Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: Xeyirxah əməllərin ünvanı

“Xalq qəzeti”nin RİH ilə birgə tədbiri

Yazının sərlövhəsini tərəddüd etmədən yazmışam. Çünki Şəmkir neçə illərdir bu işdə əməlli-başlı fərqlənir, sözün əsl mənasında, nümunə göstərir. Könüllü olmaq, xeyirxahlıq, mərhəmət göstərmək sanki bu rayonun, necə deyərlər, boyuna biçilib...

Hələ bir neçə il qabaq, dəqiq desək, 2015-ci ilin iyununda  icra hakimiyyətinin rəsmi Facebook səhifəsində maraqlı bir məlumata və şəklə rast gəldim.Deməli, orta məktəb şagirdləri rayon icra hakimiyyəti başçısının otağındadırlar. Biri başda, rayon rəhbərinin yerində, digərləri qarşıdakı stolun ətrafında əyləşiblər. “Başçı” tapşırıq verir, “hesabat” tələb edir, hətta danlayır...

Maraqlı layihə, başqa sözlə, könüllülüyün ilk cücərtisi sayılan bu təqdimat “Əgər mən rəhbər olsaydım...” adlandırılmışdı və rayonun bütün müəssisə və təşkilatlarına yayılmışdı.Biri təhsilin “müdiri” olmuşdu. Digəri baş həkimi “əvəzləmişdi”. Başqa birisi çörək zavodunu “idarə etmişdi”…O zaman qəzetimizdə bu barədə yazı da getmişdi.

Aradan neçə illər keçsə də bu maraqlı layihə haqqında rayonda hələ də söhbət gedir, o “rəhbərlər” xatırlanır. Hətta həmin uşaqların hansı ali məktəbdə oxumasını, hansı ixtisası seçməsini rayonda az qala hamı bilir.Yeri gəlmişkən qeyd edim ki, Şəmkirdə heç bir tədbir nəyinsə xatirinə, formal, ən başlıcası müvəqqəti keçirilmir. Elə bu faktın özü göstərir ki, irəli sürülən təşəbbüslərin sonda nə il nəticələnəcəyini hamı gözləyir. Burada bir məsələni qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xeyirxah təşəbbüslərin hamısını nəinki dəstəkləyir, köməklik göstərir, eyni zamanda, onların daimi, həm də səmərəli olmasını müntəzəm izləyir, hesabatlarını dinləyir, tədbirlərində iştirak edir, ruhlandırır, mükafatlandırır, hər yerdə onların bu təmannasız əməllərini təqdir edir, geniş yayılmasına çalışır.

“Gənc həkimlər” Birliyimiz yaradılanda bir çoxları elə bilirdi ki, bu, müvəqqəti bir kampaniyadır, gəlib keçəcək. Amma elə ki, gənc həkimlər  kəndləri, qəsəbələri bir-bir gəzməyə başladılar, adamları təmənnasız müayinə və müalicə etməyə başladılar, o zaman əhali arasında onlara tamamilə başqa bir isti münasibət yarandı,bu xeyirxahların yollarını səbirsizliklə gözləməyə başladılar...

Bayaqdan rayon rəhbərini dinləyirəm. Bu, xeyirxah birliklər, könüllülər haqqında elə həvəslə danışır ki, sanki ən doğmaları haqqında məlumat verir. On beş-iyirmi nəfər könüllü də buradadır, dövrə vurub əyləşiblər. Rayon gənclər və idman idarəsini rəisi Emin İsmayılov, icra hakimiyyəti aparatının mətbuat xidmətinin rəhbəri Elgün Seyid də disskusiyada iştirak edirlər. Belə bir formatda görüşün məhz burada, Gənclər evində baş tutması isə bilavasitə rayon rəhbərinin təşəbbüsüdür. Dedi ki, rayonda könüllülük hərəkatı haqqında təkcə özü məlumat versə maraqsız olar. Qoy onlar özləri də iştirak etsinlər, danışsınlar, ürək sözlərini desinlər.

Rayon icra hakimiyyətinin başçısı: – Könüllülük təkcə gənclərlə, işlə təminatla bağlı bir məsələ deyil. Bu, bir xeyirxahlıq missiyasıdır.  Сənab Prezidentimizin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncamında deyilir ki, “könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir”. Yəni könüllülüyü gənclərlə, onların iş təminatı ilə məhdudlaşdırmaq olmaz. O gün Şəmkirin su təchizatı və kanalizasiya xəttinin yenilənməsi ilə bağlı müşavirə keçirirdik.Bir neçə rayon ağsaqqalı gəldi ki, biz də iştirak etmək istəyirik. Görək nə iş görmək istəyirsiniz, nə qədər vəsait ayrılıb, hara, necə xərclənəcək? İnanın o qədər sevindim. Məgər könüllülük deyil? Əlbəttə könüllülükdür və biz belə işləri, təşəbbüsləri alqışlayırıq. Hətta xahiş etdim ki,  tədbirlərimizdə tez-tez iştirak etsinlər.

“Gənc həkimlər” Birliyimiz insanlara təmannasız xidmət göstərirlər. Könüllülük deyil? Təbii ki, könüllülükdür. Yaxud “Gənc müəllimlər” Birliyi. Müxtəlif məktəblərin müəllimləridir. Özlərinin iş yerləri də var, dərs dedikləri şagirdlər də.  Amma bu müəllimlər qərara alıblar ki, Şəmkirin bütün məktəblərində tədrisin keyfiyyətini və səmərələliyini artırsınlar. Məni sevindirən odur ki, onlar müəyyən mənada buna nail ola biliblər. Belə bir fakta diqqət yetirin. Şəmkir təhsil göstəricilərinə görə respublikada 69-cu yerdə gedirdi və bu fakt bizi hədsiz narahat edirdi.Heç cür bunu özümüzə yaraşdıra bilməzdik. Nə rayonun adına-sanına, nə coğrafi mövqeyinə, nə tarixi ənənələrinə, nə də əzab-əziyyətimizə. Bu birlik işə qarışdı, məktəblərə getdi, konkret kömək göstərməyə başladı.Həmin müəllimlər test sualları hazırladılar, digər tədris- metodiki köməklik göstərdilər. Təsəvvür edirsinizmi, bir ilə 69-cu yerdən 35-ci yerə çatdıq. Nəyin hesabına? Yenə könüllülüyün hesabına, təmannasız köməyin hesabına.

“Gənc müəllimlər” Birliyinin xidmətləri, bu xeyirxah missiyanı həyata keçirənlərin işi təkcə tədrisin keyfiyyətini yaxşılaşdırmaq, göstəriciləri heç olmasa, orta respublika səviyyəsinə çatdırmaqdan ibarət deyil. Birliyin üzvləri əsl ideoloji iş aparan bir quruma çevrilib. Bir fakt. Gizlətmirəm, tez-tez məktəblərə baş çəkirdim və görürdüm ki, uşaqların demək olar ki, böyük əksəriyyəti Azərbaycan himnini bilmir. Bu, məni narahat etdi. Birlik üzvləri bu vacib məsələnin həllini öz üzərlərinə götürdülər və məsələ kökündən həll olundu. Bu gün maraq üçün istənilən məktəbə, istənilən sinfə daxil olun. Görün xorla, bir nəfər kimi himnimizi necə oxuyurlar! Təqdirəlayiq bir işdirmi? Təbii ki, cavabınız müsbət olacaq.

Yarandığı vaxtdan bu günədək çox işlər görüblər. Lakin mənim onlardan gözləntilərim daha çoxdur. Razılaşın ki, rəhbərlik etdiyim icra hakimiyyəti aparatının humanitar şöbəsində olan 7-8 nəfər işçi ilə bu işləri görmək sadəcə mümkün deyil.

“Gənc şahinlər” hərəkatını yaratmışıq. Hərçənd ilk vaxtlar bəziləri buna bir qədər qısqanclıqla yanaşırdı. Buna komsomol və pionerin, bir növ,  “əkiz qardaşı” deyirdilər. Amma biz sübut etdik ki, heç bir yerdə bu nizamda, bu intizamda, bu vətənpərvərlik ruhunda şahinlərə rast gəlmək mümkün deyil. Bunu mən tam əminliklə deyirəm. Əslində bu işdə rayon gənclər və idman idarəsinin əməyini qeyd etməmək mümkün deyil. Lakin burada da könüllülərin rayonda bu işi nizama salınmasında və respublikada ön sırada getməsində hədsiz xidmətləri var və bunu heç kim dana bilməz. Hərbi müəllim var – Çingiz müəllim. Yolu Qarabağ döyüşlərindən keçib. O qədər işinə məsuliyyətlə yanaşan insandır ki...Uşaqları elə öyrətdi ki, sanki peşəkar hərbçilərdir. Onların içərisində mənim “general”ım var. Yerişi, duruşu, əmrləri elə generalsayağıdır. Çox arzulayırdım ki, o, hərbçi olsun. Çünki bütün varlığı ilə bu şərəfli peşəyə bağlanıb. Siz inanırsınız, eşidəndə ki, “general”ım, Elcan Həsənov Ankara Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub, sevincimdən və həyacanımdan həmin gecə yata bilməmişəm. O, qeyri adi bir istedaddır.

“Gənc şahinlər” hərakatı bu gün Şəmkirdə elə kütləvi xarakter alıb ki, rayonda hərbi-vətənpərvərlikdən söhbət düşəndə ilk olaraq onlar göz önünə gəlir.

Emin İsmayılov, rayon gənclər və idman idarəsinin rəisi: – Əvvəllər zona yarışlarında ən yaxşı halda güc-bəla ilə 10-cu yerə çıxırdıq. Elə ki, 2015-ci ildən başlayaraq RİH bu işi nəzarətə götürdü, biz bir il sonra sanki sıçrayış etdik və 2016-cı ildə birinci yerə çıxdıq. Sonrakı illərdə də yüksək yerləri əldən vermədik. 2017 və 2018-ci illərdə ikinci yerə, keçən il isə yenidən birinci yerə layiq görüldük.Respublika yarışlarında uğurla çıxış etdik.

Alimpaşa Məmmədov: - Bilirsiniz, könüllülük hərəkatından saatlarla danışmaq olar. Şəmkirdə bu sahədə elə bir sistem yaradılıb ki, illər keçəcək o nəinki dəyişməz qalacaq, əksinə daha da təkmilləşəcək, inkişaf edəcək, yeni çalarlarla  zənginləşəcək: “Gənc liderlər”, “Gənc tərbiyəçilər”, “Gənc xeyriyyəçilər”

...Bunlar və bayaq adlarını çəkdiyimiz digər könüllü birlikləri özündə birləşdirən “Böyük yol” Gənclər İctimai Birliyi dövlətin gənclər siyasətinə öz töhfəsini verən bir hərəkata çevrilib.

Prezidentimizin imzaladığı sərəncamda bir məqama diqqət yetirək: “Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır”. Bu, bilirsiniz nə deməkdir? Yəni bu günün gənci dünənki gənc deyil. O, daha kreativ, daha fəal, daha vətənpərvər, daha təşəbbüskardır... Şəmkirdə onların hər birinin fəaliyyəti dərindən izlənilir, ən fəallar ictimai işlərə cəlb olunur, icra orqanlarında onlara geniş yer verilir. Elə bu fakt kifayət edər ki, hazırda rayon icra hakimiyyətində çalışanların 7 nəfəri könüllülük əsasında fəaliyyət göstərdikdən sonra diqqətimizi cəlb edib və onlar daimi işə qəbul olunublar.

Burada mən vacib bir məqama toxunmaq istəyirəm. Könüllülük təkcə icra aparatı ilə məhdudlaşdırılmamalıdır. Fikrimcə, könüllü gənclər səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə də özlərini göstərə bilərlər. Sadəcə olaraq, həmin sahələrdə onlara şərait yaradılmalıdır. Məsələn, nəyə görə gələcəkdə stomatoloq olmaq istəyən gənc bir müddət klinikaya gəlib-getməsin, təcrübə qazanmasın? Yaxud, aqronom arzusunda olan gəncin kənd təsərrüfatı idarəsində könüllü kimi çalışmasına şərait yaratmaq olmazmı?! Bizim özümüzün bu sahə üzrı xüsusi planlarımız var və qeyd etdiyim işləri mütləq həyata keçirəcəyik. Məsələn, Mərkəzi Xəstəxana üçün böyük, müasir bir kompleks tikilib. Açılışını etdikdən sonra arzularımızı reallaşdıracağıq.

Könüllülük hərəkatı bütün sahələrdə bizim köməyimizə gəlib. Ona görə cənab Prezidentimizə minnətdarıq ki, 2020-ci ili “Könüllülər ili” elan etməklə bu hərəkata yeni bir təkan vermiş oldu, onun daha geniş yayılmasına şərait yaratdı.

Uşaq bağçalarımız yaxşı vəziyyətdə deyildi. Söhbət təkcə onların binalarının pis vəziyyətdə olmasından getmir. Bu illərdə Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın yaxından köməyi sayəsində müasir bağçalar tikilb istifadəyə verdik, qüvvələri səfərbər edib əsaslı təmir işləri apardıq və sair. Söhbət ondan gedir ki, bu bağçalarda  təlim-tərbiyə işləri  aşağı səviyyədə idi. Bağçaların bir çoxunda təsadüfi işçilər mürgü vura-vura günlərini keçirirdilər. Belə olan halda könüllülər – “Gənc tərbiyəçilər” Birliyi işə qarışmalı oldu.Birlik yerlərdəki vəziyyəti dərindən araşdırmağa, təhlil aparmağa və təbii ki, bizə ətraflı məlumat verməyə başladı. Elanlar dərc etdik, müsabiqələr keçirdik, ən yaxşı, bu işə böyük həvəsi olan gəncləri işə qəbul etdik. Bunların hamısını danışıb vaxt almaq istəmirəm. Bircə onu demək istəyirəm ki, biz istədiyimizə nail ola bilmişik.Şəmkirin bağçaları nümunəvi təlim-tərbiyə ocaqlarına çevrilib. Onların geyimindən tutmuş hər bir məişət, gigeyenik şəraitinə qədər gözəldir. Gənc tərbiyəçilərin köməyi ilə ayda bir dəfə elə burada “Bağçanın təqdimatı”nı keçiririk. Bu, bir növ onların hesabatıdır.

Qoşqar Qurbanov, “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri: – Mən iftixar hissi keçirirəm ki, belə bir hərəkata rəhbərlik edirəm. Bilirsiniz bu birliklər, qruplar elə-belə yaranmayıb. Bunların arxasında yuxusuz gecələr, əzab-əziyyət və bir də ki, qətiyyət, inam dayanır. Biz ölkə rəhbərimiz cənab İlham Əliyevə çox minnətdarıq. Çünki gənclər üçün elə şərait, elə imkan yaradıb ki, qətiyyən boş vaxt keçirmək istəmirsən. Rayon icra hakimiyyəti bu hərəkatın önündə gedir. Bizi elə ruhlandırır ki, sabaha, gələcəyə böyük nikbinliklə yanaşırıq. Həm də nöqsanlara qarşı barışmaz olmuşuq. Rayonda bizi barmaqla göstərəndə qəlbimiz dağa dönür.

Suğra Namazova, Gənclər evinin işçisi: – Burada düz bir il könüllü kimi fəaliyyət göstərdim. Nə tapşırdılar, həmin an yerinə yetirməyə çalışdım. Digər tərəfdən, təşəbbüskar olmağa çalışdım, müxtəlif tədbirlərin təşkilində yaxından iştirak etdim. Günlərin bir günü gördüm ki, əmrimi verib işə götürüblər. İndi maaş da alıram, yeri gələndə mükafat da. Könüllü gənclərə tövsiyəm odur ki, qətiyyən tələsməsinlər. Getdikləri kollektivə qaynayıb-qarışsınlar.Başlıcası isə təşəbbüskar, fəal olsunlar.

Tərlan Muxtarova, Gənclər evinin könüllülər üzrə koordinatoru: – Bugünkü tədbir ürəyimdən xəbər verdi. Buna görə “Xalq qəzeti”nin rəhbərliyinə, rayon icra hakimiyyətinə könüllülər adından dərin minnətdarlığımı bildirirəm. Yenicə qədəm qoyduğumuz 2020-ci il “Könüllülər ili”dir. Arzu edirəm və inanıram ki, şəmkirlilər bu sahədə əllərindən gələni əsirgəməyəcək və yenə də öndə gedəcəklər.

Söhbəti qələmə aldı:
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

28 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə