Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Tibb Universitetində professor Vaqif Şadlinskinin 80 illik yubileyi qeyd olunub

Azərbaycan Tibb Universitetində professor Vaqif Şadlinskinin 80 illik yubileyi qeyd olunub

Yanvarın 24-də Azərbaycan Tibb Universitetində tibb elmləri doktoru, kafedra müdiri, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor Vaqif Şadlinskinin 80 illik yubileyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, Tibb Universitetinin tədris işləri üzrə prorektoru Sabir Əliyev yubiley ərəfəsində professor Vaqif Şadlinskini Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib, onun keçdiyi həyat yolundan danışıb.

Professor Mübariz Allahverdiyev yubilyarın keçdiyi elmi, pedaqoji və ictimai fəaliyyəti barədə məruzə edib. O, əmək fəaliyyətində stomatologiya kafedrasında baş laborant kimi başlayan və sonralar indi rəhbərlik etdiyi kafedraya keçən professor Vaqif Şadlinskinin 32-dən artıq dərslik, 45-dən çox metodiki və dərs vəsaitinin müəllifi olduğunu, onun rəhbərliyi altında 9 elmlər doktoru, tibb üzrə 29 fəlsəfə doktoru hazırlandığını qeyd edib. Əməkdar elm xadimi olan Vaqif Şadlinskinin rəhbərlik etdiyi insan anatomiyası və tibbi terminologiya kafedrası universitetdə ən çox elmlər doktoru olan kafedralardan biridir. 
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, İqtisad Universitetinin kafedra müdiri Əvəz Ələkbərov, anatomiya kafedrasının professoru Rafiq Əsgərov, professor Elçin İsgəndərzadə və başqaları çıxış edərək yubilyarı təbrik edib, onun elmə, tibbə, konkret olaraq anatomiyaya bağlı olan həyat yolundan epizodlar danışıb və 50 ildən atıq elmi fəaliyyətini çox yüksək dəyərləndiriblər. Qeyd olunub ki, professorun indiyədək 600-ə yaxın elmi məqaləsi dərc olunub, müxtəlif Avropa ölkələrinin orden və medallarına layiq görülüb. 
Fəxrəddin Əliyev yubilyara həsr etdiyi şeiri oxuyub, professor Nəriman Mövsümov Vaqif Şadlinskinin ünvanına respublikamızdan və xarici ölkələrdən göndərilən təbrik məktublarını və teleqramları tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Tədbirdə çıxış edən professor Vaqif Şadlinski onu təbrik etməyə gələn tələbə yoldaşlarına, dostlarına və tələbələrinə təşəkkür edərək deyib: “İlk dəfə 1970-ci il sentyabrın 1-də müəllim kimi auditoriyaya girmişəm. O vaxtdan sonra çox adamlar qolumdan tutub, himayədarlıq edib. Mənim elmi fəaliyyətimə həmişə böyük qayğı göstərən və dəstək verən mərhum və unudulmaz müəllimim professor Kamil Balakişiyevə, eləcə də həyatımın müxtəlif mərhələlərində mənə kömək əli uzadan hər kəsə minnətdarlıq edirəm. Ən böyük minnətdarlığım isə ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən və dünən məni “Şöhrət” ordeni ilə təltif edən Prezident İlham Əliyevədir. Bu, indiyə qədər mənim layiq görüldüyüm ən yüksək ordendir. Əməyə layiqli qiymət veriləndə insan ­ruhlanır”.

 

25 2020 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə