Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu il dərin islahatlar ili olmuşdur

Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində sosial sahədə aparılmış işlər haqqında məlumat verən Prezident İlham Əliyev bildirdi ki, vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə əlavə daxil olan 1 milyard manatdan çox vəsait hesabına il ərzində əhaliyə çox geniş sosial paket təqdim edildi. Həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paketin bu günə qədər reallaşmadığını diqqətə çatdıran dövlət başçısı bildirdi: “Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq”.

Ötən il sosial sahədə ­aparılan islahatlar nəticəsində 4,2 milyon insanı əhatə edən sosial paketin reallaşdırılması ilə vətəndaşların maddi vəziyyəti xeyli yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Cənab Prezident öncədən 2019-cu ilin sosialyönümlü olacağını bəyan etdiyini xatırlatdı: “Keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.
Dövlət başçımız əldə edilən uğurlardan danışaraq, sosial infrastrukturla bağlı görülən böyük işləri də diqqətə çatdırdı, 60 tibb müəssisəsi, 84 məktəbin tikildiyini və təmir edildiyini, məktəblərdən 50-sinın modul tipli olduğunu qeyd etdi. Bildirdi ki, bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib və bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir.
Şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı məsələlərə toxunan Prezident bildirdi ki, bu kateqoriyadan olan soydaşlarımız üçün 2020-ci ildə daha çox evlər tikilməlidir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə keçən il 934 mənzil verilmişdisə, bu il 1500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat ­Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik.
Prezident ünvanlı sosial yardımla bağlı keçən il bu vəsaiti alan ailələrin sayının artırılmasına və meyarlara yenidən baxılmasına göstəriş verdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu, ədalətli olmalıdır. Əlbəttə, son vaxtlar sosial sahədə böyük islahatlar aparılır, o cümlədən ünvanlı yardımın verilməsində. Çünki əvvəlki illərdə ehtiyacı olmayanlar hansısa təmənna qarşılığında bunu alırdılar. İndi isə vəziyyət sağlamlaşır, elektron xidmətlər göstərilir, amma, eyni zamanda, insan amili də çox önəmlidir. Dövlət başçısı ünvanlı sosial yardımlarla bağlı 70 faiz artımın çox ciddi rəqəm olduğunu, bu müavinətlə 72 min ailənin əhatə edildiyini və burada da əlbəttə ki, ədalət prinsipinə əməl edilməsinin vacibliyini vurğuladı. Dedi ki, məhz o ailələr ki, doğrudan da, ehtiyac içindədir, o ailələr ki, onların maddi vəziyyəti ağırdır, onlar bu yardımdan istifadə etməlidir.
Prezidentin imzaladığı fərman və sərəncamlarla 2019-cu ildə sosial sahədə çox dərin islahatlar həyata keçirilib və əhalinin 42 faizinin gündəlik gəlirlərinin, onların rifahının artırılması istiqamətində çox əhəmiyyətli tədbirlər görülüb. Bu islahatlarla bağlı 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artırıldı. Minimum əməkhaqqının iki dəfə artması dövlət sektorunda çalışan, müxtəlif kateqoriyada işləyən insanların əməkhaqlarının ciddi şəkildə, 20 faizlə 100 faiz arası artırılması və Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə çıxması ilə və digər inzibati tədbirlər nəticəsində ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artdı.
Müşavirədə Prezidentə görülən işlərlə bağlı məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirdi ki, əmək müqavilələrinin 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşür. Bir il ərzində əməkhaqqı fondu 42,3 faiz, əməkhaqqının sosial ədalətli bölgüsünün göstəricisi olan median əməkhaqqı isə 52 faiz artdı. Minimum pensiyanın artımı ilə ölkə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxdı, xüsusi şərtlərlə pensiya təyinatı olan hərbçilərimizi əhatə edən böyük bir kontingentdə də 30 faizlik bir artım oldu, ölkədə orta və yaşa görə pensiya 15 faiz, əlilliyə görə pensiya isə 22 faiz artırıldı.
2019-cu ildə pensiya yaşına çatmış vətəndaşların 80 faizi, yəni təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada -- hər hansı bir ünvana getmədən pensiya təyinatı aparıldı. Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlara gəldikdə, burada çox böyük bir proqram tətbiq edildi və 1,3 milyon insanı əhatə edən geniş bir paket icra olundu. Bu paketin böyük bir hissəsi məhz əlilliyi olan şəxslərə aid idi. 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüd elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməyə başlandı. Ötən il artıq 20 min təyinat bu şəkildə edildi. Bu avtomatlaşma tədbirləri son nəticədə 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza xidmət baxımından çox önəmli bir göstərici olacaqdır.
Elektronlaşdırma, əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində xərclər proqnozdan 180 milyon manat aşağı oldu. Bunların nəticəsində 320 milyon manat vəsait dövlət büdcəsinə geri qaytarıldı. Dövlət öhdəliklərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait məbləği bu qədər azaldıldı və Dövlət Sosial Müdafiə Fondunda builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradıldı.
Nazir Sahil Babayev 2019-cu ildə ünvanlı sosial yardım proqramının çox geniş şəkildə, 70 faizə qədər artırıldığını, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə etdiyini, ailələrə ödənişin məbləğinın də artaraq 209 manata bərabər olduğunu diqqətə çatdırdı: “Bu proqramın da genişləndirilməsinə dair sizin tapşırıqlarınız olmuşdur. 2020-ci ildə də bu proqram genişləndiriləcək. Bir çox meyarlar yüngülləşdirildi. Bunun üzərində işlər mütəmadi olaraq davam edəcək və Azərbaycanda ünvanlı sosial yardım proqramının tam şəffaf, tam təkmil həyata keçirilməsi üzrə sizin tapşırıqlarınız tam icra olunacaq”.
Sosial təminat sahəsində, ötən il cənab Prezidentin ən önəmli təşəbbüslərindən biri də şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi oldu. Bu proqram 98 faiz icra olunub. Müşavirədə bildirildi ki, on iki min şəhidin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənilib. Hazırda 300 nəfərə yaxın şəhidin vərəsələri tərəfindən, sadəcə, müraciət olunmadığına görə onlara müavinət ödənilməyib. Müraciət edən hər bir şəxs isə vəsaiti artıq əldə edib.
Həmçinin ötən il mənzil təminatı proqramı da çox genişləndi. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edildi. Dekabrın 24-də Nizami rayonunda böyük bir binanın açılışı edildi və 96 mənzil şəhid ailələrinə və müharibə əlillərinə təqdim olundu. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam etdi. Onlara 600 avtomobil təqdim edildi ki, bu da önəmli istiqamətlərdən biri idi.
Dövlət başçısının sosial infrastruktur baxımından tapşırıqlarının icrası olaraq, Naftalan, Yevlax, Mərdəkan reabilitasiya mərkəzləri tam fəaliyyətə başladı, Protez-Ortopedik Mərkəzin istehsalat sexi istifadəyə verildi. Gəncədə pensiyaçılar üçün sosial xidmət müəssisəsi və peşə hazırlığı mərkəzi istifadəyə verildi. Sosial infrastruktura geniş maliyyə təminatı yaradıldı. Ötən ildən davam edən işlərin icrası olaraq bu il də 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.
Müşavirədə o da bildirildi ki, görülən bu işlərə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Sosial Təminat Agentliyi ilə müzakirələr aparıb və may ayında Azərbaycanda Avropa Sosial Forumu keçirilib. Forumda Avropa İttifaqının bütün sosial təminat və pensiya fondlarının rəhbərləri iştirak ediblər. Bu forum çərçivəsində Azərbaycanın həyata keçirdiyi dörd layihə Avropa üçün ən yaxşı təcrübə mükafatlarını əldə etdi. Bunlar özünüməşğulluq layihəsi, ünvanlı sosial yardım layihəsi, əlillik proqramı və qeyri-formal məşğulluqla mübarizə proqramıdır.
Bu isə Azərbaycanın sosial siyasətinə verilən ən doğru və düzgün qiymətdir. Çünki Azərbaycanda sosial sahədə aparılan islahatların, reallaşdırılan proqramların, həyata keçirilən layihələrin bir ünvanı, bir məqsədi var: insan amili və ölkə vətəndaşının firavanlığı.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

24 2020 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə