Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşaltıda əsgərlərimiz sonadək qeyrətlə döyüşmüşdülər

Təqvim yada salır

Tarixə “Daşaltı əməliyyatı”adı ilə düşmüş uğursuz döyüş 28 il əvvəl mühasirə şəraitində yaşayan Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilmişdi. Döyüş 1992-ci il 25 yanvarda axşam saat 20-də başlanıb və yanvarın 26-da axşam saatlarında məqsədə nail olmadan, ağır itki ilə başa çatmışdı.

Daşaltı əməliyyatında ölkəmizin üzləşdiyi faciəli durum ötən 28 ildə Qarabağ müharibəsində şəhidlərimizin qanı ilə qazanılmış uğurlu döyüş tarixçələri ilə yanaşı, daim anılmış, baş vermiş məğlubiyyətin səbəbləri və nəticələri təkrar-təkrar incələnmiş, qanlı döyüşün ibrət dərslərinə ətraflı və dərindən diqqət yetirilmişdir. Bu araşdırmada, heç şübhəsiz, Daşaltı faciəsinə gətirən yola nəzər salınması yetərli qənaətlərə işıq tutur.
1991-ci ilin 18 oktyabrında SSRİ-nin sürətli süqutunun yaratdığı tarixi şəraitdə Azərbaycan da öz dövlət müstəqilliyini elan etməli olmuşdu. Lakin keçmiş sovet sisteminin yerli idarəetmə strukturu olan kommunist rejimi özünü yeni şəraitə uyğunlaşdıra bilməmişdi. Moskvaya bağlı bu tör-töküntü komanda yenə nəzərlərini Kremlə dikib oradan növbəti göstərişlər gözləmişdi. Həmin günlərdə Azərbaycana qarşı 4 ildən bəri davam edən ərazi iddialarını bütün cəbhə boyu hərbi müdaxilə ilə davam etdirən Ermənistan isə sovet ordusundan açıq-gizli ələ keçirdiyi hərbi potensialı Dağlıq Qarabağın faktik işğalına səfərbər etmişdi.
1992-ci il yanvarın ortalarında Dağlıq Qarabağda çox ağır vəziyyət yaranmışdı. 1991-ci ilin oktyabrından Ermənistan silahlı qüvvələrinin mühasirəsinə düşərək bir-birinin ardınca oda qalanan Qaradağlı, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular və digər kəndlərin işğalı zamanı erməni quldurlar nəzarətsiz qalmış sovet hərbçilərinin köməyi ilə dinc əhaliyə qarşı cinayətlər törətmişdilər.
Erməni millətçilərinin artıq çökmüş sovet imperiyasının Ermənistandakı və Dağlıq Qarabağdakı hərbi strukturlarını ələ keçirib vilayətdəki azərbaycanlılar yaşayan kəndləri sistemli etnik təmizləməyə, lokal soyqırımlara məruz qoyduğu günlərdə Azərbaycan xalqı ayağa qalxıb yerli rəhbərlikdən təcili və ciddi tədbirlər görməyi tələb edirdi. Yaranmış vəziyyətin mahiyyətini axıradək anlamayan o vaxtkı müti, Moskvadan imdad gözləyən rəhbərlik isə xalq arasında itirilmiş nüfuzunu bərpa etmək üçün həqiqi Milli Ordu yaratmaq əvəzinə, nəyin bahasına olursa-olsun, hansısa bir uğurlu hərbi əməliyyat keçirməyə üstünlük verirdi.
O zaman Şuşada xüsusilə gərgin vəziyyət yaranmışdı. Şəhər ətrafındakı erməni kəndləri silahlı quldurların dayaq məntəqələrinə çevrilmişdi. Şuşa şəhəri, yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Laçın yolu daim atəşə tutulurdu. Həmin günlərdə Dağlıq Darabağda azərbaycanlılar yaşayan əksər məntəqələr boşaldılmış, Şuşa və Xocalı şəhərləri düşmənin odlu halqasında qalmışdı. Belə bir şəraitdə Ayaz Mütəllibov hakimiyyəti Şuşanın müdafiəsini möhkəmləndirmək məqsədilə tələsik hazırlanmış, əməliyyat şəraiti dəqiq öyrənilməmiş, məxfiliyi qorunmamış əməliyyata rəvac verməklə, xalq hərəkatının güclü təzyiqi ilə yaradılmış ilk Milli Ordu hissəsini və yerli batalyonu ermənilərin tələ kimi hazırladığı Daşaltı dərəsindəki labüd qırğına göndərmişdi.
O dövrdə hər tərəfdən Ermənistan silahlı qüvvələri tərəfindən əhatə olunmuş, ölkə ilə yeganə əlaqəsi də erməni quldurlarının nəzarəti altında olan Qubadlı–Laçın yolu ilə yaradılan Şuşanın müdafiəsi çox pis təşkil edilmişdi. Şəhərdəki müxtəlif silahlı dəstələr üzərində vahid komandanlıq yox idi. Hərbi bölmələrdə intizam çox aşağı səviyyədə idi. Əməliyyatdan qabaq Milli Ordunun Şuşa batalyonunda 385 nəfər hərbi qulluqçu qeydə alınsa da, çağırışa cəmi 20 əsgər gəlmişdi. Digər döyüşçülərin də xeyli hissəsi müxtəlif bəhanələrlə və yaxud özbaşına şəhərdən çıxıb getmişdi.
Şəhər əhalisi, əsasən, mühasi-rə vəziyyətində yaşayırdı. Şuşadan 3-4 kilometr aralıda, sərt yüksəkliyin ətəyində, Şuşa–Laçın magistral yolunun yaxınlığında yerləşən Daşaltı kəndindən isə erməni quldurları şəhərə gəlib-gedən nəqliyyata daim atəş açırdılar, ölənlər və yaralananlar olurdu. Dinc əhalinin ölkənin başqa yerlərinə gedib-gəlməsi tamamilə təhlükə altında idi. Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında da çətinliklər yaranmışdı. Düşmənin məqsədi Dağlıq Qarabağ ərazisində buvaxtadək işğal edə bilmədikləri Şuşanı və Xocalını da ələ keçirməklə, vilayətdə azərbaycanlıların mövcudluğuna son qoymaq idi. 
Bu ekstremal şərati yüngülləşdirmək üçün Azərbaycanın hərbi komandanlığı Daşaltı kəndini erməni silahlılarından azad etməyi qərara almışdı. Şəhərə gəlmiş müdafiə naziri Tacəddin Mehdiyev icra hakimiyyəti başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdi. Müzakirədə bütün dəstələri vahid komandanlıq altında birləşdirmək, komendant saatı tətbiq etmək təklif olunmuş, erməni quldurlarının Daşaltı kəndindən çıxarılması üçün əməliyyat keçirmək qərara alınmışdı.
Qəzetimizin Qarabağ bölgəsində xüsusi müxbiri Ziyəddin Sultanovun o vaxt göndərdiyi operativ informasiyaya, sonradan dəqiqləşdirilmiş faktlara istinad etsək, yada salmalıyıq ki, Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20-də başlanmış və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatmışdı. 
Əməliyyatın əvvəlində ön mövqedəki bir neçə düşmən öldürülmüş, döyüşçülərimiz kəndin içərilərinə doğru irəliləmişdilər. Lakin ermənilər vaxtında mavevr etmiş, texnika və silahları arxaya keçirərək, döyüşçülərimizi pusquya salmış, hər tərəfdən hədəfə almışdılar. Şuşa tərəfdən sıldırım qayalarla, o biri yandan isə qalın qar qatı altında olan Topçu meşəsi ilə əhatə olunmuş dar dərə mühasrəyə düşmüş döyüşçülərimiz üçün “ölüm kamerası”na dönmüşdü. Daşaltıda vəziyyətin çıxılmaz olduğunu görən T.Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin 5-ci bölüyünü köməyə göndərmişdi. Lakin cəmi 500–600 metr irəlilədikdən sonra ermənilərin güclü müqaviməti ilə qarşılaşan həmin bölük də dayanmağa məcbur olmuşdu. Əməliyyatın iflasa uğradığını başa düşən müdafiə naziri güclü dumandan istifadə edərək geri çəkilmək əmri vermişdi. Yanvarın 26-da toranlıqda sağ qalmış döyüşçülərimiz əldən düşmüş halda Şuşaya qayıda bilmişdilər.
O günlərdə bir-birinin ardınca baş vermiş qanlı faciələrdən özünə gələ bilməyən xalqımız daha bir ağır sarsıntıya məruz qalmışdı. Baş vermiş məğlubiyyət, həqiqətən, dəhşətli idi. Daşaltını mühasirəyə alıb zəiflətmək əvəzinə, kəndə lüzumsuz hucum təşkil edilmiş, vəziyyətin düzgün qiymətləndirilməməsi səbəbindən hərbi bölməmiz düşmənin canlı hədəfinə çevrilmişdi. 
Əməliyyatın təşkili ilə bağlı aktiki səhvlər, qruplar arasında rabitə olmaması, döyüş sirrinin yayılması və bəzi bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək məhv edilmişdi. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilməyə məcbur olmuşdu. Son məlumata görə, Daşaltı əməliyyatında 90 hərbçimiz şəhid olmuş, xeyli əsgər əsir və itkin düşmüşdü. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdilər.
Qarabağ müharibəsinin ayrı-ayrı döyüşləri təhlil edilərkən Daşaltı əməliyyatına daha çox diqqət yetirilir. Bu uğursuzluq sonrakı hadisələrə ciddi təsir etdi. Daşaltıda qələbə qazanılması müharibənin gedişatını dəyişdirməyə, təşəbbüsü ermənilərdən almağa, düşməni geriyə sıxışdırmağa imkan verərdi. Amma Daşaltıdakı məğlubiyyət döyüşçülərimizə və əhaliyə sarsıdıcı təsir etdi. Azərbaycan xeyli müddət yeni hücum əməliyyatı keçirə bilmədi. Qazandığı uğurdan şirniklənən Ermənistan silahlı qüvvələri bir ay sonra Xankəndindəki sovet hərbi alayının hərtərəfli köməyi ilə Xocalı qətliamını törətdi. May ayının 10-da isə Azərbaycanda şiddətlənən siyasi qarşıdurmadan istifadə edən ermənilər Şuşanı asanlıqla ələ keçirdilər.
Daşaltıdakı uğursuzluq, göründüyü kimi, sonrakı məğlubiyyətlərə başlanğıc oldu. Lakin bu döyüş əsgərlərimizin ayrı-ayrı qəhrəmanlıq epizodları, Vətən yolunda şəhidlik nümunəsi kimi də yada salınır. Milli Ordumuzun tarixinə ən uğursuz döyüş kimi daxil olan Daşaltı əməliyyatı ilə bağlı məsuliyyətsizlik, satqınlıq və xəyanətkarlıq isə daim lənətlənir.
Daşaltı döyüşündə iştirak etmiş tağım komandiri 
Füzuli Rzaquliyev məğlubiyyəti daha çox səriştəsizlik, vahid komandanlığın olmaması ilə əlaqələndirərək bildirib:
– O vaxt Rəhim Qazıyev müdafiə naziri olmaq istəyirdi, Tacəddin Mehdiyev isə hansısa bir uğurlu əməliyyat keçirməklə ondan üstün olduğunu sübut etməyə çalışırdı. Ona elə gəlmişdi ki, Bakıda təşkil edilmiş ilk batalyonu Şuşaya gətirib, şəhərə gələn yolu nəzarətdə saxlayan kiçik Daşaltı kəndini asanlıqla zərərsizləşdirə biləcək. Lakin hər şey gözlənildiyinin əksinə alındı. Bunun bir sıra səbəbləri var idi ki, müdafiə naziri bunları nəzərə ala bilməmişdi.
Müdafiə naziri T. Mehdiyev isə Daşaltı əməliyyatının uğursuzluğunu həmin dəqiqələrdə belə ifadə etmişdi: “Mən şokdayam. Bizi satıblar. Biz, sanki, “ətçəkən maşına” düşdük. Onlar bizi gözləyirmişlər. Onlar əvvəlcədən bizim hücum edəcəyimizi bilirmişlər…”
Hərb tariximizə, Qarabağ müharibəsinin qanlı salnaməsinə arzuolunmaz, uğursuz döyüş səhnəsi kimi düşmüş Daşaltı əməliyyatında iştirak edən döyüşçülərimizin bir hissəsi qəhrəmancasına həlak olsa da, ölümün üstünə qorxmadan gedən igid oğullarımız düşmənə də eyni məğlubiyyətin acısını yaşatdı. ­Daşaltı şəhidləri Vətən yolunda qurban getməyin daha bir ölməz örnəyinə çevrildilər.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

26 2020 12:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə