Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəlzələ zonasından təxliyə edilən tələbələr Azərbaycan Prezidentinə təşəkkür edirlər

Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən, Elazığ vilayətindəki Fırat Universitetinin İnsan və Sosial Elmlər fakültəsinin 4-cü kurs tələbəsi Musa İslamov Trend-ə açıqlamasında bildirib ki, zəlzələ baş verəndən sonra Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları bizimlə əlaqə saxladılar.

M.İslamov o dəhşətli gecəni belə xatırlayır: "Zəlzələ axşam təqribən saat 21 radələrində baş verdi. Həmin an mən tələbə yoldaşlarımla şəhər mərkəzində idik. Fəlakət baş verəndən bir saat sonra Elazığda olan azərbaycanlı tələbələrlə əlaqə saxlayaraq Nailbəy məscidində bir araya gəldik. Daha sonra internet üzərindən məlumat aldıq ki, şəhər meri və universitet rektoru xaricdən gələn tələbələrin tez bir zamanda şəhərdən çıxarılması üçün göstəriş verib. Həmin vaxt təşviş yaşandı, ölkəmizə qayıtmaq üçün bilet almaq istədik, ancaq bilet yox idi. Bu an Azərbaycanın Ankaradakı səfirliyi ilə əlaqə saxlamaq istədim, ancaq xətlərdə problem olduğu üçün bu, baş tutmadı. Çox keçmədi ki, onlar özləri bizi tapıb vəziyyətimizlə maraqlandılar. Azərbaycan Prezidentinin tapşırığı ilə bizə kömək olunacağını, ölkəyə qayıtmaq üçün nə lazımdırsa edəcəklərini dedilər".

Azərbaycanlı tələbə geriyə qayıtmaq üçün dövlətin onlara göstərdiyi yardımdan da söz açıb: "Elazığda və Malatyada olan azərbaycanlı tələbələrlə əlaqə saxladıq və bundan sonra 25 yanvar tarixində günorta saatlarında yola çıxdıq. Azərbaycandan olan tələbələrə 3 avtobus və bir sərnişin təyyarəsi ayrılmışdı. Yolboyu Türkiyədə olan müxtəlif azərbaycanlı iş adamları da bizimlə əlaqə saxlayıb yardım göstərmək istədiklərini deyirdilər. Onlara da təşəkkür edərək dedik ki, artıq dövlətimiz çoxdan bizim bütün problemlərimizi həll edib.

Rahat və təhlükəsiz evə qayıtmağımız üçün bütün hazırlıqlar görülmüşdü, yolboyu konsulluğun əməkdaşları müxtəlif yerlərdə bizi qarşılayırdılar. Yəni hər an bizi nəzarətdə saxlayırdılar. Azərbaycanın Türkiyədəki səfirliyi də tez-tez əlaqə saxlayır, məlumat alırdı. Naxçıvana çatanda artıq bizə xüsusi təyyarə ayrılmışdı. Həmin təyyarə ilə Bakıya gəldik".

M.İslamov əlavə edib ki, azərbaycanlı tələbələrin zəlzələ zonasından təhlükəsiz daşınması bir daha onu göstərdi ki, Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır: "Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm".

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ zonasından Naxçıvana təxliyə edilən 102 azərbaycanlı tələbə yanvarın 26-da təyyarə ilə Bakıya gətirilib.

"Xalq qəzeti"

27 2020 16:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə