Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqindən
13 yanvar 2020-ci il


Ulu öndər Heydər Əliyevin görülmüş işlərə yekun vurmaq, uğurları təqdir etmək, nöqsanları ortaya çıxartmaq, qarşıda duran vəzifələri müəyyənləşdirmək, proqnozları kollegial şəkildə götür-qoy edərək vəzifələri qətiləşdirmək ənənəsi bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirə də məhz həmin ənənənin tərkib hissəsidir. Dövlət başçımızın giriş və yekun nitqləri müasir Azərbaycan həqiqətləri ilə maraqlanan həm dostlarımız, həm də bədxahlarımız üçün çox əhatəli bir məlumat mənbəyidir. Cənab Prezidentin bəzi natiqlərin çıxışlarına həssas yanaşması, daha konkret fikirlər eşitmək istəyi müşavirənin əhəmiyyətini və prinsipiallığını ortaya qoyurdu. Dövlət başçısı həmişə olduğu kimi, bu dəfə də cəmiyyət həyatının bütün sahələri barədə danışaraq, mövcud vəziyyət barədə mükəmməl təsəvvür yaratdı. 

İstənilən uğurun əldə edilməsində hansısa nazirliyin, müəssisənin, kollektivin, xüsusilə mütəxəssislər qrupunun əməyi, xidməti vardır. Söhbət ilin yekunundan getdiyinə görə, dövlət başçımız məhz hamının zəhmətinə, məsuliyyətinə və ya həll edilməmiş problemlərə öz münasibətini bildirirdi. Bu isə “İlham Əliyev həmişə, hər bir azərbaycanlının yanındadır” – ifadəsinin həqiqət olduğunu göstərirdi. 
Prezident xatırlatdı ki, il ərzində dünyanın müxtəlif yerlərində gərginliyin artması, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması – bütün bunlar dünyanın, demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. 
Bəs nə üçün? Bu sualın cavabını dövlət başçısı çox aydın və konkret şəkildə verdi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır”. Fikrimizcə, bu, əsrlər boyu müstəqil dövləti olmayan xalqın indi öz müstəqil dövləti ətrafında sıx birləşməsinin, xalq-iqtidar vəhdətinin liderin dilindən səsləndirilən ifadəsi idi.
Xatırladaq ki, ötən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Xüsusən, Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur: “Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir”.
Bu, bir faktdır ki, 2019-cu il milli tariximizə həm də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi ilə düşmüşdür. Ölkəmiz hər iki beynəlxalq təşkilatın sədrliyini qəbul etmişdir. Bundan başqa, Dünya dini liderlərinin II Zirvə Görüşü də ötən il Bakıda keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.
Ötən il Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı da genişlənmişdir. Məhz həmin əməkdaşlığın nəticəsi olaraq, UNESKO-nun Dünya İrs Komitəsinin bir sessiyası Bakıda keçirilmişdir. Prezident xatırladır ki, bu da dünya miqyasında çox mötəbər tədbirdir: “Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur”.
Prezident xatırlatdı ki, bizim qonşu ölkələrlə ticarət dövriyyəmizin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Qeyd edildi ki, Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatmışdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artmışdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində: “Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir”.
Azərbaycan məcburən sürükləndiyi müharibə şəratində yaşadığına görə, biz istənilən ildə və hətta, ayda ordu quruculuğunun genişləndirilməsinin qayğısına qalmalıyıq və qalırıq. Ona görə də hər il bizim hərbi potensialımız möhkəmlənir. Keçən il bir çox silah, sursat, hərbi texnika alınmışdır və ya Azərbaycanda istehsal olunmuşdur. Dövlət başçımız xatırladır ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir: “Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır”.
Baş Nazirin müavini Şahin Mustafayevin çıxışında da Azərbaycanın xarici ölkələrlə əməkdaşlığının uğurlarını göstərən məqamlar çox idi. Natiq qeyd etdi ki, əsas ticarət tərəfdaşlarımızla aparılan işlər nəticəsində keçən il uğurlu göstəricilər əldə edilmişdir. İlk növbədə, bu iş yaxın qonşu ölkələrlə çox sıx əlaqədə həyata keçirilmişdir. Qeyri-neft ixracında 14 faizlik artım məhz bu işlərin nəticəsində əldə olunmuşdur. Bildirildi ki, ilk növbədə, Rusiya Federasiyası bizim qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşımızdır. Azərbaycan qeyri-neft ixracı üçün ən iri bazar məhsulu sertifikasiyasıdır. Prezidentin göstərişi əsasında Rusiya Federasiyasında Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb və artıq iki ildən çoxdur fəaliyyət göstərir. 
Baş nazirin müavini qeyd etdi ki, Sizin tərəfinizdən hökumətlərarası komissiya çərçivəsində ölkələr arasında əlaqələrin inkişafını əks etdirən yol xəritəsi təsdiq olunmuşdur. Yol xəritəsində də və yol xəritəsinin əlavəsi olan tədbirlər planında da ölkələr arasında, əsasən, ticarət dövriyyəsinin artırılması istiqamətində atılan addımlar da bir-bir qeyd olunmuşdur: “Rusiya Federasiyası ilə ticarət dövriyyəsi keçən ilin 11 ayının nəticələrinə görə 20 faizə qədər idi, əminəm ki, illik nəticələr elan olunanda təxminən o səviyyədə də qalacaqdır. Qeyd etdiyim yol xəritəsində bu ölkə ilə ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində, həmçinin ölkələrarası, strukturlararası elektron mübadilə, aparılan prosedurların sadələşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması kimi tədbirlər nəzərdə tutulmuşdur”.
Şahin Mustafayev xüsusilə vurğuladı ki, ötən il Çinlə əlaqələr baxımından da uğurlu olmuşdur. Dövlət başçımız Çində “Bir kəmər, bir yol” beynəlxalq konfransında iştirak etmiş, bu konfrans çərçivəsində Çinin lideri ilə görüş keçirmişdi. Həmin görüşdə 10-a yaxın sənəd imzalanmışdır. Məhz həmin səfər çərçivəsində 800 milyon dollar həcmində kontraktlar imzalanmışdır: “O kontraktların icrasına başlanılıbdır. Azərbaycanın Çinə ixracında artıq əvvəlki illərə nisbətən artımın müsbət dinamikası müşahidə olunur. Çində bir neçə ticarət və şərab evi açılmışdır. Biz düşünürük ki, Çin bazarı Azərbaycanın emal olunmuş kənd təsərrüfatı məhsulları üçün müsbət rol oynaya bilər və Çinlə ticarət əlaqələrinin inkişafı baxımından bu işlərin davam etdirilməsi zəruri hesab olunur və tərəfinizdən lazımi göstərişlər verilmişdir”. 
Xatırladaq ki, Çinlə bir sıra istiqamətlərdə əlaqələr inkişaf edir, o cümlədən nəqliyyat, logistika sektorunda uğurlar əldə olunur. Artıq Çindən konteyner qatarlarının Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Azərbaycan keçidi təmin olunur. Təbii ki, bu istiqamətdə görülən işlər gələcəkdə böyük uğurlara gətirib çıxaracaqdır.
Müşavirədə, həmçinin qonşu ölkələrdən olan İranla da ticarət dövriyyəmizdə və ümumiyyətlə, digər sahələrdə önəmli nəticələr əldə olunduğu bildirildi. Qeyd edildi ki, İranla ticarət dövriyyəsində 30 faizdən yuxarı artım olmuşdur. 
Bundan başqa, Azərbaycan Rusiya və İran vasitəsilə Şimal –Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirir. Bu il Azərbaycan–İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Beləliklə, Azərbaycan bölgədə Şimal–Cənub, Şimal–Qərb, Cənub–Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaqdır.
Bütün bu faktlara münasibət bildirən Prezident İlham Əliyev əminlik ifadə etdi ki, fəaliyyətimiz bu il də təsirli olacaqdır: “Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir”.

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

24 2020 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə