Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici mətbuat Azərbaycan haqqında

Türkiyənin Elazığ bölgəsində baş vermiş güclü zəlzələ ilə əlaqədar Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub Türkiyənin aparıcı media orqanlarında, o cümlədən “Sabah” qəzetində işıqlandırılıb. Məktubda qeyd edilir: “Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Kanadanın “Kamloops This Week” nəşrində “Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri” sərlövhəli məqalə işıq üzü görüb. Məqalədə müəllif İren Batlerin Azərbaycana səfər təəssüratları, onun Bakının tarixi məkanları, xüsusilə də İçərişəhər, Qobustan, Yanardağ, eləcə də palçıq vulkanları barədə söhbət açılır. 
Müəllif səsli-küylü Bakıda insana zövq verən işlərdən birinin Xəzərin sahili boyu gəzinti olduğunu qeyd edib və ölkəmizin neftlə zəngin olduğunu xatırladaraq, məşhur Ceyms Bondun filmlərindən olan “Dünya kifayət deyil” filminin bir səhnəsi bu neft mədənlərindən birində çəkildiyini vurğulayıb. 
Məqalədə, həmçinin turistləri ilk baxışdan heyran qoyan İçərişəhərdən xüsusi bəhs edilir: “Gəzinti üçün ideal məkanlardan biri də paytaxtın divarlarla əhatə olunmuş, “İçərişəhər” adlanan hissəsidir. Buranın daş döşənmiş küçələri labirinti xatırladır. İçərişəhərdə çox sayda qədim tikili var ki, onların bir hissəsi bu gün kiçik otel kimi fəaliyyət göstərir. Buradakı restoranların çoxu karvansara üslubunda dizayn edilib. Hər addımda qarşınıza çıxan suvenir dükanlarında xalçalar, mis məmulatlar və s. satılır. İçərişəhərdə yerləşən və UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınmış abidələr hər kəsin diqqətini cəlb edir. Misal kimi, daşdan tikilmiş qədim Qız qalasını göstərmək olar. Ekspertlər hesab edirlər ki, bu tikili uzun müddət həm müdafiə qalası, həm rəsədxana, həm də dini ayinlərin icra olunduğu məkan kimi istifadə edilib”.
Məqalədə qeyd edilir ki, dünyanın aparıcı neft şirkətləri Xəzər dənizindəki neft yataqlarının istismarına 1994-cü ildən investisiya yatırmağa başlayıblar. Dünyanın ikinci böyük neft kəməri olan, Azərbaycandan Türkiyəyə qədər uzanan Bakı-Tbilisi-Ceyhan xətti də məhz bundan sonra tikilib. Nəticədə Azərbaycan neftinin Qərb bazarlarına çatdırılması mümkün olub. Bakı şəhəri 2005-ci ildən, yəni məhz neft kəmərinin işə düşməsindən sonra çiçəklənməyə başlayıb. Müəllif, həmçinin Qobustandakı qayüstü təsvirlərdən, eləcə də palçıq vulkanlarından, Yanardağdan bəhs edərək onları Azərbaycanın qeyri-adi inciləri adlandırır: “Qobustandan təxminən 10 kilometr cənubda palçıq vulkanlarının yerləşdiyi yarımsəhra landşaftı var. Qum təpəsinin üzərində yerləşən, boz rəngli soyuq palçıq vulkanı aramla köpüklənir və ətrafa yayılır. Palçıq vulkanına baxmaq üçün buradakı təpənin üzərinə çıxmaq lazımdır. Vulkan sanki ifritənin qaynayan qazanıdır. Dünyadakı palçıq vulkanlarının yarıdan çoxu, yəni təxminən 400-ü Azərbaycanda yerləşir. Bu əlçatan məkanda isə 50 palçıq vulkanı var. Burada siz yalnız palçıq vulkanlarının və küləyin səsini eşidəcəksiniz...” 
Məqalədə, həmçinin Azərbaycanın müasir, dünyəvi, demokratik müsəlman ölkəsi olması, heyranedici coğrafi fenomenlərin mövcudluğu, möhtəşəm ölkədə qədimliklə müasirliyin vəhdət təşkil etməsi xüsusi vurğulanır.
Pakistanın ingilis dilində nəşr edilən “National Herald Tribune” qəzetində fevralın 9-u ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar məqalə işıq üzü görüb. Riaz Ahmad Malinin yazdığı məqalədə Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olması qeyd edilir. Ölkədə parlament seçkilərinə hazırlıq prosesi, namizədlərin qeydə alınması və s. istiqamətdə görülən işlər barədə geniş məlumat verilir.
Məqalədə müstəqil ekspert Mahmood ul Hasanın fikirlərinə də yer ayrılır. O, Azərbaycanda çox sayda müstəqil namizədin seçkidə iştirakını alqışlayır və bu faktın ölkənin siyasi və demokratik yetkinliyinin sübutu olduğunu bildirir. O deyir ki, Azərbaycan Konstitusiyası şəffaf seçkilərdə rəqabətə və siyasi azadlığa təminat verir. Məqalədə qeyd edilir ki, ədalətli, azad və şəffaf seçkilər müasir dünyada siyasiləşmə və demokratikləşmənin yüksək səviyyəsinə çatmaq üçün olduqca önəmlidir. Müəllif Azərbaycanda müntəzəm olaraq seçki keçirilməsi, nəticədə ölkənin siyasi yetkinlik və iqtisadi tərəqqi yolunu tutduğunu vurğulayır. Müəllif məqaləsini bu fikirlə bitirir: “Qarşıdan gələn parlament seçkiləri mövcud siyasi sistem və iqtisadi islahatlar üçün çox vacibdir”. 

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

 

27 2020 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə