Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici mətbuat Azərbaycan haqqında

Xarici mətbuat Azərbaycan haqqında

İtaliyanın  “Notizie Geopitiche” nəşri  (https://www.notiziegeopolitiche.net/ ) Azərbaycan: Bakıda törədilmiş “Qara Yanvar” faciəsindən 30 il ötür” sərlövhəli məqalə yayımlayıb.  Müəllif Dariuş Rahiminia 20 Yanvar qətliamını doğuran səbəblər,  SSRİ-nin süqutu ərəfəsində Azərbaycandakı mövcud vəziyyət, ermənilərin ərazi iddiaları və  digər məsələlər barədə əhatəli  söz açır.

Məqalədə qeyd edilir ki,  əzəli Azərbaycan torpaqlarında qurulmuş sovet respublikası olan Ermənistan qeyri-sabit geosiyasi vəziyyətdən yararlanaraq, XX əsrin 80-ci illərinin sonlarında  250 minə yaxın azərbaycanlını öz doğma yurdundan qovub. Bununla kifayətlənməyən Ermənistan beynəlxalq təşkilatlar tərəfindən bu gün də Azərbaycanın bir hissəsi sayılan Dağlıq Qarabağ regionunu qanunsuz olaraq işğal edib. Müəllif  o vaxtadək həmin ərazidə  ermənilərin yerli azərbaycanlılarla birgə, dinc şəraitdə yaşadıqlarını  xatırladır.
Qeyd edilir ki, 1988–1989-cu illərdə yüz minlərlə azərbaycanlı küçələrə Moskvadan – Sovet hökumətindən Ermənistanın qanunsuz hərəkətlərinə son qoyulmasının tələbi ilə çıxmışdı. Amma SSRİ rəhbərliyinin onların bu istəyinə son dərəcə laqeyd yanaşması nəticəsində  Bakıda artıq Sovet İttifaqının siyasətinə kütləvi etiraz aksiyaları başlamışdı və bu, sonda suveren Azərbaycan uğrunda müstəqillik hərəkatına çevrilmişdi: “Yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Mixail Qorbaçov tərəfindən imzalanmış fərmanı ilə  Bakıda və Azərbaycan SSR-in digər bölgələrində fövqəladə vəziyyət elan olunur. Elə həmin gecə Azərbaycan Televiziyasının enerji bloku Sovet xüsusi təyinatlıları tərəfindən partladılır, ölkədə telefon və radio xətləri kəsilir, Sovet qoşunu tankların da köməyilə dinc əhalinin qurduğu barrikadaları dağıdaraq, Bakıya girir. Bu zaman o, qarşısına çıxan hər şeyi dağıdır, məhv edir. Hər tərəfdə dinc insanların qanı axıdılır. Qətliam nəticəsində bir gecədə 140-dan çox mülki Azərbaycan vətəndaşı həyatını itirir, 800-ə yaxın insan xəsarət alır, xeyli dinc sakin itkin düşür.” Məqalədə  “Human Rights Watch” təşkilatının 1994-cü ilin dekabrında qəbul etdiyi “Azərbaycanda “Qara Yanvar” hesabatına istinad edilərək sovet ordusunun həmin gecə yol verdiyi zorakılığın, həqiqətən də azərbaycanlıların müqavimətinə nisbətdə böyük qəddarlıqla törədilmiş kollektiv cəza tədbiri olması vurğulanır. 
Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə təşkil olunmuş tədbirdə  bu qətliamın sadəcə, 1990-cı il yanvarın 20-si gecəsi ilə  məhdudlaşmadığını qeyd edib.  O hesab edir ki, həmin hadisə sonradan Xocalıda davam etdirilmiş proses kimi nəzərdən keçirilməlidir.
Məqalədə Hikmət Hacıyevin  20 Yanvar hadisəsinə hərbi nöqteyi-nəzərdən də yanaşması  və Azərbaycanın o dövrdə informasiya blokadasında olması geniş əksini tapıb:  “Bakının sanki yad bir şəhərmiş kimi, işğalı planı hazırlanıb, planın həyata keçirilməsinə tanklar və digər vasitələr cəlb edilib. Təsəvvür edin ki, bu zaman təkcə artilleriyadan istifadə olunmayıb. Məqsəd küçələrə axışmış insanların kütləvi şəkildə məhv etmək idi.  Xarici jurnalistlər Moskvada akkreditə olunmuşdular və onlar Bakıya buraxılmırdılar. Beynəlxalq birliyin baş verənlərə yanaşması yalnız Azərbaycanın ­Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş az sayda jurnalistin Heydər Əliyevin mətbuat konfransını işıqlandırması ilə dəyişib. Beynəlxalq KİV-də Bakıda törədilmiş faciəvi hadisə ilə bağlı məlumatlar məhz bundan sonra peyda olub. Ən maraqlısı budur ki, bütün baş verənlərdən sonra–oktyabrın 15-də Mixail Qorbaçov Nobel Sülh mükafatına layiq görülüb”. Bununla yanaşı, H.Hacıyev hesab edir ki, Qorbaçovu Nobel mükafatından məhrum etmək üçün heç də gec deyil.” 
Müəllif sonda   “Qara Yanvar” qurbanlarının yad edilməsi, heç zaman unudulmaması üçün Bakının Yasamal rayonunda 1500 kvadratmetrlik ərazidə ucaldılmış nəhəng abidədən bəhs edir.  O, Cavanşir Dadaşov, Azad Ağayev və Ədalət Məmmədovun  hazırladıqları abidənin 2010-cu il yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışının edildiyini yazıb.
Türkiyənin “TRT haber” saytında “Azərbaycanda baş vermiş “Qara Yanvar qətliamı yaddaşlarda təzəliyini qoruyur” sərlövhəli məqalə dərc edilib. Məqalədə  Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündarın Qara Yanvar hadisəsi ilə bağlı fikirlərinə yer ayrılıb. O bildirib ki, qanlı olaylar Azərbaycanın azadlıq və müstəqilliyinə qarşı həyata keçirilmiş cinayətdir. “ Bu hücum Azərbaycanı qorxutmaq, müstəqilliyə gedən yolda ona maneələr törətmək üçün həyata keçirilmişdi. Lakin bu hədəfə çata bilmədilər. Azərbaycan xalqının tutduğu bir yol var idi, geriyə dönüş mümkün deyil. 20 Yanvar Azərbaycan üçün həm hüzn, həm də müstəqilliyə gedən gündür.”
Dərnək rəhbəri qeyd edib ki, aradan 30 il keçsə də, Qara Yanvar hadisəsi Azərbaycan xalqının  mübarizə ruhunu   daha da gücləndirdi. 
Euronews.com saytının türk xidməti “Davosda Pakistandan Azərbaycana Qarabağ dəstəyi” sərlövhəli xəbər yayımlayıb. Xəbərdə Pakistanın Baş naziri İmran Xanın  Prezident İlham Əliyevlə görüşündə  Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləməsi  vurğulanıb. Pakistan Baş Nazirliyinin yaydığı açıqlamada qeyd edilir ki, İsveçrənin Davos şəhərində  Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüşdə Baş nazir Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini ifadə edib və Azərbaycanın İslam Əməkdaşlıq  Təşkilatının Kəşmir qrupuna verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Xəbərdə qeyd edilir ki, Azərbaycan Prezidenti Pakistan Baş nazirini ölkəsinə səfərə dəvət edib. Görüşdə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi  məsələsi də müzakirə edilib.

 

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

 

24 2020 00:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə