Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Parlament seçkilərini beynəlxalq standartlar səviyyəsində keçirmək üçün həm təcrübəmiz, həm də zəngin hüquqi bazamız var”

Parlament seçkilərinə hazırlığın qızğın dövrüdür. Deputatlığa namizədlər seçiciləri ilə görüşlər keçirir, öz platformalarını bəyan edirlər, Mərkəzi Seçki Komissiyası isə təlimat və kitabçalar hazırlayır, maarifləndirmə tədbirləri, treninqlər keçirir. Builki parlament seçkilərinin də beynəlxalq standartlar səviyyəsində keçirilməsi üçün bütün imkanlardan istifadə olunur. 29 saylı Səbail seçki dairəsi DSK-nın sədri Cahangir Məmmədovla söhbətimiz də seçkilərə hazırlıqla bağlı oldu:

– Cahangir müəllim, uzun illərdir ki, dairə seçki komissiyasının sədrisiniz. Bu sahədə kifayət qədər təcrübəniz var. Əvvəlcə indiyədək ölkəmizdə keçirilən seçkilər barədə fikrinizi bilmək istərdik.

– Azərbaycanda demokratik seçki ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, Azərbaycançılıq məfkurəsinin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, demokratik dəyərlərə xüsusi önəm verilməsi, azad və ədalətli seçki keçirilməsi və digər sahələrdə görülən işlərin bünövrəsi məhz böyük siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilmiş, beynəlxalq təşkilatlar tərəfindən demokratik sənəd kimi qiymətləndirilən Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş, bu istiqamətdə mütəmadi olaraq qanunvericilik aktları qəbul edilmiş və zəngin hüquqi baza yaradılmışdır. Ölkəmiz dəfələrlə demokratik, şəffaf seçki keçirməyə qadir olduğunu təsdiqləmişdir. Bu il daha bir demokratik seçkinin şahidi olacağıq.

– Yeri gəlmişkən, qarşıdakı parlament seçkilər üçün yaradılmış demokratik şəraiti necə qiymətləndirirsiniz?

– Builki seçkilər əvvəlki illərlə müqayisədə çox gərgin keçəcək. Bunu iştirakçıların sayı da təsdiqləyir. Seçkilərin keçirilməsinə start verilən gündən siyasi mövqeyindən asılı olmayaraq, deputat mandatı qazanmaq istəyənlərin hər birinə əlverişli şərait yaradıldı. Bunu iştirakçıların sayı da təsdiqləyir. Fikir verin, seçkilərdə iştirak etmək üçün 2 min 431 nəfər müraciət etmişdi. Onlardan 2 min 358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqləndi və 2 min 247 nəfər imza vərəqələrini götürdü. Hazırda 1447 nəfər deputat mandatı uğrunda mübarizəni davam etdirir. Seçki prosesini izləyəcək beynəlxalq və yerli müşahidəçilərin də sayı gündən - günə çoxalır. İndiyədək 210-dan çox beynəlxalq müşahidəçi və 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin müraciətləri davam edir. Ümid edirik ki, həm yerli, həm də beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Çünki mövcud qanunvericiliyə görə, seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələrin qəbulu Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalana qədər davam edir. Beynəlxalq müşahidəçilərin akkreditasiyası üçün son vaxt da məhz həmin gündür. Bu günlərdə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək. Faktlar da təsdiqləyir ki, həm beynəlxalq aləmdə, həm də ölkəmizdə builki seçkilərə maraq çox böyükdür.

– Rəhbərlik etdiyiniz dairə seçki komissiyasında hazırlıq işlərində vəziyyət necədir?

– Bizim dairə üzrə 32 seçki məntəqəsi fəaliyyət göstərir. Seçkidə 38 min 862 seçici iştirak edəcək. Onlardan 83 nəfəri ilk dəfə səs verəcək. İndiki gənclərimiz geniş dünyagörüşə malikdirlər. Onların hərtərəfli biliyə yiyələnmələri üçün əlverişli şərait yaradılıb. Ona görə də gənclərimizin hər biri seçkilər haqqında tam məlumatlıdır. Düzgün qurulmuş təbliğat-təşviqat işlərinin də bu sahədə rolu danılmazdır. Bütün bunlara baxmayaraq, gənclərin maarifləndirilməsi vacibdir. Bütün məntəqələr seçkilərə , demək olar ki, tam hazırdır. Seçici siyahıları təsdiq olunaraq, əlverişli yerlərdən asılıb. Şəffaflığın təmin olunması məqsədilə 12 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Hər bir məntəqəyə gözlə görünməyən mürəkkəb və bənövşəyi lampa verilib. Müşahidəçilər üçün müvafiq yerlər ayrılıb. Yeri gəlmişkən, qeyd edim ki, indiyədək bizim dairədə 335 yerli, 2 nəfər isə beynəlxalq müşahidəçi – ATƏT-in uzunmüddətli müşahidə missiyasının üzvü qeydiyyatdan keçib. Bu vaxta qədər hazırlıq işləri ilə tanış olan beynəlxalq müşahidəçilər 2 dəfə bizim dairədə və məntəqələrdə olub və hər dəfə də razılıqlarını bildiriblər.

– Deputatlığa namizədlərin təbliğat- təşviqat kampaniyası ilə bağlı vəziyyət necədir?

– Bizim dairə üzrə hələlik deputatlığa 20 iddiaçı var. Onların təbliğat kampaniyaları Seçki Məcəlləsi ilə tənzimlənir. Deputatlığa namizədlərin təbliğatı üçün hər bir seçki məntəqəsinin yaxınlığında dəmir lövhə quraşdırılıb. Namizədlər artıq həmin lövhədə şəkillərini və platformalarını yerləşdiriblər. Bundan əlavə, seçicilərlə görüşmək üçün iki açıq və qapalı yer müəyyənlədirilib. Bu günə qədər namizədlərdən və ya onların nümayəndələrindən heç bir şikayət daxil olmayıb.

– Bəs maarifləndirmə tədbirləri nə yerdədir?

– Bəli, baxmayaraq ki, bələdiyyə seçkiləri yenicə başa çatıb, parlament seçkiləri ərəfəsində də maarifləndirmə tədbirlərinə böyük önəm verilir. Bu məqsədlə keçirilən tədbirlər mühüm əhəmiyyətə malikdir. Çünki səsvermə günü qarşıya çıxan problemlər asanlıqla öz həllini tapır. Artıq Mərkəzi Seçki Komissiyası maarifləndirmə tədbirlərinə start verib. Bir neçə gündür ki, bu tədbir çərçivəsində növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb. Dörd gün davam edəcək “Trenerlər üçün treninq” adlı ilk mərhələ Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən müxtəlif əyani və metodiki vəsaitlərdən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir. Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treneri treninqlərin bu mərhələsində seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər. Belə tədbirlərin keçirilməsi hər birimizin ürəyincədir.

Ümid edirik ki, builki seçkilərdə də ölkəmizin demokratik ənənələrə sadiqliyi bir daha təsdiqlənəcək. Bu da təsadüfi deyil. Çünki seçkilərin beynəlxalq standartlar səviyyəsində keçirilməsində həm yetərincə təcrübəmiz, həm də zəngin hüquqi bazamız var.

 

Söhbəti qələmə aldı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

25 Yanvar 2020 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Noyabr 2020 | 12:30
Gercək qələbə dastanı

Köhnə versiyamızdan xəbərləri izlə