Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəşəriyyətin tərəqqisinə önəmli töhfələr vermiş böyük Hindistan

Hindistanın keçmişi bəşər tarixinin ən dramatik, dinamik, həyəcanverici və inanılmaz fəsillərindən biridir. Eramızdan əvvəlki minilliklər boyunca Hind çayı vadisində yaşayan və Hindistanda ilk sivilizasiyanı quran köçəri tayfalar dövründən tutmuş XX əsrdə ölkənin Britaniya hökmranlığından azad edilməsinə qədər “Nağıllar ölkəsi”nin tarixi işğalların, hücumların, imperiyaların, dövlətlərin, mədəniyyətlərin və xalqların qarşıdurmalarının, toqquşmalarının və birləşmələrinin fasiləsiz zəncirindən ibarət olmuşdur. Tarixdə hər bir mərhələ Hindistan adlanan bu nadir ölkənin mədəniyyətində öz izini buraxmış və hindlilərin xalq kimi formalaşmasında öz təsirini göstərmişdir. Bu gün min illərin təcrübəsindən ilhamlanan və çətin inkişaf yolu keçən Hindistan gələcəyə inamla baxır, kosmik texnologiyalara, böyük elmi potensiala və insan resurslarına malik nüfuzlu müasir dövlət kimi mövqeyini getdikcə gücləndirir. 

Beş min illik tarixi olan Hindistanda zaman öz xüsusi ritmi ilə axır. Belə ki, burada mistik məbədlər və çoxəsrlik saraylar, o cümlədən möhtəşəm tarixi qalalarla göydələnlər “qonşudur”. Yollarda isə inəklər, dəvələr, müasir motosikletlər və boyalı yük maşınları sıralanıb. 
Belə mənzərənin yaranması heç də təsadüfi deyil, axı Hindistan dünyanın ən qədim sivilizasiyalarından biridir. Eramızdan əvvəl üçüncü minilliyin ortalarına qədər bu ölkə ərazisində qədim Misir və Mesopotamiya sivilizasiyalarından geri qalmayan mədəniyyət mövcud olmuşdur. Bu ölkənin modernləşməsi də böyük maraq doğurur. Ən azından öna görə ki, Hindistan bir ölkənin iqtisadi modernləşməsinin demokratik institutlarının inkişafı ilə necə uzlaşmasına dair ən təsirli nümunədir. “Nağıllar ölkəsi”ndə modernləşmə 1947-ci ildə müstəqillik qazandıqdan sonra dövlət və ictimai quruluşun demokratik formasını seçməsi ilə başlamışdı. Müstəqillik tarixindən ötən müddət  ərzində Hindistan dünyanı müəyyən sahələrdə qazandığı uğurları ilə təəccübləndirməkdə davam edir.
Hindistan 1947-ci avqustun 15-də özünün müstəqilliyini elan etdikdən sonra ölkə konstitusiyasının işlənib hazırlanması üçün Xüsusi Komitə yaradıldı. 1949-cu ilin noyabrında qəbul edilən konstitusiya 1950-ci yanvarın 26-da qüvvəyə mindi. Həmin vaxtdan sonra hər il 26-yanvar Hindistan xalqı tərəfindən Respublika Günü kimi təntənə ilə qeyd olunur. Bayramdan iki gün sonra Vicay-Çouk meydanında prezident qvardiyasının iştirak etdiyi xüsusi mərasimə dövlət və hökumət rəhbərləri, diplomatik korpusun nümayəndələri də qatılırlar. 
Bu bir tarixi gerçəklikdir ki, Hindistanda demokratik təsisatların inkişafı son dərəcə parçalanmış bir cəmiyyətin siyasiləşməsi şəraitində baş vermişdir. Müstəmləkə dövründə Hindistan Milli Konqresi onların yaranmasının əsas vasitəsi olmuşdu. Əlbəttə, digər siyasi partiya və təşkilatların da rolu azaldılmamalıdır. Məhz onların ziddiyyətli münasibətlərində və mübarizələrində Hindistanda siyasi demokratiyanın inkişaf etdirən və ölkənin modernləşdirilməsi ideyalarını yaradan təməl formalaşmışdı. Tarixçilər vurğlayırlar ki, demokratik bir seçimin müəyyən edilməsində vacib və bəlkə də, həlledici məqam müstəqil Hindistana rəhbərlik edənlər arasında siyasi iradənin olması idi. Burada da ölkənin ilk baş naziri, əsl demokrat  olan Cəvahirləl Nehrunun xidmətlərini xatırlamaq lazımdır. O hesab edirdi ki, cəmiyyətin demokratiya prinsipləri üzərində qurulması istənilən başqa idarəetmə formasından daha yaxşı nəticələr verəcək. Nehru Hindistanın tərəqqisinə olan ümidləri bununla əlaqələndirmişdi. 
Postmüstəmləkə Hindistan üçün demokratik inkişafın başlıca məqsədi böyük əksəriyyəti yoxsulluq həddində olan əhalinin normal yaşaması üçün lazımi şəraitin yaradılmasından ibarət olmuşdu.  Politoloqlar Hindistan demokratiyasının böyük nailiyyətinin də məhz vətəndaş cəmiyyətinin təməlinin qurulmasından ibarət olduğunu vurğulayırlar. Hazırda ölkədə əhalinin müxtəlif təbəqələrinin və qruplarının həyat maraqları ilə bağlı minlərlə qeyri-hökumət, ictimai və özəl təşkilat fəaliyyət göstərir. Hamısı və hər biri ayrı-ayrılıqda ölkədə ictimai-siyasi mühitin formalaşmasına öz töhfəsini verir. Doğrudur, bu proses hələ də əhalinin bütün təbəqələrini, xüsusən də daha aşağı təbəqələri əhatə etməmişdir. Lakin cəmiyyətin fikir yarada biləcək, siyasətə, eləcə də iqtisadiyyata nəzərəçarpacaq dərəcədə təsir göstərə biləcək mərhələyə qədəm qoyması artıq tarixi reallıqdır. 
Demokratik modernləşmə yolu ilə ölkənin daha da inkişaf etməsini müəyyənləşdirən mühüm hadisə Hindistanda konstitusiyanın (1950) qəbul edilməsi olmuşdu. Yəni Hindistan bütün vətəndaşlarına sosial, iqtisadi və siyasi ədalət, fikir və ifadə azadlığı, din, ibadət sərbəstliyini təmin etmək məqsədilə suveren demokratik respublika olaraq qurulmuşdu. Konstitusiya dini, irqi, kasta, cinsiyyət və ya doğum yeri əsasında ayrı-seçkiliyi qadağan edir. Mülkiyyət hüququna zəmanət verən konstitusiyanın qüvvəyə minməsi Hindistanın ərazi bütövlüyünün və birliyinin möhkəmlənməsinə şərait yaratmışdı. Hökumət ölkənin feodal parçalanmasını, demək olar ki, dövlətin tərkibinə daxil olan 600 knyazlığı aradan qaldıra bilmişdi ki, bu da Hindistanın siyasi nüfuzunun artmasına şərait yaratmaqla yanaşı, ölkənin demokratik inkişafı üçün güclü səbəblər də olmuşdur. Tarixçilər Hindistanda məhz federativ dövlətin yaradılmasını demokratikləşmə və dövlət quruculuğunun modernləşdirilməsi yolunda atılmış böyük addım kimi qiymətləndirirlər. 
C.Nehru bildirmişdi ki, Milli Konqresin məqsədi ədalətli və bərabər imkanlara malik olan sinifsiz cəmiyyətin yaradılmasıdır, buna əngəl olan istənilən maneə, istər dinc yolla, istərsə də güc vasitəsilə aradan qaldırılmalıdır. Lakin Mahatma Qandinin təsiri altında, o, praktiki olaraq gücdən istifadə ideyasından uzaqlaşmışdı. Xüsusilə qeyd etmək lazımdır ki, Hindistanın bütün iqtisadi inkişaf prosesinin mühüm hissəsi planlaşdırma olmuşdur. Bu prosesdə keçmiş Sovet İttifaqının təcrübəsindən istifadə edilmişdi. O zaman Milli Konqres ölkə həyatının əsas istiqamətlərinin planlaşdırılmasını həyata keçirəcəyini və strateji müəssisələrin dövlətin nəzarəti altında olacağını bildirmişdi. Eyni zamanda, özəl müəssisə üçün geniş fəaliyyət sahəsi qalmışdı ki, bu da dövlətin qarşıya qoyduğu məqsədləri nəzərə almalı idi. Bütün bunlar ilk beşillik (1951-1956) planda öz ifadəsini tapmışdı. Politoloqların sözlərinə görə, məhz dövlət kapitalizmi 1950-1960-cı illərdə iqtisadi canlanmanın əsas qüvvəsi rolunu oynamışdı. Maraqlıdlr ki, Hindistan hökumətinin 1950-1960-cı illərdəki bütün əsas proqram sənədləri dövlətin milli iqtisadiyyatın qurulmasında mühüm rol oynadığını vurğulayırdı. Məhz qəbul edilmiş beşillik iqtisadi inkişaf planları ölkənin sürətli sənayeləşməsinə güclü təsir göstərmişdi. Siyasi müşahidəçilərin sözlərinə görə, dövlət kapitalizmi və ictimai sektorun yaradılması da həmin dövrlərdə (1951-1956,1957-1960, 1962-1965-ci ildə qəbul olunmuş planlar) Hindistanın iqtisadi inkişafında həlledici amil olmuşdu. 
Ölkədə iqtisadi islahatlar 1966-cı ilin yanvarında C.Nehrunun qızı İndira Qandi ölkənin baş naziri seçildikdən sonra da davam etdirilmişdi. Ancaq daha əvvəl başlayan mərkəzdənqaçma prosesləri bu dövrdə fəal şəkildə özünü göstərmiş, hakimiyyətin mərkəzsizləşdirilməsi güclənmiş, cəmiyyətin sosial-iqtisadi və siyasi təbəqələşməsi sürətlənmişdi. Kənddə və şəhərdə zənginləşmiş varlı təbəqələr əyalətlərdə yerli mənbələrdən istifadə edərək hökumətdə daha çox iştirakı tələb etməyə başlamışdı. O zaman islahatlarla bağlı eksperimentlər lazımi nəticə verməmişdi. Buna görə də Hindistanın siyasi rəhbərliyi ölkənin xarici kapitaldan asılılığını azaltmaq məqsədilə kursu dəyişməyə məcbur olmuşdu. Amma milli pul vahidi rupinin devalvasiyası, ərzaq qiymətlərinin artması və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ictimai şüurda hökumətin ədalətli cəmiyyətin qurulması barədə elan etdiyi məqsədlərdən uzaqlaşdığı fikrinin formalaşmasına gətirib çıxarmışdı. 
1969-cu ildə İndira Qandinin rəhbərliyi ilə hökumət öz mövqeyini möhkəmləndirmək məqsədilə bir sıra iri kommersiya banklarının və kömür sənayesi müəssisələrinin milliləşdirilməsini, sığortanı, keçmiş knyazlıqların imtiyazlarının ləğvini və bu kimi digər sahələrə aid məsələləri nəzərdə tutan proqramı qəbul etmişdi. Tarixçilər vurğulayırlar ki, 1970-ci illərin əvvəllərində İndira Qandi hökuməti kənd təsərrüfatı islahatları çərçivəsində kənddə torpaq mülkiyyəti “tavanının” (10-18 hektara qədər) azaldılması, artıq torpaq sahələrinin torpaqsız kəndlilər və kənd təsərrüfatı işçiləri arasında bölüşdürülməsi proqramını həyata keçirmişdi. Ancaq hökumətin bu istəyi böyük torpaq sahiblərinin müqavimətilə qarşılaşmış, ölkədə siyasi qarşıdurmaya səbəb olmuşdu. 
Sonrakı hadisələrin inkişafı göstərmişdi ki, islahatları davam etmək üçün sərt addımların atılmasına ehtiyac var. Məhz buna görə də, 1975-ci ildə İndira Qandi ölkədə fövqəladə vəziyyət elan etmiş və bu vəziyyət parlament tərəfindən bəyənilmişdi. O zaman müxalifət partiyalarının bir sıra rəhbərləri həbs edilmiş, bəzi dini-icma və solçu radikal təşkilatların fəaliyyəti qadağan olunmuş, mətbuat azadlığı məhdudlaşdırılmışdı. Müxalifətin bütün tənqid və təhdidlərinə baxmayaraq, İ.Qandi 1975-ci ildə əvvəlki sosial-iqtisadi siyasətin davamı olan 20 bəndlik proqram qəbul etmişdi. Həmin proqramın ən vacib müddəları ərzaq və digər həyati malların qiymətinin aşağı salınmasından, aqrar islahatın aparılmasından, xüsusilə də artıq torpaqların torpaqsız kəndlilər və kənd təsərrüfatı işçiləri arasında bölüşdürülməsindən, eləcə də kənd kasıblarının borcdan azad edilməsindən ibarət olmuşdu. 
Eyni zamanda, proqram özəl sahibkarlıq sahəsində liberallaşmanı, milliləşdirməni davam etdirməkdən imtina etməyi nəzərdə tuturdu. Bütün bu xoş niyyətlərə baxmayaraq, 1977-ci il seçkilərində İndira Qandinin başçılıq etdiyi konqres ilk dəfə məğlub olaraq, hakimiyyətdən getməyə məcbur olmuşdu. Politoloqlar bunun əsas səbəbləri kimi, əvvəlki sosial siyasətdən uzaqlaşaraq zorakı, antidemokratik və avtoritar idarəetmə metodlarından istifadəni göstərirlər. Ən əsası, fövqəladə vəziyyətin elan olunması hakim partiyanın nüfuzunu sarsıtmışdı. 
Hindistanın siyasi inkişafında yeni bir mərhələ digər inkişaf yollarının axtarışı ilə əlamətdar olmuşdur. Hətta Dünya Bankının qiymətləndirməsinə görə, 1990-cı illərin əvvəllərindən ötən dövrdə Hindistanın istifadə etdiyi iqtisadi inkişaf modeli kifayət qədər uğurlu alınmışdır. Bu, təkcə aclıq təhlükəsinin aradan qaldırılmasında və yoxsulluq səviyyəsinin azaldılmasında deyil, həm də iri və inkişaf etmiş maliyyə sektoruna nisbətən şaxələndirilmiş sənaye bazasının yaradılmasında da öz ifadəsini tapmışdı. Dövlət tənzimlənməsinin yüksək səviyyəsinə baxmayaraq, Hindistanda özəl sektor iqtisadiyyatın mühüm hissəsinə çevrilmişdi. 
Təqdirəlayiqdir ki, bu uğurlar nisbi olmalarına baxmayaraq, etnik, linqvistik və dini əlamətlərə görə bölünmüş çox mürəkkəb cəmiyyət şəraitində əldə edilmişdi. On il ərzində (1980-1990) Hindistanın inkişaf templəri nəzərəçarpacaq dərəcədə sürətlənmiş, ÜDM-in illik artımı orta hesabla 5,8 faiz təşkil etmişdi. Təəccüblü deyil ki, 1990-cı illərin əvvəllərində artıq Hindistanda sabit siyasi və iqtisadi sistemin formalaşması müşahidə olunmuşdu. Əlbəttə, bu sistem ictimai, siyasi və iqtisadi həyatın müxtəlif sahələrində çətin, bəzən də çox sərt və ağrılı olan təkanları və zərbələri uğurla dəf etməyi bacarmışdı. Bu sistem demokratiya, siyasi plüralizm, qarışıq iqtisadiyyat və sosial ədalət kimi əsas dəyərlərə əsaslanmışdı. Onu da qeyd etmək yerinə düşər ki, bu dəyərlər sisteminin ideoloji istiqamətləri çox bulanıq, bəzən isə hətta ziddiyyətli olmuşdur. Ancaq qeyri-səlis ideallarda həm öz ənənələrini, həm də müasir bəşəriyyətin inkişafının müəyyən nailiyyətlərini sintez edən Hindistanın gücü bu idi. 
Bu gün Hindistan nüvə və kosmos ölkəsidir. Müasir dövrdə Аzərbаycаn dinamik inkişaf edən Hindistаnla nоrmаl münаsibətlər qurmuşdur. Hindistаn təkcə əhalisinin sayına, özünün siyаsi, iqtisаdi, hərbi gücünə görə dеyil, еyni zаmаndа, mədəniyyətlərin qovuşduğu məkan olması ilə qlоbаllаşаn dünyаnın regional lоkоmоtivlərindən birinə çеvrilməkdədir. Bu amil beynəlxalq arenada daha fəal siyasət yürüdən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Böyük İpək yоlunun əsrlər boyu fəаliyyət göstərməsinin Аzərbаycаn – Hindistаn əlаqələrinin inkişаfınа gətirib çıхаrdığı da məlumdur. 
Bundan başqa, VII əsrdən bаşlаyаrаq, İslаmın Аzərbаycаndа möhkəmlənməsi, Hindistаnın İslаm dünyаsı ilə qоnşuluğu хаlqlаr аrаsındа siyasi, iqtisadi, mədəni əlаqələri intеnsivləşdirmişdir. Bu gün qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan yaxın dostluq münasibətləri uğurla inkişaf edir. Xatırladaq ki, Hindistan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır və hər iki ölkə rəhbərliyi bir-biri ilə etibarlı, güclü, dinamik və qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmaqda olduğunu nümayiş etdirir. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu, ilbəil genişlənir. Azərbaycan və Hindistan Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində də əməkdaşlıq edir. Statistik məlumatlara görə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olmuşdur. Hazırda Azərbaycanda 230 Hindistan şirkəti fəaliyyət göstərir və onlar 1,2 milyard ABŞ dolları sərmayə yatırmışlar. Hər iki ölkənin potensialı iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük imkanlar yaradır. 
Bir sözlə, Hindistan bu gün aqrar dövlətdən yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir ölkəyə çevrilmişdir. “Nağıllar ölkəsi” beynəlxalq arenada çəkisini hiss etdirməklə yanaşı, dünya iqtisadiyyatına və elminə öz yüksək töhfəsini də verməkdədir. Bu prosesin getdikcə güclənəcəyi, ölkənin qarşısında dayanmış qlobal çağırışlara adekvat cavab verəcəyi şübhə doğurmur. Ölkənin insan kapitalı da belə deməyə əsas verir. Belə ki, dünya əhalisinin 18 faizi məhz Hindistanda yaşayır və işçi qüvvəsinin sayı 520 milyon nəfərdən çoxdur. Buna görə də Hindistanın öz iqtisadiyyatını köklü şəkildə inkişaf etdirmək üçün böyük imkanları olması barədə deyilənlər mif deyil. Proqnozlar da hindlilərin xeyrinədir: 2040-cı ilə qədər sürətli iqtisadi artım sayəsində Hindistanın Çin və ABŞ-a çatması düşünülür.

 

“Xalq qəzeti”

 

26 Yanvar 2020 12:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə