Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davos Forumunun hesabatlarında Azərbaycanın uğurları yüksək qiymətləndirilir

Dünya İqtisadi Forumu 1971-ci ildə alman əsilli, Cenevrə Universitetinin iqtisadiyyat fənni üzrə professoru Klaus Şvab tərəfindən İqtisadi İdarəetmə Forumu adı ilə yaradılıb. Forum fəaliyyətinin ilkin dövrlərində Avropa iqtisadi modelini dünyaya, xüsusilə Amerika biznes cəmiyyətinə təqdim etməyi qarşıya mühüm vəzifə kimi qoyub və qlobal miqyaslı tədbirlər həyata keçirib. 

Həmin tədbirlər uğurla nəticələndiyindən bu qeyri-hökumət təşkilatına 1987-ci ildə Dünya İqtisadi Forumu adı verilib. Onu da xatırladım ki, 1973-cü ildə cərəyan edən hadisələr forumun gələcək fəaliyyət planlarına təsir edəcək dönüşə səbəb olub. Belə ki, həmin vaxt baş verən Bretton-Vuds (Bretton-Woods) maliyyə sisteminin iflasa uğraması və Ərəb-İsrail müharibəsi forumun istiqamətini müəyyən qədər dəyişərək, ilk növbədə, iqtisadi, daha sonra isə siyasi məsələlərə yönləndirib. 
Yeri gəlmişkən, 1988-ci ildə uzun müddət həlli yolunu tapmayan Türkiyə–Yunanıstan arasında münasibətlərin forum vasitəsilə yaxşılaşması, müəyyən razılıqların əldə olunması və XX əsrin ortalarından etibarən Qəzza sektorunda baş verən gərginliyin müvəqqəti də olsa, bu təşkilatın köməyilə aradan qaldırılması Dünya İqtisadi Forumunun beynəlxalq müstəvidə nüfuzunu yüksəldərək, siyasi–iqtisadi imicini daha da möhkəmləndirib. 
Sözügedən iqtisadi forum dünyada yeganə qurumdur ki, aparıcı ölkələrin həm dövlət və hökumət başçılarını, həm də aparıcı şirkətlərin, beyin mərkəzlərinin rəhbərlərini, media qruplarını müəyyən mövzu ətrafında müzakirəyə dəvət edir. Forum, eyni zamanda, mütəmadi olaraq regional toplantılar da keçirir. Məsələn, 2013-cü ildə həmin tədbirlərdən biri paytaxt Bakı şəhərində reallaşıb. 
Onu da xatırladım ki, Davos İqtisadi Forumu hər təqvim ilinin birinci ayında keçirilir. Qlobal iqtisadi-siyasi trendlərin müəyyənləşdirilməsinə təsir göstərməyə çalışır. Tövsiyə xarakterli qərarlar qəbul edir. Həmçinin ilin iqtisadi və siyasi yekunlarının müzakirəsini aparır, hesabat dövrünün nəticələrini qiymətləndirir. Digər tərəfdən, artıq yeni başlanan ildə trendlərin müəyyənləşdirilməsinin müzakirəsini reallaşdırır. 
Dövlətimizin başçısı cənab İlham Əliyev artıq 14-cü dəfədir ki, iştirak etdiyi Davos İqtisadi Forumunda indiyədək dünyanın çox sayda dövlət və hökumət başçıları, aparıcı iş adamları ilə görüşüb, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırıb. Bütün bunların nəticəsində isə ölkəmizə investisiya qoyuluşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib. 
Prezident İlham Əliyevin bu il reallaşan forumda təşkilatın prezidenti Borge Brende ilə görüşündə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi xatırladılıb. 
Sonra Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. 
Yeri gəlmişkən, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev aparıcı ölkələrin həm dövlət və hökumət başçıları, eləcə də aparıcı şirkətlərin rəhbərləri, beyin mərkəzlərinin, media qruplarının nümayəndələri ilə görüşərək, siyasi, sosial-iqtisadi məsələlər, habelə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyi barədə fikir mübadiləsi aparıb. 
Prezident İlham Əliyev söhbətlərində qeyd edib ki, qarşılıqlı maraqların balanslaşdırılması, bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməməsi, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu Azərbaycanın uğurlarının, daxili sabitliyinin və firavan gələcək perspektivinin əsasıdır.
Azərbaycan Prezidenti respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, həmçinin neft və qazdan asılılığın azaldılması səyləri haqqında söhbət açarkən, vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi dövlətimizin əsas məqsədidir. Azərbaycan hökuməti son illər ərzində bu istiqamətdə mühüm uğurlar əldə edib. 
Cənab İlham Əliyev çıxışlarında, eyni zamanda, diqqətə çatdırıb ki, Azərbaycanda bundan sonra da neft-qaz iqtisadiyyatın əsas hissəsi olacaqdır. Ancaq hazırda qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Əsas hədəf ixracı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir.
Sonda onu da vurğulamaq istərdim ki, Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşlardan biridir. Bu, təsadüfi deyil. Çünki Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75 faizini Azərbaycan formalaşdırır. Təbii ki, belə bir göstərici Davos İqtisadi Forumu və bu tip beynəlxalq qeyri-hökumət təşkilatları üçün Azərbaycanın əhəmiyyətini ifadə edir. Şübhəsiz ki, Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır. Amma xarici şirkətlər də bazarlar axtarırlar. Bu baxımdan Davos İqtisadi Forumu ölkəmiz üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycanla əməkdaşlıq da sözügedən təşkilat üçün o qədər mühüm önəm daşıyır. 

 

Əli NURİYEV, 
AMEA-nın müxbir üzvü, professor

24 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə