Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya İqtisadi Forumunun analitik hesabatında “ASAN İmza” haqqında məlumat verilib

Dünya İqtisadi Forumunun bir hissəsi sayılan layihə çərçivəsində “Mobil gələcəyin formalaşması və gələcək texnologiyaların idarə edilməsinin formalaşdırılması: blokçeyn və paylanmış reyestrlərin texnologiyaları” analitik hesabatı yayımlanıb. “Təchizat kanalları üçün blokçeynin inklüziv genişləndirilməsi: 2-ci hissə – Rəqəmsal identitetlərin etibarlı yoxlanılması” hesabatında Azərbaycan mobil identitetinin nümunəsi sayılan “ASAN İmza” haqqında məlumat yer alıb.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildiriblər ki, bu, uyğunluq, tamlıq və inklüzivliyin təmin edilməsi məqsədilə təchizat zəncirində paylanmış reyestrlər texnologiyasının formalaşdırılması üçün yeni alət və strukturların birgə yaradılmasına yönəlmiş böyük layihənin bir hissəsi olan nəşrlər seriyasında ikinci nəşr hesab edilir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin “Təchizat kanalları üçün blokçeyn” layihəsi birgə layihə və əməkdaşlığa yönəlmiş qlobal, çoxsahəli, hərtərəfli bir fəaliyyətdir. Bu layihədə dünyanın müxtəlif sahələrindən və hökumətlərindən olan tərəflər iştirak edir. Məruzə çoxsaylı müzakirələrə, seminarlara, tədqiqatlara, eləcə də bütün maraqlı tərəflərin birgə işinə əsaslanır. Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri, “ASAN İmza” xidmətinin texniki operatoru hesab edilən “B.EST Solutions” Azərbaycan şirkətinin təsisçisi və direktoru, həmçinin ölkəmizdə Rəqəmsal Ticarət Qovşağının tərəfdaşı sayılan Jana Krimpe analitik nəşrin ərsəyə gəlməsində iştirak edib. O, “ASAN İmza” mobil identitetinin təqdim edilməsi və istifadəsi sahəsində Azərbaycanın ən yaxşı praktikalarını və öz təcrübəsini bölüşüb.  Bu işdə dünyanın 15 ölkəsindən – Azərbaycan, ABŞ, Estoniya, Almaniya, Danimarka, İsveçrə, İsrail, İspaniya, Koreya Respublikası, Avstriya, Böyük Britaniya, İsveç, Anqola, Hindistan və Yaponiyadan olan aparıcı mütəxəssis və peşəkarlar iştirak ediblər. 
 “İnnovasiyaların sürətli tətbiqi və Azərbaycanın rəqəmsal iqtisadiyyatının çox sürətli inkişafı, ölkədə istənilən rəqəmsal xidmətə etimadın vacib komponenti olan gücləndirilmiş təkmil rəqəmsal identitetə inam tələb edir. Azərbaycanda ən uğurlu ekosistemlərdən biri sayılan təkmil mobil identitet – “ASAN İmza” mobil elektron imza hazırlanıb. Belə təşəbbüslərdə iştirak əvəzsiz təcrübə və bilik, eləcə də ən yaxşı təcrübələrimizi dünya birliyi ilə bölüşmək üçün imkan yaradır. Yalnız biznes, hökumətlər və istehlakçılarla sıx əməkdaşlıq şəraitində biz etimadı təmin etməklə biznesin böyüməsi, eləcə də  fərdi məlumatların qorunması və konfidensiallığı üçün imkanlar təmin edə biləcəyik”,- deyə, Jana Krimpe qeyd edib.
Jana Krimpe Dünya İqtisadi Forumunun yanvarın 16-da çap edilmiş “Rəqəmsal identitetə yenidən baxış: strateji imperativ” nəşrinə də əhəmiyyətli töhfəsini verib.
Hüquqi şəxslərin etibarlı rəqəmsal identifikasiyası Azərbaycan üçün gündəmin əsas mövzusudur. Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan və operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi olan Rəqəmsal Ticarət Qovşağı Azərbaycan və dünyanın tərəfdaş ölkələri arasında transsərhəd elektron xidmətlər və elektron imzaların inkişaf etdirilməsini hədəfləyir.
“ASAN İmza” həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində  vətəndaşlar və biznes mühitində artan populyarlıq əldə edib və mobil hökumətin açar komponenti hesab edilməkdədir. Hazırda 600-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində “ASAN İmza”dan istifadə edirlər. “ASAN İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunub. Onun köməyi ilə elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin online qeydiyyatı və s. həyata keçirilir.
Analitik hesabat haqqında ətraflı məlumatı  https://www.weforum.org/whitepapers/reimagining-digital-identity-a-strategic-imperative və http://www3.weforum.org/docs/WEF_Trustworthy_Verification_of_Digital_Identities_2019.pdf    linkləri vasitəsilə əldə etmək olar. 


AZƏRTAC

24 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə