Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üç yaşlı uşaq uğurla əməliyyat olunub

Üç yaşlı uşaq uğurla əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Dr. Ramal Həsənov ölkəmizdə bir ilkə imza atıb. Ebstein anomaliyası diaqnozu ilə klinikaya qəbul edilən 3 yaşlı Cahid Nəsirovu əməliyyat edib.     

Cərrah R.Həsənov bildirib ki, ebstein anomaliyası anadangəlmə ürək xəstəliklərinin bir faizdən də azına rast gəlinən bir xəstəlikdir. Həkimin sözlərinə görə, bu anomaliya ilk dəfə Wilhelm Ebstein tərəfindən 1866-cı ildə aşkar edilib. Ebstein anomaliyasının ağırlıq dərəcəsindən asılı olaraq 4 tip olur. C.Nəsirovda 3-cü tip Ebstein anomaliyası və ASD (qulaqcıqlararası çəpər defekti) aşkarlandığını qeyd edib. Xəstə elektofizioloji müayinə olunan zaman hər hansı bir aberrant yol aşkarlanmadığını deyib: ”Xəstədə Da-Silvanın Cone proseduru ilə tricuspid qapaq təmiri həyata keçirildi. Onda yuxarı boş vena və sağ ağciyər arteriyası arasında ikiyönlü kavo-pulmonar anastomoz (Glenn) qoyuldu və ASD qapadıldı. Bunlarla yanaşı, həmçinin sağ mədəcik və sağ qulaqcıq reduksiyası edildi. Xəstə 3 gün reanimasiya şöbəsində qaldı və 10-cu gün yaxşılaşma ilə evə yazıldı”.

Qeyd edək ki, bu əməliyyat 10 ilə yaxındır ki, kəşf olunub və dünyanın nüfuzlu tibbi mərkəzlərində icra olunur.

Cahidin nənəsi Təranə Nəsirova 3 yaşlı nəvəsinin anadangəlmə ürək qüsurlu doğulduğunu, xəstəlikdən əməliyyata qədər xeyli əziyyət çəkdiyini bildirib. Ölkənin müxtəlif xəstəxanalarına müraciət etmələrinə baxmayaraq, əməliyyatı heç bir həkim öhdəsinə götürməyib. Yalnız cərrah R.Həsənov bu ağırlığı çiyinlərinə götürərək uğurla başa çatdırıb. Əməliyyat olunduğu 10 gün ərzində nəvəsində xeyli irəliləyişin olduğunu bildirən nənə, C.Nəsirovda əsasən təngənəfəsliyin aradan qaldırıldığını bildirib.

Uşağın valideynləri Nurlan və Ağca Nəsirovlar, eyni zamanda, nənəsi belə bir əməliyyatı uğurla həyata keçirdiyinə və övladlarını yenidən həyata qaytardığına görə, həkimə dərin təşəkkürlərini bildiriblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2020 14:47 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə