Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mixail Şvıdkoy: Bu konfransın hər iki ölkə üçün çox mühüm əhəmiyyəti var

Mixail Şvıdkoy: Bu konfransın  hər iki ölkə  üçün çox mühüm əhəmiyyəti var

"Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı təkcə humanitar əməkdaşlıq məsələlərini deyil, həm də iqtisadi, təhsil və elm sahələrində əlaqələri əhatə edirdi". Bunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı çərçivəsində deyib. O bildirib ki, bu konfrans vacib əhəmiyyət kəsb edir: "Qeyd etmək lazımdır ki, on il əvvəl bu cür tədbir Bakı Beynəlxalq Humanitar Forumunun başlanğıcı oldu. İndi bu forum böyük əhəmiyyət qazanıb, müxtəlif ölkələrdən çoxlu sayda nümayəndələrin diqqətini cəlb edir".

M.Şvıdkoy qeyd edib ki, Bakıda keçirilmiş  konfrans Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsini və xarakterini nümayiş etdirir: "Konfrans hər iki ölkə üçün vacibdir, çünki mədəni, iqtisadi, elmi məsələləri, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir. Əlbəttə ki, biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdə tutmuşuq. Fikrimcə, bugünkü konfrans bunu yüksək səviyyədə təsdiq edəcək. Bizim böyük planlarımız var".

Qeyd edək ki, Bakıda Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" üçgünlük  konfrans keçirildi. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilmişdi.

Konfrans çərçivəsində "Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır" mövzusunda keçirilən “dəyirmi masa”da Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyi  baş direktorunun birinci müavini Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirlərdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak etmişlər.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2020 12:32 -

Köhnə versiyamızdan xəbərləri izlə