Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Azərbaycanda insanların həyat standartları ildən-ilə daha da yaxşılaşır

Prezident İlham ƏLİYEV: Azərbaycanda insanların həyat standartları ildən-ilə daha da yaxşılaşır

Qlobal inkişafın mühüm problemlərinin müzakirəsində, dünya birliyinin işgüzar, siyasi, intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayan ənənəvi Davos İqtisadi Forumunda Prezident İlham Əliyev əvvəlki illərdə olduğu kimi, bu dəfə də dünyanın dövlət və hökumət başçıları, aparıcı iş adamları ilə görüşərək, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırıb. Azərbaycan Prezidentinin Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınması xüsusi vurğulanıb. Respublikamızın vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməsi diqqətə çatdırılıb. Bildirilib ki, son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olub, respublikamızın regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli yüksəlib, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri güclənib, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yaxşılaşıb.

Ümumiyyətlə, dünyanın ən böyük iqtisadi platforması sayılan Davos İqtisadi Forumu Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından hər zaman mühüm önəm daşıyıb. Forumda Azərbaycan brendinin dünyaya tanıdılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı obyektiv məlumatların çatdırılması qarşıda prioritet vəzifə kimi durub. 
Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında diqqətçəkən maraqlı bir məqamı xatırlatmaq istərdik. Belə ki, dövlətimizin başçısı moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?”,–sualına cavabında dərhal “Bakıya”–cavabını verib və əlavə edib: “Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq”.
Prezident İlham Əliyev daha sonra moderatorun Azərbaycanda hökumətin yeniləşdirilməsi, gənc texnokratlara böyük etimad göstərilməsi ilə bağlı sualına cavabında son illərdə bu istiqamətdə önəmli islahatlar reallaşdırıldığını, hökumətə yüksək təhsil alan, müasir baxışlı yeni insanlar dəvət olunduğunu bildirərək, qeyd edib ki, dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalan Prezident Administrasiyasına da gətirilib. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq.
Prezident İlham Əliyev moderatorun müvafiq sualına cavabında bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirildiyini, gənclərin yüksək təhsilə yiyələndiklərini, dövlət işlərinə cəlb edildiklərini xatırladıb. 
Bəli, bütün bunlar həqiqətdir. Ölkə rəhbərinin– “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisi dövlət başçısının gənclərə etimad və münasibətinin bariz ifadəsidir. Bu, Prezident İlham Əliyevin yeritdiyi kadr siyasətində də aydın nəzərə çarpır. 
Ümumiyyətlə, dövlətimizin başçısı bu gün gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasını, onların məşğulluğunun təmin edilməsini, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirilməsini əsas hədəflər kimi qarşıya qoyub.
Son illər ərzində gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması mövcud konsepsiyanın uğurla icrasının göstəricisidir. Bunu gənclərin artıq müşahidəçi qismindən birbaşa siyasi-ictimai proseslərin iştirakçısına çevrilməsi faktı da sübut edir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir.
Prezident İlham Əliyev etimad göstərilən gənclərin fəaliyyətinin artıq uğurlu olduğunu diqqətə çatdıraraq, son illərdə əldə edilən yüksək göstəricilərin əsasında məhz səmərəli idarəçiliyin, gerçəkləşdirilən islahatların dayandığını vurğulayıb. Eyni zamanda, bildirib ki, əvvəllər əsasən infrastruktur layihələrinə investisiya qoyuluşuna diqqət yetirilirdi. Məhz elə buna görə də Davos Forumuna əsasən ölkəmiz hazırda elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Respublikada 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi: “İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur”. 
Dövlətimizin başçısı fikrini davam etdirərək, əhalinin dinamik artımı ilə bağlı iş yerlərinin yaradılmasının da hər zaman prioritet məsələ olduğunu, yoxsulluğun indiki səviyyədə – 5 faizdən aşağı saxlanılmasına səy göstəriləcəyini diqqətə çatdırıb, inflyasiyanın, eləcə də xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyanın uğurla həyata keçiriləcəyinə əminliyini qeyd edib. 
Prezident İlham Əliyev panel iclasında bir sıra diqqətçəkən məqamlara da toxunub. Azərbaycanın qonşu ölkələr və çoxsaylı tərəfdaşları ilə münasibətlərinin qarşılıqlı maraqlara əsaslandığını, beynəlxalq qurumlarda təmsilçiliklə bağlı hər bir məsələyə praqmatik yanaşıldığını, bir sıra beynəlxalq institutların, o cümlədən Qoşulmama Hərəkatının üzvü olduğunu xatırladıb. 
Dövlətimizin başçısı ölkəmizdə sabitliyin, xalq-iqtidar birliyinin mövcudluğunu, inkişafın davamlı xarakter daşıdığını, islahatların uğurla gerçəkləşdirildiyini vurğulayıb. Bildirib ki, əsas narahatlıq sərhədlərimizin xaricində gərginliyin artması ilə bağlıdır: “Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.
Prezident İlham Əliyev iclasda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qeyd edib ki, biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin, demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. 
Əlbəttə, Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, Dağlıq Qarabağ bölgəsini, habelə yeddi ətraf rayonu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb. İşğalçı dövlət, həmçinin Azərbaycanda beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər törədib.
Beləliklə, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü bu gün heç nədən çəkinmədən bütün dünyaya açıq şəkildə göstərir. Halbuki Ermənistanın bir milyondan artıq yurd-yuvasından didərgin salınan soydaşımızın ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, insan hüquqlarından danışması hər hansı siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır. 
Dövlətimizin başçısı hər zaman bəyan edib ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Cənab İlham Əliyev bu məsələ ilə bağlı bütün görüşlərdə və danışıqlarda güclü siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib, öz mövqeyini qəti və konkret surətdə ifadə edib.
Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdırır, həm də siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olur. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb. Ən əsası, Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl siyasət həyata keçirir.
Yeri gəlmişkən, dövlətimizin başçısının Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo və “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşlərində də Azərbaycanda son illərdə aparılan islahatların artıq müsbət nəticələr verməsi, şəffaflığın və hesabatlılığın artması, mövcud investisiya mühitinin son dövrlərdə daha da yaxşılaşması, vergi və gömrük sahələrində reallaşdırılan uğurlu islahatlar, inzibatçılığın asanlaşması, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq əməkdaşlıqla bağlı məsələlər barədə ətraflı danışılıb. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

24 2020 01:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə