Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada Azərbaycana inam və etimad artır

Dünyada və bölgədə baş verən müxtəlif xoşagəlməz proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun lider dövləti olmasını təmin edib. Bu məqam Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də öz əksini tapıb. Dövlət başçısı qeyd edib ki, dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır: “Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Prezident İlham Əliyev qeyd etmişdir ki, xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Bu baxımdan, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan – Rusiya – İran, Azərbaycan – Türkiyə – Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.
Son illər ölkəmizin evsahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunu xeyli yüksəldib. Bu baxımdan ölkəmiz yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Xüsusilə, 2019-cu ildə Azərbaycanın bir sıra mühüm diplomatik uğurlara imza atması ölkəmizin yürütdüyü müstəqil xarici siyasətin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verdi. Bununla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2019-cu il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi: “Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaq­arası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb. Bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.
Dövlətimizin başçısı bəyan edib ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və tarixi həqiqət bizim tərəfimizdədir: “...Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya – İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil”.
Eyni zamanda, Prezident İlham Əliyev qeyd edib ki, 1992-ci ildə müstəqil ölkə kimi BMT-yə daxil olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul olunub, ərazi bütövlüyü dəstəklənib və təsdiq edilib: “Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, Ermənistan həmişə buna istinad edir, bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”.
Bununla yanaşı, son vaxtlar Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Ermənistan rəhbərliyinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar tədbirlərin şişirdilərək, ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir və ciddi narahatlıq doğurur. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bu baxımdan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışlarına əsl “nida” işarəsi qoydu və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.
Bununla yanaşı, ötən il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25 – 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər.
Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. Bu, İslam Əməkdaşlıq Təşkilatından sonra ikinci beynəlxalq təşkilat tərəfindən qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi rəsmən tanınmasıdır.
Həmçinin zirvə görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, zirvə görüşü zamanı bu mötəbər tədbirdə müasir beynəlxalq münasibətlərə dair ən vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-nin diqqət mərkəzində oldu.
Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.
Keçən il noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi də yaddaqalan hadisələrdəndir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün ölkəmiz sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə evsahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz balans axtarmırıq, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyur və mümkün olan riskləri azaldırıq: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.
Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamını və etimadını getdikcə artırır.

 

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

 

26 2020 13:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə