmirlər. İşıqlı aura, geniş və səliqəli küçələr, meydanlar, parklar hamıda xoş təəssürat yaradır.
-Bizim 75 yaşlı hazırkı şəhərimizin şərəf tarixi də zəngindir, -deyə RİHB-in şəhər inzibati ərazi dairəsi üzrə  nümayəndəsi Şahverən Cavadov bildirdi. -Dünyaca məşhur şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, həmçinin “Qızıl ulduz”lu digər iki astaralı - Mirzə Cəbiyev və İlya Kaverin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirli, tanınmış uroloq, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev, Azərbaycanda ilk rok operettanın müəllifi, bəstəkar Oqtay Kazımi və başqaları burada doğulub boya-başa çatıblar. 
Yeri gəlmişkən, Şahverən Cavadov həm də gözəl təbli şair, mərhum Söhrab Tahirin layiqli davamçısıdır. Vaxtilə “Çeşmələr” ədəbi birliyinin fəal üzvlərindən olub. O da, qələmdaşları da rayonun ictimai-siyasi və mədəni həyatına fəal qatılmaqla bərabər, doğma yurdun gözəlliklərini vəsf edir, zəfər salnaməsini yaradırlar. Bir neçə il öncə onun Naxçıvan səfəri, Əshabi-Kəhf ziyarəti barədə oxuduğum çox dəyərli bədii-publisistik qeydləri hələ də yadımdadır. Yazı  başdan-başa vətənsevər duyğularla yoğrulmuşdu.  
Yurdu gözəlləşdirən elə bu duyğulardır. Ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağına da həmin ruh hakim kəsilmişdi. Bildirildi ki, rayonun həyatında yeni səhifə açan beynəlxalq əhəmiyyətli Ələt-Astara yolunun istifadəyə verilməsi, park-bulvar kompleksinin genişləndirilməsi, ərazilərə içməli suyun çəkilməsi şəhərin tarixinə yazılan parlaq səhifələrdir. Küçə və səkilər müasir tələblər səviyyəsində yenidən qurulub, yaraşıqlı hasarlar tikilib, işıqlandırma sistemi təzələnib, quruculuq işləri geniş vüsət alıb. Başlıca məram əhalinin rahatlığını təmin etmək, yaşayış tərzini yaxşılaşdırmaqdır.
Rayonda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına xüsusi həssaslıqla yanaşılır. Son illər növbə əsasında 27 şəhid ailəsi, 35 nəfər Qarabağ əlili, 7 nəfər Çernobıl əlili, 1 nəfər Əfqanıstan əlili   fərdi yaşayış evi ilə təmin olunub. Bu qəbildən olan ailələr üçün evlərin tikintisi davam etdirilir.
Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Astara şəhərində istismar müddəti başa çatmış evlərin sakinləri üçün 48 mənzilli müasir yaşayış binasının tikilərək istifadəyə verilməsi, digər bir sərəncamla isə torpaq sürüşməsindən ziyan çəkmiş sakinlər üçün 36 mənzilli binanın inşasına başlanılması əhali tərəfindən hədsiz razılıqla qarşılanıb. Ötən il şəhid və əlil ailələri üçün 3 fərdi yaşayış evi tikilərək onlara təhvil verilib. Bu günlərdə icra başçısı növbəti dəfə şəhid ailələrinin nümayəndələrini qəbul edib və onların sosial-məişət qayğıları ilə yaxından maraqlanıb.
Şəhərdəki ictimai binalarda ardıcıl olaraq təmir işləri görülüb, dam örtükləri dəyişdirilib, fasadlar yenilənib. Bir sıra küçədə yeni səki daşları qoyulub, yollar asfaltlanıb, su arxları qaydaya salınıb. Prezidentin ayırdığı vəsait hesabına, sel sularından qorunma məqsədilə Astaraçayda 90 poqonometr sahilbərkitmə işi aparılıb, su kanalları qazılıb, 45-dən artıq bənd təmizlənərək açılıb. Dekabr ayında şəhərin Giləkəran yaşayış massivində təşkil olunan səyyar qəbul-görüşdə bu işlər təqdir edilib, bəzi çatışmazlıqların isə aradan qaldırılması üçün konkret addımlar atılacağı bildirilib.  
Astaraya gələn turistlərin sayının bir neçə dəfə artması burada yeni mehmanxana və hotellərin, istirahət mərkəzlərinin, idman komplekslərinin, ticarət və iaşə obyektlərinin tikintisini zəruri edib. “Zirvə” beynəlxalq idman klubu tərəfindən mötəbər yarışların keçirilməsi üçün 120 nəfərlik tamaşaçı tutumu olan basketbol meydançasının, 28 May küçəsində 4 ulduzlu hotelin inşası davam edir.
Şəhərin küçələrində qurumuş ağaclar kəsilərək, yeni tinglər əkilib, Heydər Əliyev parkında və bulvar ərazisində müxtəlif gül kolları basdırılıb, yanmış dekorativ ağaclar yeniləri ilə əvəzlənib. Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar müxtəlif idarələr tərəfindən 4000 ədəd müxtəlif növ ağac əkilib. İDEA ictimai birliyinin təşəbbüsü ilə rayon ərazisində salınan sosial bağda 2 hektar sahədə 1250 ədəd feyxoa bitkisi əkilərək bir şəhid ailəsi, bir Qarabağ əlili və daha bir aztəminatlı ailəyə təhkim olunub. 
Astara əsasən kənd təsərrüfatı rayonudur. Şəhərin də ətraf ərazisində əkinlər aparılır, məhsul bolluğuna zəmin yaradılır. Ötən il şəhər üzrə 571 hektar sahədə əkin keçirilib. Üstəlik, 64 hektarda yonca sahəsi var, 18 hektarda çəltik əkini həyata keçirilib. Əkinə yararlı torpaqların dövriyyəyə buraxılması aqrar sahənin inkişafına qayğı kimi dəyərləndirilməlidir. 
Astarada həyata keçirilən və əsasən son illəri əhatə edən tərəqqi layihələri, yeni arxitektura nümunələri, müasir şəhər elementləri diqqət çəkir, iftixar hissi yaradır. Dövlətin davamlı qayğısı, rayon rəhbərliyinin idarəetmə potensialı, insanlara həssas münasibət, rayonda yaradılan işgüzar ovqat  hər kəsin inamının və fəallığının artmasına səbəb olur.  
...Tanınmış rejissor Nazim Abbas Astara haqqında iki sənədli filmin müəllifidir. 1975 və 1980-ci illərdə çəkilmiş həmin filmlərə baxan hər bir azərbaycanlının qəlbini cənnətməkan diyarla bağlı qürur duyğuları bürüyərdi. Ötən onilliklərdə isə Astara insan əllərinin sığalı ilə daha da gözəlləşib. Müqayisə edəndə istər-istəməz düşünürsən: o vaxtkı Astara hara, bugünkü hara?! Çağdaş dövrün Astarası artıq gülləri pardaxlanmış gözəl, ətirli bir bağçadır. Burada sanki daşlar da çiçək açıb. Baxmaqla doyulmaz.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin 
bölgə müxbiri

29 2020 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə