Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi”nin verilməsi və www.migrationto.az saytının təqdimat mərasimi olub

Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi”nin verilməsi və www.migrationto.az saytının təqdimat mərasimi olub

Azərbaycan Respublikasında ­qaçqın ­statusu almış şəxslərə “Yol sənədləri”nin verilməsi ilə bağlı yanvarın 23-də Dövlət ­Miqrasiya Xidmətində (DMX) tədbir keçirilib. Həmçinin yeni yaradılmış www.migrationto.az saytının təqdimatı olub. Tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov DMX tərəfindən hazırlanan və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə, eləcə də onların ailə üzvlərinə ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verəcək “Yol sənədi”nin əhəmiyyəti və üstünlükləri barədə məlumat verib. Bildirib ki, “Yol sənədi” Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən sənəddir. 
Xidmət rəisi qeyd edib ki, beynəlxalq tələb və standartlara uyğun hazırlanan “Yol sənədi” 5 il müddətinə verilir. Bu gündən etibarən qaçqınlar “Yol sənədi”ni əldə etməklə digər ölkələrə rahat səyahət edə biləcəklər. Qaçqınlar üçün sığınacaq aldığı ölkədən kənara çıxa bilməsi xüsusilə vacibdir. Bu, onların Azərbaycan cəmiyyətinə hərtərəfli inteqrasiya olmalarını təmin edəcək. Məsələn, təhsil, təlim və ya məşğulluq kimi fürsətlərdən istifadə etmək üçün belə səyahətlər onların problemlərinin davamlı həllində vacib şərt ola bilər. Ölkəmizdə qaçqın statusu əsasında yaşayan 83 əcnəbinin bu gündən etibarən “Yol sənədi” ilə təmin olunması prosesinə başlanılıb.
Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək qaçqınların inteqrasiyasının önəmini diqqətə çatdırıb, Azərbaycan dövlətinin verdiyi “Yol sənədi”nin qaçqın statusunda yaşayanlar üçün əlavə imkanlar yaradacağını və bu yeniliyin tətbiqi ilə bundan sonra onların xarici ölkələrə asan gedə biləcəklərini söyləyiblər.
Sonra Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi” təqdim edilib. 
Tədbirdə, həmçinin Dövlət Miqrasiya Xidmətində (DMX) yeni yaradılmış www.migrationto.az saytının təqdimatı olub. 
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə birgə həyata keçirilən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın icrasına dəstək” (­MOBİLAZE) layihəsi çərçivəsində ­hazırlanmış migrationto.az veb-saytı respublikamıza səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır. Hazırda üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytın dil imkanlarının gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.
Dövlət ­Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov yeni saytın mahiyyəti barədə məlumat verib. Bildirib ki, geniş spektrli səhifədən nəinki əcnəbilər, xarici ölkələrin Azərbaycandakı nümayəndəlikləri də yararlana biləcəklər. 
Tədbirin sonunda Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məlumat verilib və müzakirələr aparılıb.

 

AZƏRTAC

 

24 2020 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə