Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Milli Dram Teatrının 2020-ci il üçün maraqlı planları var

Akademik Milli Dram Teatrının 2020-ci il üçün maraqlı planları var

Teatrın  rəhbəri, Xalq artisti  Azər Paşa Nemətov  2020-ci il üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı çoxsaylı planları olduğunu bildirib.

A. P. Nemətovun sözlərinə görə, artıq bir neçə qastrol səfəri ilə bağlı ilkin danışıqlar aparılıb: “Bu günlərdə Gürcüstanın Milli Teatr Günü ilə əlaqədar qonşu ölkədə bir neçə görüş keçirdim. Gürcü teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına böyük marağı var. Kutaisi, Tbilisi və digər şəhərlərdə olan teatrlar bizi qastrola dəvət edirlər. Gürcüstanın dünyada tanınmış teatr rejissoru Robert Sturua ilə çox gözəl münasibətimiz var. Bu münasibətin və dostluğun tarixi 40 ilə yaxındır. Məhz onun və digər dostlarımızın dəvəti ilə qonşu ölkənin teatrsevərləri üçün tamaşalar oynayacağıq”.

Azər Paşa Nemətov əlavə edib ki, rəhbərlik etdiyi kollektiv 2020-ci ildə Daşkənd və Türkiyədə olan festivallarda da iştirak edəcək: “Hər iki ölkə ilə danışıqlar aparılır. Yaxın vaxtlarda konkret addımlar atılacaq. 2019-cu ilin oktyabr ayında Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında təntənə ilə qeyd olundu. Ölkəmizin başçısının digər sərəncamı ilə teatrımızın aktyorları fəxrli adlarla təltif olundu. Bu, cənab Prezidentimiz tərəfindən bizə göstərilən  böyük etimadın bariz nümunəsidir və bir daha ölkə başçımıza təşəkkürümü bildirirəm. Məhz 100 illik yubileylə əlaqədar istər beynəlxalq, istərsə də yerli qastrollarla bağlı planlarımız böyükdür. Eyni zamanda, ötən il olduğu kimi bu il də yeni premyeralarla tamaşaçılarımızı sevindirəcəyik. İstər dünya, istərsə də Azərbaycan dramaturgiyasından olan əsərlər əsasında hazırlanan tamaşalar teatrımızın səhnəsində oynanılacaq”.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 2020 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə