Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya ictimaiyyəti Davosda Azərbaycanın “strateji baxışları” ilə tanış oldu

Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Davos, 22 yanvar 2020-ci il


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də  Davos Dünya İqtisadi Forumu çərçivəsində iştirak etdiyi “Strateji baxış: Avrasiya” mövzulu panel iclasındakı çıxışı hələ xeyli müddət dünya mətbuatının diqqət mərkəzində olacaq. Ona görə ki, dünya ictimaiyyəti təkcə bizim gündəlikdəki məsələyə münasibətimizlə deyil, eləcə də “Azərbaycanın strateji baxışları” ilə tanış oldu. 

Dövlət başçımızın həmin tədbirdəki sualları cavablandırması  isə bir neçə cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Məsələn, moderator gənc müstəqil dövlətin Prezidentinin Moskva ilə Pekin arasında seçim etməsini arzulayan sualı dövlət başçımız tərəfindən gözlənildiyindən qat-qat uğurlu şəkildə cavablandırılmışdı:  “Bakıya zəng edərdim”. İlham Əliyev bu cavabı verdi və ardınca da, moderatorun “Nə üçün?” deməsinə imkan vermədi: “Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq”.
Yeri gəlmişkən, hiss olunurdu ki, panel iclasının moderatoru özü də Azərbaycan həqiqətlərinə bələddir. Belə ki, o, Azərbaycanda aparılan kadr islahatlarından, gənclərin mühüm dövlət postlarına gətirilməsindən xəbərdar olduğunu gizlətmədi. Bunun özü də Davosda  ölkəmiz haqqında yaranmış təəssüratların müsbət məcrasından xəbər verirdi. Panel iclası barədə məlumatın yayılmasından dərhal sonra kimlərsə iddia etməyə çalışırdı ki, avropalı xanım bilərəkdən Azərbaycan Prezidentini çətinə salmağa çalışırdı. Amma fakt tamamilə əksini deyir. Çünki həmin xanımın: “Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz” ifadəsi tamamilə xoş məramdan xəbər verirdi.
Amma ən xoş məramı və məqamı məhz dövlət başçımızın cavabında gördük. Prezident xatırlatdı ki, Azərbaycanın yeni hökumətinə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə  deyildiyi  kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir: “Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi”. Prezident əmin olduğunu bildirdi  ki, fevralda keçiriləcək seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır.
Bu məsələyə münasibət bildirərkən xatırladaq ki,  ölkəmizdə əvvəllər  əsasən infrastruktur layihələrinə sərmayə yatırılırdı. Azərbaycanın bu addımları beynəlxalq arenada daim yüksək qiymətləndirilib. Elə Davos İqtisadi Forumunun hesabatına əsasən,  Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Ölkəmizdə  qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Respublikamıza Prezident İlham Əliyevin rəhbərlik etdiyi müddətdə 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib. 
Prezident xatırladır ki, bütün bunlar bizim uğurlarımız, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün atdığımız addımların nəticəsidir. İndi isə qarşımızda başqa məsələlər dayanır. İndi məqsədimiz  yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşdırılmasıdır. Bunun  üçün isə yeni yanaşma tələb olunur: “Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var... Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı...  İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır”.
Moderatorun beynəlxalq aləmdə mövcud olan bəzi tendensiyaları yada salaraq,   gənclərlə bağlı verdiyi sual da Azərbaycan həqiqətlərinin belə bir mötəbər tribunadan səsləndirilməsinə zəmin yaratmış oldu. Dünya ictimaiyyətinə çatdırıldı ki, Azərbaycan dövləti cəmiyyətin istənilən zümrəsinin, o cümlədən də gənclərin səsini daim eşidir, onların təklifləri, arzuları nəzərə alınır və gənclərin böyük bir hissəsi dövlət idarəçiliyinə cəlb olunur. Dövlət başçımız xatırlatdı ki, Azərbaycan gəncləri bu gün  universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar: “Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir... Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”. Ona görə də ölkəmizin istənilən sakini sabaha ümidlə baxır.
Yeri gəlmişkən, moderatorun növbəti sualı da elə ümidlə bağlı idi. O, Azərbaycan Prezidentinin  ən parlaq ümid və ən pis kabus haqqında fikirlərini öyrənmək istəyirdi. Nəticədə isə təkcə o və tədbirin iştirakçıları deyil, bütün dünya ictimaiyyəti bildi ki, bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Azərbaycan dövlətinin  həyata keçirilməkdə olduğu  və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyi dünyanın gözü qarşısındadır. Yəni bütövlükdə Azərbaycan xalqı ümid edir ki, sabahımız bu gündən də firavan olacaqdır.
Kabus məsələsinə gəlincə isə, dövlət başçımız xatırlatdı ki, ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı: “Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin,  demək olar ki, 20 faizi beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ – İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq”. 

 

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

26 2020 13:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə