Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seçicilərin etimad göstərdikləri namizədləri seçmələri üçün hər cür şərait yaradılıb

Seçicilərin etimad göstərdikləri namizədləri seçmələri üçün hər cür şərait yaradılıb

Azərbaycan ictimaiyyəti bu il fevralın 9-da Milli Məclisə seçkilərin tam demokratik, şəffaf və ədalətli keçiriləcəyini gözləyir. Bunun üçün ciddi əsaslar var. İlk növbədə, Prezident İlham Əliyev seçkilərin dünya standartları səviyyəsində keçirilməsi üçün ölkədə siyasi iradənin olduğunu dəfələrlə bəyan edib. Dövlət başçısı bu günlərdə Davos Forumu çərçivəsində keçirilmiş “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda da bildirib ki, parlament seçkiləri ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsidir. Bizimlə söhbətində tarix üzrə fəlsəfə doktoru Məhərrəm ZÜLFÜQARLI bunları dedi: 

– Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son vaxtlar ölkədə islahatlar intensiv xarakter alıb və bütün sahələri əhatə edir. İndiyədək həyata keçirilmiş struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu islahatlar nəticəsində hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunub, onlar Prezident Administrasiyası, Nazirlər Kabineti və digər strukturlarda məsul vəzifələrə təyin ediliblər. Bu, bir tərəfdən, hakimiyyətdə gəncləşmə siyasətinin aparılması, digər tərəfdən, işin və xidmətin keyfiyyətinin yüksəlməsi deməkdir. 
Təcrübə də göstərir ki, həyata keçirilən islahatlar yaxşı nəticələr verir. Eyni zamanda, Azərbaycan cəmiyyəti baş verən dəyişiklikləri müsbət qarşılayır. Dünyanın aparıcı ekspertləri, iqtisadi-maliyyə qurumları da islahatları yüksək qiymələndirirlər. Hesab edirəm ki, Milli Məclisin yeni tərkibində də müasir dünyagörüşlü gənclər üstünlük təşkil edəcək.
Prezident İlham Əliyev Davosda keçirdiyi görüşlərdə bəyan edib ki, qarşıdakı seçkilərdən sonra “Azərbaycanın yeni parlamenti də islahatların davamının mühüm hissəsi olacaq”. Dövlət başçısının sözlərinə görə, parlament seçkilərinin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan yaratmaqdır. Elə bu fikirlərdən də görünür ki, xalq istədiyi, inandığı namizədə səs verəcək və bu deputat müvafiq ərazidə problemlərin, qayğı və ehtiyacların aradan qaldırılması üçün lazımi işləri aparacaq. Bu isə demokratik seçkinin ən yaxşı nümunəsidir.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

27 2020 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə