Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan cəmiyyətində çox yüksək seçki əhval-ruhiyyəsi hökm sürür”

“Azərbaycan cəmiyyətində çox yüksək seçki əhval-ruhiyyəsi hökm sürür”

Seçki günü yaxınlaşdıqca mübarizə daha da gərginləşir. Bütün dairələrdə hazırlıq işləri davam etdirilir. Bu işlərin 21 saylı Nəsimi birinci seçki dairəsindəki vəziyyəti ilə tanış olmaq üçün DSK sədri Çingiz Dadaşovla əlaqə saxladıq. Ç.Dadaşov təcrübəli seçki texnoloqu kimi tanınır. O, beynəlxalq miqyaslı tədbirlərdə dəfələrlə iştirak edib, hətta belə kurslarda seçki texnologiyasındakı yeniliklər barəsində məlumat verib. Parlament seçkilərinə hazırlıq işləri barəsində məlumat verən Ç. Dadaşov, ilk növbədə, fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanıldığını bildirdi.

– Maarifləndirmə işləri ilə əlaqədar nə deyə bilərsiniz?

– Bu məsələ xüsusi önəm kəsb edir. Çünki maarifləndirmə tədbirlərində qarşıya qoyulan vəzifələr seçki günü mühüm rol oynayır. İndiyədək Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlər, müşahidəçilər, KİV nümayəndələri və polis əməkdaşları üçün yaddaş kitabçaları nəşr edilib. Hamısını almışıq və vaxtında məntəqə seçki komissiyası üzvlərinə çatdırmışıq. Bu günlərdə “Seçki günü üçün Yaddaş” kitabçası da hazırlanıb. Bu, hər bir komissiya üzvü üçün stolüstü kitabçadır. Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmış kitabça və təlimatlar məntəqə seçki komissiyalarının üzvlərinin öz vəzifələrini düzgün və qanunun tələblərinə uyğun surətdə yerinə yetirmək üçün göstərilən əsas sənədlərlə dərindən tanış olmaları üçün hazırlanıb. Bir neçə gündür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan maarifləndirmə proqramı çərçivəsində növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb. Onu da qeyd edim ki, Mərkəzi Seçki Komissiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində ərsəyə gələn treninq layihəsinin əsası hələ 2002-ci ildə qoyulub. Bu layihə seçkidən-seçkiyə daha da təkmilləşdirilmiş və 2008-ci ildən etibarən forma və məzmunca xeyli genişləndirilmişdir. Maarifləndirmə xarakteri daşıyan treninqlər mütəmadi qaydada bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol ­oynayır.

– Dairə seçki komissiyası və əhatənizdə olan seçki məntəqələrində vəziyyət necədir?

– Bütün işlərimizi Seçki Məcəlləsi və digər qanunvericilik aktlarının tələbləri əsasında qurmuşuq. Builki seçkilərdə dairədə 34 min 397 seçicinin səs verəcəyi müəyyənləşdirilib. Artıq onların dəqiqləşdirilmiş siyahıları 29 seçki məntəqəsi üzrə əlverişli yerdən asılıb. 50 nəfər ilk dəfə səs verəcək. Onlarla görüşlər keçirilir, seçkinin əhəmiyyəti barədə məlumatlar verilir. Gənclərimizin xoş sədaları artıq beynəlxalq tədbirlərdən eşidilir. Bu, hər birimiz üçün qürurverici haldır. Elə bu seçkilərə qatılanlar   içərisində çox sayda gəncin olması da, onların yüksək intellektə malik olmalarından xəbər verir.

Yaşı 80-100 arasında olan seçicilərimizin sayı 1005 nəfərdir. Onların əksəriyyəti seçkilərdə şəxsən iştirak etmək istəyir. Ötən seçkilərdə də bunun şahidi olduq. Sağlamlıq imkanları məhdud olanlar da səsvermədə iştirak edirlər. Onların müraciətləri əsasında yaşadıqları ünvanlara daşınan qutu aparılır. Şəffaflığın təmin olunması məqsədilə müşahidəçilər üçün əlverişli yer ayrılıb. İndiyədək 427 nəfər yerli müşahidəçi qeydiyyatdan, 265 beynəlxalq müşahidəçi isə Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Seçki məntəqələri bütün zəruri avadanlıqla təmin olunub. Yanvarın 25-dən bildirişlərin paylanılması prosesinə başlanılıb. 10 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb.

– Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası və digər proseslər barədə də məlumat verməyinizi xahiş edirik.

– Təbliğat-təşviqat kampaniyası çox uğurla həyata keçirilir. Hər bir namizəd üçün bərabərhüquqlu şərait yaradılıb. Onlar öz şəkillərini və platformalarını məxsusi olaraq bu məqsədlə quraşdırılmış dəmir lövhələrə yerləşdiriblər. Namizədlər arasında Yeni Azərbaycan Partiyası, bitərəflər və Vahid Azərbaycan Partiyasının təmsilçiləri var. Onların seçiciləri ilə görüşmələri üçün qapalı və açıq yerlər müəyyənləşdirilib. Bundan əlavə, hər bir namizəd ailələrə gedir, onlarla görüşür, hətta çay süfrəsi arxasında söhbət edirlər. Bu işlərdə heç bir problem və ya süni əngəl yaradılmayıb. Bu barədə indiyədək dairə seçki komissiyasına şikayətin daxil olmaması da prosesin qanunvericilik səviyyəsində davam etdirilməsindən xəbər verir. Ümumiyyətlə, respublika üzrə 1374 namizəd deputat mandatı uğrunda mübarizə aparır.

Göründüyü kimi, parlament seçkilərinin demokratik, azad və ədalətli keçirilməsi üçün bütün imkanlardan istifadə edilir. Bundan ötrü hər bir namizədə bərabərhüquqlu şərait yaradılıb. Namizədlərin və siyasi partiyaların sayının bu qədər çox olması Azərbaycan cəmiyyətində yüksək seçki əhval-ruhiyyəsinin hökm sürməsindən xəbər verir.

Söhbəti qələmə aldı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

27 2020 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə