Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın demokratik seçki keçirməkdə zəngin təcrübəsi var

Müsahibimiz Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir

– Ölkəmiz mühüm əhəmiyyətli siyasi kampaniya ərəfəsindədir.  Parlament seçkilərinin beynəlxalq standartlar səviyyəsində keçiriləcəyi  barədə proqnozlara münasibətinizi bilmək istərdik.

– Sizdən əvvəl “Secki-2020.az” saytına verdiyim  açıqlamada da bildirmişəm ki,  Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq qanunvericiliyin müddəalarını özündə tam ehtiva edir və seçkilərin  demokratik şəraitdə keçirilməsi üçün mükəmməl hüquqi bazadır. Uzun illərdir ki, seçki prosesi ilə məşğul olan bir hüquqşünas kimi əminliklə deyə bilərəm ki, ölkəmizin zəngin  seçki qanunvericiliyi, bu sahədə yetərincə təcrübəsi var. Hazırkı  mövcud seçki qanunvericiliyi ədalətli və demokratik seçkilərin keçirilməsinə  əlverişli şərait yaradır.

– İndiyədək Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər  bir hüquqşünas kimi sizi qane edirmi?

– Əlbəttə.  Ölkəmiz  sürətlə inkişaf edir, dünya birliyinə inteqrasiya olunur, əlaqələr genişlənir. Hesab edirəm ki, yeni çağırışlar daimi təkmilləşməni zəruri edir. Ona görə də Seçki Məcəlləsinə edilən əlavə və dəyişiklikləri vacib hesab edirəm. Mən burada dövlət başçısının siyasi iradəsini də mütləq qeyd etməliyəm.  Hər dəfə ölkəmizdə seçki keçirilən ərəfədə dövlət məmurlarına seçkiyə  müdaxilə etməmək barədə  ciddi tapşırıqlar verilir. Bu, ölkə Prezidentinin demokratik, şəffaf seçki keçirilməsində maraqlı olduğunun göstəricisidir. Azərbaycanın Seçki Məcəlləsi  beynəlxalq ekspertlər tərəfindən demokratik sənəd kimi qiymətləndirilib. Bu sənəd demokratik hüquqi bazanın formalaşmasını təmin edir və beynəlxalq qanunvericiliyin tələblərinə cavab verir.

–  Dövlət müstəqilliyimizin bərpasından sonra  ölkəmizdə  dəfələrlə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Qazanılan seçki təcrübəsini necə qiymətləndirirsiniz?

– Ölkəmizdə keçirilən seçkilər ildən-ilə təkmilləşdirilir. Bu, o deməkdir ki, qabaqcıl təcrübə öyrənilir və mütləq seçkilərdə tətbiq olunur. Son illər  ölkəmizdə keçirilən seçkilər aşkarlığın və şəffaflığın təmin olunmasına görə bir çox ölkələrə nümunə göstərilir. Deməli, artıq Azərbaycanın seçki təcrübəsi öyrənilir. Mən dəfələrlə şahidi olmuşam ki, ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilər seçki məntəqələrinə veb-kameraların quraşdırılmasını  və barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsini yüksək dəyərləndiriblər. Hətta bəzi beynəlxalq müşahidəçilər şəffaflığın təmin olunmasında bu üsulun öz ölkələrində də tətbiq olunmasını arzulayıblar. Veb-kameraların quraşdırılmasına gəlincə, bu da yüksək dəyərlərə malikdir. Onu da qeyd edim ki, Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması praktikası 2008-ci ildən tətbiq olunur.  Seçki məntəqələrinin təxminən 20 faizində veb-kameralar quraşdırılır.  Bü üsul  vasitəsilə 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmək mümkündür. Xatırladım ki, səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq, ana səhifədən “Online observation” bölməsinə girmək  və seçki dairəsini seçmək lazımdır. Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək,  səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər. Bundan da artıq şəffaflıq olarmı?

– Bu yeniliklərdən sonra hansı  səmərəli təkliflərin tərəfdarısınız?

– Mən həmişə yeniliyin, inkişafın tərəfdarı olmuşam. Əgər şəffaflığın təmin olunmasında  daha səmərəli təklif olarsa, hesab edirəm ki, ölkəmiz bundan da yan keçməz. Hər bir ölkədə ədalətli və azad seçkilərin keçirilməsi orada  insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasının, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsinin göstəricisidir. Azərbaycan hazırda belə ölkələrdəndir.

Səmərəli tövsiyələr həmişə nəzərə alınır. Bəzi tövsiyələrin nəzərə alınmaması təcrübəsi də var. Bu da Azərbaycanın milli qanunvericiliyinin formalaşmasında suveren hüququndan istifadə etməsindən irəli gəlir. Əsas məsələ demokratik seçki keçirmək prinsiplərinin tətbiq edilməsidir. Beynəlxalq müşahidəçilər də təsdiqləyirlər ki, artıq neçə illərdir  Azərbaycanda keçirilən seçkilər Seçki Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz növbəti  seçkilərdə də bunun şahidi olacağıq.

 

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

26 2020 12:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə