Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

Yanvarın 24-də Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə reallaşdırılan “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi ilə əlaqədar tədbir ­keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Ceyran Quliyeva tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib.
Sonra çıxış edən “Nargis for Eco” layihəsinin kuratoru Sevinc Həsənova layihənin vacibliyini vurğulayaraq, bu kimi ekoloji və sosialyönümlü tədbirlərin önəmli olduğunu deyib. O, tullantı kimi atılan əşyalardan səmərəli istifadə olunduğu  halda yaradıcı insanların sənət əsərinə çevrilə biləcəyini qeyd edib. 
Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” (“Make the Earth smile again”) mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə 189-190 nömrəli məktəbin şagirdləri tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı iş seçilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.
2019-cu ilin noyabr ayından start verilən “Tullantılardan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir.
Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.

 

25 2020 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə