Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal istiləşmə ilə mübarizə gücləndirilməlidir

Qlobal istiləşmə ilə mübarizə gücləndirilməlidir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumundakı çıxışında deyib ki, əgər parnik qazları emissiyalarının ən iri istehsalçıları bu tullantıları azaltmasalar, Yer kürəsində həyat iflic olar. 

Baş katibin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin çoxu və Avropa İttifaqı (Aİ) əsrin ortalarına qədər “karbon neytrallığı”na nail olmaq barədə öhdəliklər götürüblər, lakin emissiyaların ən iri istehsalçıları bu qərarın yerinə yetirilməsini ləngidirlər. Baş katib dünyanın ən iri və inkişaf etmiş ölkələrini qlobal istiləşməni dayandırmağa yönəldilmiş tədbirləri davam etdirməyə çağırıb.
O qeyd edib ki, hökumətlərin sərəncamında dünya iqtisadiyyatını “yaşıllaşdırmaq” üçün zəruri vasitələr var. Belə tədbirlərdən biri, məsələn, qazıntı yanacağı hasilatı üçün subsidiyaların azaldılması ola bilər. Baş katib deyib: “Mən vergi ödəyicisi kimi bununla barışa bilmirəm ki, ödədiyim vergilər qasırğaların güclənməsinə, mərcanların rəngini itirməsinə və buzlaqların əriməsinə sərf edilir”.
Onun fikrincə, iqlim dəyişmələri müasir dövrün əsas problemidir. A.Quterreş əmindir ki, bu problem planetimiz üçün təhdid mənbəyidir və inkişafa mane olur. Quterreş Davosdakı çıxışında özəl sektor nümayəndələrinə müraciət edərək hər hansı layihənin reallaşdırılması zamanı bunun ekoloji nəticələri barəsində düşünməyə çağırıb. BMT rəhbəri vurğulayıb ki, maliyyə təsisatlarının çoxu investisiya barədə qərar qəbul edərkən bu məqama diqqət yetirməlidirlər.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti” 

29 2020 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə