Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İş yerlərinin yaradılması diqqət mərkəzindədir

Sosial dövlət olan Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşılır. Ayrı-ayrı proqramların icrası zamanı da bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılması prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir. 

İş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
İş yerlərinin yaradılmasına sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan regionların tarazlı və davamlı inkişafı müsbət təsir göstərir. Xatırladaq ki, artıq ötən ildən başlayaraq, dördüncü regional Dövlət Proqramı uğurla icra edilir. Bundan əvvəlki üç Dövlət Proqramı da əhalinin sosial şəraitinin yüksəlməsində önəmli rol oynayıb, eyni zamanda, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib. 
İş yerlərinin açılmasında mütərəqqi metod kimi investisiya təşviqi mexanizminin tətbiqi də mühüm rol oynayıb. Ölkədə idxalı əvəzedən və ixracyönümlü sənayenin inkişafı, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədi ilə indiyədək 400-ə yaxın layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələr çərçivəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat investisiya yatırılıb və 16 mindən çox iş yeri yaradılıb.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 
2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib. 
Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası” əhalinin məşğulluq probleminin həllini sürətləndirir. Dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olan məşğulluq barədə Prezident İlham Əliyev deyib: “İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir”.
Ölkədə işsizliyin aşağı səviyyəyə düşməsinə məşğulluq proqramlarının uğurlu həlli də müsbət təsir göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı 1400 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmaqla özünüməşğulluğuna imkan yaradıb ki, onların 84 faizinin biznes-planları məhz kənd təsərrüfatı sahələrini əhatə edir. Proqram çərçivəsində artıq 1000 nəfərə yaxın şəxsə aktivlər (mal və materiallar) verilib və onlar ailə təsərrüfatlarını qurublar. 
Prezident İlham Əliyevin sosial islahatlar proqramı məşğulluq sahəsində idarəçiliyin təkmilləşdirilməsinə də geniş imkan yaradıb. Dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı ilə DOST Agentliyinin (“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”) məqsədlərindən biri də məşğulluqda xidmətin keyfiyyətinin yüksəldilməsi və bu sahədə şəffaflığın artırılması ilə vətəndaş məmnunluğunun təmin edilməsidir. 
DOST mərkəzində gün ərzində 400-dək şəxsə məşğulluq və müdafiə sahələrində 126 növdə xidmət göstərilir. Yeri gəlmişkən, qeyd edək ki, 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzi istifadəyə veriləcək. Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, belə bir layihə tam şəffaf mexanizmlər üzərində qurulması və “bir pəncərə”dən təqdim edilməsi ilə Azərbaycanın bu sahədə yeni brendini formalaşdırır.
Azərbaycanda yeni iş yerlərinin yardılmasının daimi prosesə çevrilməsi istiqamətində nəzərə çarpan uğurları digər faktlardan da görmək mümkündür. Belə ki, hazırda respublikada yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. 

 

“Xalq qəzeti”

27 2020 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə