Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan BMT-nin qlobal tədqiqatında ilk pillədə yer alıb

Azərbaycan BMT-nin rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb. Hesabatda göstərilir ki, respublikamız bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasında, eyni zamanda, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında  liderdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, tədqiqat Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) çərçivəsində 7 sahəni (ticarətin asanlaşdırılması üçün ümumi tədbirlər; sənədsiz ticarət; sərhədsiz sənədsiz ticarət; tranzit asanlaşdırma; ticarət və KOB-ların fəaliyyətinin asanlaşdırılması; ticarətin asanlaşdırılması və kənd təsərrüfatı ticarətinin asanlaşdırılması) əhatə edib.
Azərbaycan sorğuda 81,72 faizlik göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında Rusiya Federasiyası və Şimali Makedoniya Respublikası ilə birlikdə ilk pillədə yer alıb.
Müqayisə üçün bildirək ki, Azərbaycan 2015-ci ildə 48,49 faiz, 2017-ci ildə isə 75,25 faiz nəticə göstərib. Dörd illik dövr ərzində isə respublikamız bu sıralamada öz göstəricilərini 33,23 faiz artıraraq dünyada top 20 ölkə arasında qərarlaşıb.
Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50 faiz, kağızsız ticarət üzrə 85,19 faiz,  institusional tənzimləmə və əməkdaşlıq üzrə 88,89 faiz,  formallıq üzrə 91,67 faiz, şəffaflıq üzrə 93,33 faiz göstərici əldə edib.
Ermənistanın isə 2019-cu ildə sərhədsiz sənədsiz ticarət üzrə 50 faiz, kağızsız ticarət üzrə 70,37 faiz, institusional tənzimləmə və əməkdaşlıq üzrə 22,22 faiz, formallıq üzrə 62,50 faiz, şəffaflıq üzrə 86,67 faiz olmaqla ümumilikdə, sözügedən tədqiqatda balı 62,37 faiz təşkil edib.  
Birləşmiş Millətlər Təşkilatının 5 regional komissiyası və getdikcə artan qlobal və regional tərəfdaşlar tərəfindən birgə aparılan sorğu faktlara əsaslanıb və məlumatların toplanması, təsdiqi üçaddımlı yanaşma ilə – mütəxəssislərdən açıq məlumatın toplanması, BMT-nin Regional Komissiyası katiblikləri tərəfindən məlumatların yoxlanılması və milli hökumətlər tərəfindən məlumatların təsdiqlənməsi vasitəsilə tətbiq edilib.
Xatırladaq ki, tədqiqat 2015-ci ildən bəri hər iki ildən bir aparılır. Sorğular barədə məlumatlar və nəticələr www.untfsurvey.org səhifəsində yer alır.
Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub. Xüsusilə ölkədə rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, ticarətin liberallaşdırılması, “Yaşıl dəhliz”, Azexport.az, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və s. sahəsində gerçəkləşdirilən uğurlu islahatlar məntiqi nəticəsini verib.

Qeyd edək ki, Azərbaycan BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasına (UNESCAP) 31 iyul 1992-ci ildə üzv olub. 
Yuxarıda qeyd etdik ki, Azərbaycanın BMT-nin qlobal tədqiqatında ilk pillədə yer alması ölkəmizdə  gerçəkləşdirilən uğurlu islahatların məntiqi nəticəsidir. Bununla bağlı Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda keçirdiyi bir sıra görüşlərdə də ətraflı danışılıb. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi xatırladılıb. Eyni zamanda, Azərbaycanın dördüncü sənaye inqilabının çağırışları əsasında mühüm tədbirlər həyata keçirdiyi vurğulanıb. 
Yeri gəlmişkən,  Azərbaycanın BMT-nin qlobal tədqiqatında ilk pillədə yer almasında da dördüncü sənaye  inqilabının çağırışlarına ölkəmizin operativ reaksiyası da öz təsirini göstərib. Sənaye inqilabının  özəlliyi isə ondan ibarətdir ki, əvvəlki dövrlərdə belə bir inqilab  daha çox ənənəvi sənaye sahələrində texnoloji proseslərin yenilənməsində nəzərə çarpırdı. Amma artıq sənaye inqilabına baxış dəyişib. Hazırda dördüncü sənaye  inqilabı virtual maliyyə xidmətində, virtual ödənişlərdə, virtual valyutanın dövriyyəyə buraxılmasında özünü göstərir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə,  Azərbaycan dünyada sürətlə davam edən dəyişikliklərə çevik reaksiya vermək və dördüncü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün son illər ərzində qabaqcıl texnologiyaların dövlət və özəl sektorda tətbiqinə başlayıb. Hələ ötən il Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşəndə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib. Bu əməkdaşlıqla Azərbaycan regionda rəqəmsal ticarət və sərhədlərarası məlumat axını üzrə regionun lideri olmağı qarşısına məqsəd qoyub.
Dördüncü sənaye inqilabının tələblərinə uyğun olaraq yeni texnologiyaların insanlara verdiyi üstünlükləri artırmaq üçün hökumət, infrastruktur, biznes və maliyyə təşkilatlarını bir araya gətirməklə Azərbaycanda Rəqəmsal Ticarət Konsorsiumu yaradılıb. Bu konsorsiumun üzvü olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkə başçısı tərəfindən əsası qoyulan və dünyada unikal layihə hesab edilən “Digital trade hub” (DTH) portalını yaradıb. DTH dünyada ilk dəfə mobil rezidentlik xidməti, onlayn vahid ixrac ərizəsi və rəqəmsal ticarət üçün trans-sərhəd xidmətlər təqdim edib. 
Azərbaycan BMT-nin qlobal tədqiqatında ilk pillədə yer almasına təsir göstərən amillərdən biri də dövlət başçısının rəhbərliyi ilə ölkədə aparılan islahatların əhatə dairəsinin daha da genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, gömrük xidmətində idarəetmənin keyfiyyətinin yüksəldilməsi, azad rəqabət mühitinin yaradılmasıdır. 
Uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində gerçəkləşdirilən islahatlar xarici ticarət iştirakçılarının fəallığını artırıb, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin qorunub saxlanması, şəffaflıq təmin edilib, eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların artırılmasına nail olunub.
Aparılan islahatların məntiqi nəticəsi kimi, hazırda beynəlxalq təcrübəyə istinadən gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilən  gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan səmərəli istifadə olunur. Mövcud proqramların mahiyyətini dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri təşkil edir. Bu cür sadələşdirmə proqramlarının ölkəmizdə tətbiqi  məqsədilə  Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub. 
Xatırladaq ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə zamanı şəxslərə gömrük nəzarətinin sadələşdirilmiş formaları tətbiq edilməklə müəyyən üstünlüklər verilir. Belə bir  buraxılış sistemindən daimi hüququn əldə olunması ilə əlaqədar 2019-cu il  fevral ayının 1-dən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə icazə verilib.
“Yaşıl dəhliz” və “bir pəncərə” kimi sistemlərin tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit yüklərin daşınmasının sürətləndirilməsinə, eyni zamanda,“kölgə iqtisadiyyatı”na qarşı mübarizədə öz müsbət təsirini göstərib.  Belə ki, dövlət başçısının “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi barədə müvafiq icra orqanlarına verdiyi tapşırıqların yerinə yetirilməsinə dair çağırışlara artıq biznes subyektlərinin də qoşulması aparılan xarici ticarət əməliyyatları üzrə uçot və hesabatlılığın düzgün bəyan edilməsini şərtləndirib, dövlət büdcəsinə qanunla müəyyənləşdirilən vergilərin və gömrük rüsumlarının vaxtında və artıqlaması ilə ödənilməsi təmin olunub. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

26 2020 13:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə