Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda iqtidarla xalqın məramı eynidir

Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Ancaq minlərlə ev dağıntıya məruz qaldı. Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 


Zəlzələ nəticəsində evi dağılanlardan biri də Şamaxı şəhərinin ağbirçək sakini Saray Eyvazova idi. Dövlət başçısının tapşırığı ilə Saray nənə və başqa sakinlər üçün ən qısa müddət ərzində yeni evlər tikildi. Xüsusi diqqətçəkən məqam isə odur ki, dövlətimizin başçısı vəd etdiyi kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə ötən ilin sonlarında, Yeni il bayramı ərəfəsində Saray xalanın yeni evində qonaq oldular. 
Bu, çox təsirli səhnə idi. Mötəbər qonaqların gəlişindən riqqətə gələn ana çox sevinirdi. Ağbirçək dövlət başçısına xitabən dedi: “Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz”.
Əlbəttə, həmin an Prezident İlham Əliyev Saray nənədən, yeni evlərə köçən başqa sakinlərdən heç də az sevinmirdi. Axı, hər kəs bilir ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mənası Azərbaycan xalqına, xüsusi diqqət və qayğıya ehtiyacı olan hər bir Azərbaycan ailəsinə kömək etməkdir. 
Bəli, bu gün  Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının qayğı və problemlərinin həlli dayanır. Əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri görürlər və hiss edirlər ki, Azərbaycan dövləti inkişaf edərək gücləndikcə, onların maddi durumu, rifahı daim yaxşılaşır. 
Reallıq budur ki, Azərbaycanda xalq ilə iqtidar arasında qarşılıqlı inam və etimada əsaslanan möhkəm bağlılıq, sarsılmaz birlik yaranıb. Vətəndaşlarımız Prezident İlham Əliyevin ölkənin milli maraqlarına xidmət edən müdrik daxili və xarici siyasətini tamamilə bəyənir və dəstəkləyirlər.
Son 17 ildə Azərbaycanda ictimai, siyasi, iqtisadi, mədəni   həyatın bütün sahələrində parlaq uğurlar, böyük qələbələr əldə edilib. Görülən işlərin, həyata keçirilən layihələrin miqyası və vüsəti o qədər böyükdür ki, bunları yalnız hərtərəfli yüksəliş və intibah adlandırmaq olar. 
Bütün bunlar xalqımızın sevimli lideri İlham Əliyevin səriştəli idarəçiliyi sayəsində mümkün olur. Müasir dünyanın ən görkəmli dövlət xadimlərindən biri olan İlham Əliyev qədirbilən millətinin və bütün dünyanın gözündə xalqı ilə birlikdə ucalmışdır. Prezident öz xalqının intellekt və işgüzarlığının, yüksək mədəniyyət və mənəviyyatının parlaq rəmzinə çevrilmişdir. Belə yüksək məqam hər siyasətçiyə nəsib olmur! 
Hazırda istər paytaxt Bakıda, istərsə də Azərbaycanın ən ucqar bir guşəsində ətrafa nəzər yetirəndə, yeni salınmış yolları, hər cür şəraiti olan yaraşıqlı uşaq bağçaları və məktəbləri,  bir-birindən gözəl park və istirahət ocaqlarını görmək olur. Tanınmış alim İbrahimxəlil İbrahimov fəxrlə dedi ki, Azərbaycan sürətli inkişaf yolundadır. Bu gün respublikamız dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik məkanıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq meydanıdır. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq–iqtidar birliyi dayanır.
Azərbaycan dövləti məcburi köçkün ailələrinin qayğı və problemlərinin həllinə hər zaman həssas yanaşmışdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2019-cu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində demişdir: “...Son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verilib, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.
Cəbrayılın Quycaq kənd sakini şəhid anası Solmaz Aminə xanım dedi ki, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin hər bir qaçqın ailəsinə bu qədər böyük diqqət və qayğısı olmasaydı, doğma yurd-yuvalarını itirmiş insanlar ağır məhrumiyyətlərə tab gətirə bilməzdilər. Azərbaycan dövləti milli mədəniyyətimizin inkişafına da böyük diqqət və qayğı göstərir. Dərin minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunub inkişaf etdirilməsində Heydər Əliyev Fondu xüsusilə böyük işlər görmüşdür. 
Sabirabad Regional Mədəniyyət İdarəsinin müdiri Əhməd ­Ramazanov dedi ki, ötən ilin sonlarında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evinə qonaq getməsini televiziyadan seyr edəndə, hamı kimi mən də çox sevindim. Əlibaba Məmmədov kimi böyük sənətkarlara qayğı, bütövlükdə, milli mədəniyyətimizə göstərilən yüksək diqqətin bariz nümunəsidir.  
Sonda bir daha qeyd etmək istərdik ki,  müstəqil Azərbaycanı uğurdan-uğura aparan əsas amil məhz xalqın iqtidara, möhtərəm Prezidentimiz İlham Əliyevə birmənalı dəstək verməsi ilə əlaqədardır. İnanırıq ki, ölkəmizdəki sarsılmaz xalq–iqtidar birliyi Azərbaycanın bundan sonra da çox böyük nailiyyətlər əldə etməsinə səbəb olacaq. 

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 

26 Yanvar 2020 12:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə