Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Parlament seçkilərində xalqın öz iradəsini demokratik şəraitdə ifadə edəcəyinə heç bir şübhə ola bilməz”

“Parlament seçkilərində xalqın öz iradəsini demokratik şəraitdə ifadə edəcəyinə heç bir şübhə ola bilməz”

“Azərbaycan müstəqillik illərində bütün sahələrdə yadda qalan nailiyyətlər əldə edib və dünyada demokratik ölkə kimi mövqeyini möhkəmləndirib. Əminəm ki, bu il fevralın 9-da keçiriləcək parlament seçkiləri də qardaş ölkənin demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək. Bu seçkilərin də xalqın iradəsini ifadə edəcəyinə heç bir şübhə ola bilməz”. Türkiyə Cümhuriyyəti Mərmərə Vəqfinin sədri Akkan Suverə məxsus bu fikirlər gələn ay keçiriləcək parlament seçkilərinin beynəlxalq aləmin diqqət mərkəzində saxlanıldığından xəbər verir. 

Parlament seçkilərində Türkiyədən olan müşahidəçi qismində iştirak edəcəyini vurğulayan politoloq siyasi-iqtisadi sahədə böyük uğurlara imza atmış Azərbaycanın gələcək inkişafında bu seçkilərin də mühüm rol oynayacağına əminliyini bildirib. Son illərdə ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın təmin edilməsi istiqamətində tətbiq olunan yeniliklərdən söhbət açan Mərmərə Vəqfinin sədri bunların beynəlxalq seçki praktikasında nümunə olduğunu bildirib. O, parlament seçkilərinə hazırlıq işlərini yüksək dəyərləndirib və bunun nəticəsinin seçki günü özünü açıq şəkildə büruzə verəcəyini vurğulayıb. 
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İsrailin Aşdod şəhər merinin müavini Eli Naxt, rusiyalı siyasi analitik Oleq Kuznetsov və digər politoloqlar fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlığı yüksək qiymətləndirərək, Azərbaycanda daha bir demokratik seçkinin şahidi olacaqlarını bildiriblər. Bununla yanaşı, Azərbaycan cəmiyyətinin ictimai fəallarının böyük əksəriyyətinin namizədliyinin qeydə alınması seçkiöncəsi əlverişli demokratik mühitin yaradılmasının nəticəsi kimi dəyərləndirilib. Politoloqlar onu da diqqətə çatdırıblar ki, namizədliyin irəli sürülməsi və qeydə alınması prosesi qanunla müəyyən edilmiş bütün demokratik prosedurlara uyğun şəkildə həyata keçirilib.
Göründüyü kimi, ölkəmizin demokratik dəyərlərə sadiqliyi, azad və ədalətli seçki keçirməyə böyük önəm verməsi beynəlxalq ekspertlər və politoloqlar tərəfindən öz yüksək qiymətini alır. Hazırda seçkiyə hazırlıq işləri davam etdirilir.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, yaxın günlərdə seçkilərlə əlaqədar bülletenlərin çapına başlanılacaq. Son məlumata görə, namizədliyi qeydə alınanların sayı 1479 nəfərdir. Bu da parlamentdə bir yer uğrunda 10-12 namizədin mübarizə aparacağından xəbər verir. 
Xəbər verildiyi kimi, deputatlığa namizədlərin 95 nəfəri öz istəkləri ilə namizədliklərini geri götürüblər. Dünya praktikasında da belə hallar mövcuddur. Bu, seçkiyə qatılan hər bir şəxsin hüququdur. Müəyyən şəxslər öz namizədliyini geri götürsələr də, mandat uğrunda mübarizə gərgin olaraq qalır.
Seçkilərdə iştirak etmək istəyən hər bir şəxsə bərabərhüquqlu şəraitin yaradılması MSK sədri M.Pənahovun açıqlamasında da öz əksini tapıb. O deyib ki, fevralın 9-da keçiriləcək səsvermə zamanı seçicilər bülletenlərdə ölkə ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və sərbəst şəkildə istədikləri seçimi edə biləcəklər. Onun dediyinə görə, 19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizədi var. Ümumilikdə isə iddiaçılar arasında 28 siyasi partiyanın təmsilçiləri var.
Avropa Şurası Parlament Assam­bleyasının nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün ölkəmizə gəlib. Nümayəndə heyəti Milli Məclisin Sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament və parlamentdənkənar partiyaların rəhbərləri, MSK rəhbərliyi, KİV və ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirərək, seçkiyə hazırlıq işləri ilə yaxından tanış olacaq. Seçkiləri izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan və Avropa Şurasından müşahidəçilərin dəvət edilməsi müsbət cavablandırılıb. Bu missiyaların bir qismi artıq ölkəmizdədir. Yaxın vaxtlarda müşahidə missiyasının digər üzvlərinin də gələcəkləri gözlənilir. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas müşahidə missiyasının dəvətini müsbət dəyərləndirərək, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı üçün yeni formalaşacaq parlament ilə də əməkdaşlıq edəcəklərini bildirib.
Siyasi ekspertlər seçki günü yaranacaq hər hansı bir problemin aradan qaldırılmasında maarifləndirmə tədbirlərinin və treninqlərin mühüm rolu olduğunu bildirir və bu istiqamətdə görülən işlərin zəruriliyini qeyd edirlər. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və onun davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı MSK tərəfindən aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar, habelə digər seçki subyektlərinin maarifləndirilməsi üçün bu qəbildən olan çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlər əvvəlcə dairə seçki komissiyalarının sədrləri, sonra isə DSK katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün də keçirilir. Həmin tədbirlərdə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin, həmçinin digər müxtəlif dövlət orqanlarının məsul şəxsləri də iştirak edirlər. Bütün bunlar qarşıdan gələn parlament seçkilərinin insidentsiz, obyektiv və aşkarlıq şəraitində keçirilməsində öz müsbət təsirini göstərəcək.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

24 2020 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə