Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Etno-mədəni, multikultural dəyərlər sistemi

Etno-mədəni, multikultural dəyərlər sistemi

Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda, dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Avropanın İkinci dünya müharibəsindən sonra sosial-iqtisadi yüksəliş mərhələsinə qədəm qoyması “Köhnə dünya”nı milyonlarla mühacirin üz tutduğu məkana çevirmişdi. Qitənin aborigen sakinləri də düşünür və ümid edirdilər ki, müxtəlif mədəniyyət təmsilçilərinin eyni dam altında yaşamalarını dəstəkləməklə mövcud problemləri həll etmək mümkündür. Ancaq, təəssüf ki, bu gün daha çox avropalı bunun tam əksini düşünür və bütün problemlərin kökündə də məhz multikulturalizmin dayandığını hesab edir. Mədəniyyətlər arasında belə bir ayırıcı xətlərin güclənmək meyillərinin müşahidə olunduğu zamanda Azərbaycan dünyaya multikultural dəyərlərini nümayiş etdirir və bəşəriyyətin xilas yolunun məhz dinc birgəyaşayış prinsiplərinə hörmət etməkdən ibarət olduğunu bildirir. 

Ümumiyyətlə, 1960-cı illərin sonlarında Kanadada ilk dəfə meydana gələn multikulturalizm konsepsiyası iki onillikdən sonra Avropada da geniş yayılmağa başlamış, 1980-ci illərdə isə multikulturalizm prinsipləri əksər Avropa ölkələrinin siyasi təcrübəsinə daxil edilmişdi. Multikultural siyasət bu və ya digər formada ("yumşaq" və ya "sərt") son üç onillik ərzində, demək olar ki, bütün Avropa ölkələrində həyata keçirilmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, multikulturalizm ideologiyasını əsas götürən ilk Avropa ölkələrindən biri məhz Böyük Britaniya olmuşdu. Doğrudur, Kanada və Avstraliyadan fərqli olaraq, Birləşmiş Krallıq heç vaxt multikulturalizmi dövlətin etnik azlıqlara münasibətdə siyasətini müəyyənləşdirən rəsmi doktrina elan etməmişdi. Buna baxmayaraq, rəsmi London multikulturalizm ideologiyasını praktikada çox fəal şəkildə həyata keçirmişdi. Maraqlıdır ki, yadelli mədəniyyətə və ayrı-ayrı icmalara məxsus mühacirlərin cəmiyyətə inteqrasiyası ilə bağlı İngiltərə siyasəti çox uğurlu hesab olunurdu və Avropa İttifaqının digər ölkələri üçün də nümunə sayılırdı. Lakin “Dumanlı Albion”un multikulturalizm siyasəti bu gün mühacirlərlə yerli əhalinin birgə yaşamasında böyük problemlərə gətirib çıxarmışdır. Bu gün artıq heç kimə sirr deyl ki, Avropanın bütün ölkələri bu və ya digər dərəcədə mühacirlərin sayının artmasından narahatlıq keçirir, avropalılar getdikcə multikulturalizm siyasətini ləğv etməyə və dövlətin titul millətinə dəstək və mühacirlərin hüquqlarının məhdudlaşdırılması ideyasına qayıtmağa çağırırlar.
Kembric Universitetinin sosiologiya üzrə professoru, müasir dövrdə ən çox istinad edilən müasir sosioloqlardan biri, postmarksizmin nümayəndəsi sayılan Terborn Yoran yazır ki, multikulturalizm və onun ekvivalentləri Qərb cəmiyyətlərində həmişə siyasi ziddiyyətli olmuş və belə də qalmaqdadır. T.Yoranın sözlərinə görə, bu da tez-tez onlara qarşı yönələn, məqsədləri vahid mədəniyyəti müdafiə etmək olan hərəkatlar doğurur. Kembric Universitetinin professoru hesab edir ki, multikultural cəmiyyətlər və hərəkatlar Qərbin ənənəvi siyasi fəlsəfəsi, sosial nəzəriyyəsi və siyasi ideologiyası üçün ciddi çağırışdır. Ancaq son zamanlar Qərbdə mühacirlərlə bağlı yaşanan proseslər avropalıların bu çağırışa hazır olmadıqlarını nümayiş etdirdi. 
Bəs, Avropanın bütün ölkələri üçün çox əhəmiyyətli problemə çevrilmiş multikulturalizm siyasətinin iflasa uğramasının səbəbləri nədir? Bəzi sosioloqların sözlərinə görə, Avropa kifayət qədər loyal miqrasiya qanunvericiliyi nəticəsində müxtəlif mədəniyyətlərin bir çox nümayəndələrinin toplandığı unikal məkan olmuşdu. Lakin müxtəlif mədəniyyətlərə daxil olan insanlar Avropada assimilyasiya olunmadılar, diasporlar anklavlar şəklində ayrı-ayrı rayonlarda yaşadılar. Bunun da nəticəsində multikulturalizm siyasəti ona gətirib çıxardı ki, ənənəvi “Köhnə dünya” özünün özəlliyini itirməyə başladı. Vəziyyət təhlükəli xarakter alanda, yəni artıq Avropa əhalisinin gələcəyi məsələsi ortaya çıxanda, siyasətçilər belə bir məsələ qaldırdılar ki, multikulturalizm artıq o qədər də vacib amil deyil. Beləcə Avropanın irəli sürdüyü şüar – "müxtəlifliyin vəhdəti" prinsipi arxa plana keçməyə başladı. Etiraf etmək lazımdır ki, müntəzəm olaraq bir çox iqtisadi, siyasi və ­demoqrafik amillərdən əziyyət çəkən və sürətlə “qocalan” Avropa bu gün kəskin etno-mədəni problemlə üzləşmişdir və bütün bunlar okeanın bu tayında multikultural dəyərlərə radikal baxışların formalaşmasına münbit şərait yaratmışdır. 
Xatırlayırsınızsa, 2011-ci ildə Böyük Britaniyanın sabiq Baş naziri D.Kemeron bəyan etmişdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Qəribədir ki, bu iflasın əsas səbəbini vaxtilə Qərbi Avropa ölkələrinin miqrasiya siyasətinə uyğun olaraq təşviq edilən xarici, xüsusən də müsəlman ölkələrdən olan işçi mühacirlərin Qərb dəyərlərini vahid standart olaraq qəbul etməməsi ilə əlaqələndirirlər. Multikulturalizm tənqidçilərinin fikrincə, Avropanın kifayət qədər inteqrasiya tələb etmədən həddən artıq mühacirə imkanlar verməsi sosial uyğunlaşmanı pozdu, milli kimlikləri zərbə altında qoydu və xalqın inamını azaltdı. Ancaq gün kimi aydındır ki, problem multikulturalizmdə yox, məhz irqçilikdədir. Aydındır ki, Avropaya mühacir axınının böyük hissəsinin müsəlman olması Qərbin qarşısında daha mühüm bir çağırış qoydu. Qərb isə indi bunu çağırış deyil, öz dəyərlər sisteminə və ümumiyyətlə, gələcəyinə təhdid kimi qiymətləndirir. Bu, bir acı həqiqətdir ki, Avropanın aparıcı –Britaniya, Almaniya və Fransa kimi ölkələrində multikultural dəyərlər güclü təzyiq altındadır, müəyyən qüvvələr tərəfindən bilərəkdən gözdən salınır, elektoratı cəlb etmək üçün siyasi alətə çevrilir. Multikulturalizm prinsiplərindən geri çəkilmə nəticəsində bütün Avropada – Hollandiya Azadlıq Partiyasından tutmuş Fransa Milli Cəbhəsinə qədər, – ultra-sağ partiyalar və siyasi populistlər güclənirlər. Bəzi yerlərdə iş hətta iyrənc zorakılıq hərəkətlərinə qədər gedib çıxır. Məsələn, 2011-ci ildə Norveçin Utoya adasında Anders Breyvikin həyata keçirdiyi qətliamı hamı çox yaxşı xatırlayır.
Əslində, multikulturalizm daha mürəkkəbdir. Alman filosofu Yürgen ­Habermasın dediyi kimi, multikulturalizmin əsas prinsipi “mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması”, yəni azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. Ancaq hazırda “Köhnə dünya”dakı faktlar onu göstərir ki, Avropada multikulturalizm birgə yaşam tərzi anlayışından çıxmışdır və o, sırf siyasi əhəmiyyət daşımağa başlamışdır. Təəssüf ki, bir vaxtlar öyünülən multikulturalizm bu gün Avropanın dəstəklədiyi prinsiplər siyahısından silinmək üzrədir. Əslində, Avropanın bu məsələdə belə nəticəyə gəlməsində müəyyən qanunauyğunluq da var. Məsələ ondadır ki, hər bir ölkə siyasi sistemində gəlmələrin təmsil olunma səviyyəsinin azalmasını müxtəlif yollarla həll etməyə çalışmışdılar. Məsələn, Böyük Britaniya siyasi sistemdə müxtəlif etnik icmalara bərabər pay ayırmağa çalışmış, Almaniya mühacirlərə vətəndaşlıq vermək əvəzinə, ayrı həyat yaşamalarını dəstəkləmişdi. Fransa isə multikulturalizm siyasətini rədd edərək assimilyasiya siyasətinə üstünlük vermişdi. Hər üç ölkənin gəldiyi nəticə müxtəlif olsa da, mahiyyət eyni olmuşdur. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, “Dumanlı Albion”da müxtəlif icmalar arasında zorakılıq halları müşahidə edilmiş, Almaniyada türk icmaları paralel cəmiyyətdə yaşamağı başlamış, Fransada isə hakimiyyət orqanları ilə vaxtilə istismar etdikləri Şimali Afrika icmaları arasında münasibətlər gərginləşmiş və bu gərginlik zaman-zaman ölkə paytaxtını savaş meydanına döndərmişdi. Parçalanmış cəmiyyətlər, təcrid olunmuş azlıqlar və incidilmiş vətəndaşlar – hər üç ölkənin yürütdükləri “multikultural siyasətin” məhsulu məhz bunlar olmuşdur. 
Bu, bir faktdır ki, dünyanın əksər dövlətləri multikulturaldır. Amma heç də bütün multikultural dövlətlərdə multikulturalizm dəyərləri hakim deyil. Mütəxəssislər deyirlər ki, cəmiyyətin multikulturallığı onun etnik, mədəni, dini fərqliliklərdən doğan necəliyini ifadə edir. Aydındır ki, multikulturalizm haqqında gedən mübahisələrin həll edilməsi anlayışın özünü başa düşməyi tələb edir. Multikulturalizm sözünün etimoloji anlamı kifayət qədər aydındır: ən bəsit izahla multi – çox, kultura – mədəniyyət, yəni çoxmədəniyyətlilik deməkdir. "Multikultural" termini həm, adətən, mühacirət nəticəsində mədəni və etnik cəhətdən müxtəlif olan cəmiyyətin, həm də belə bir cəmiyyətin idarə edilməsi üçün zəruri olan strategiyaların xarakterizə edilməsi üçün istifadə olunmağa başlamışdır. Avropadan fərqli olaraq müxtəlif sivilizasiyaların qovuşduğu Azərbaycan əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınmışdır. Buna görə də, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin multikulturalizm barədə dediyi bu fikir bütün zamanlar üçün ibrətamizdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”. 
Son hadisələrin fonunda aydınlaşır ki, yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyətinin dünya miqyasında universal standart kimi təqdim olunması özünü doğrultmur. Bu gün universal dəyərlər ancaq Qərb dəyərlərinə deyil, başqalarının da mənəvi aləminə hörmət üzərində qurulan münasibətlər sisteminə əsaslanmalıdır. Azərbaycan məhz belə dəyərlər sistemini təklif edir və fəal şəkildə dəstəkləyir. Əlbəttə, hər bir millət öz milli ideyasına sahib olmalıdır, əks təqdirdə, onun mövcudluğu heç bir halda özünü doğrulda bilməz. Amma hər bir dövlətdə milli və dini müxtəliflik də olmalıdır və bu güclü şəkildə dəstəklənməlidir. 
Heraklit deyirdi ki, müxtəliflikdən mükəmməl harmoniya yaranır. Hər bir cəmiyyətin də harmoniyaya ehtiyacı var, məhz davamlı inkişaf dövlət səviyyəsində təmin edilmiş harmoniya sayəsində mümkün olur. Azərbaycanda bu vacib amilə yüksək diqqət verilir, ölkəmizdə tolerantlıq və multikulturalizm humanist dünyagörüşü və bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarının qəbul edilməsi kimi nəzərdən keçirilir. Çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olan Azərbaycan Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün təbii körpü rolunu oynamışdır. 
Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan dövlət siyasəti nəticəsində Azərbaycanda çoxsaylı xalqların azad yaşamasına və müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı mövcud olması üçün bütün zəruri şəraitlər yaradılmışdır. Məhz belə müdrik siyasət nəticəsində Azərbaycan tolerantlıq və multikulturalizm dəyərləri ixrac edən ölkə kimi tanınır. UNESKO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"sına uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə imzaladığı qanunla ölkəmiz sözügedən konvensiyaya qoşulmuşdur. Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. 
Bir sözlə, bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Multikulturalizm Azərbaycanın siyasətidir, çünki bu, cəmiyyətimizin milli dəyərlərinə, adət-ənənələrinə əsaslanır. Dövlətimizin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir. Ən əsası, beynəlxalq ictimaiyyət də tolerantlığın və multikulturalizmin humanizm və ümumbəşəri dəyərlərdən qaynaqlanan Azərbaycan modelini multikulturalizmin təbii təzahürü kimi qiymətləndirir və bu modelin qlobal miqyasda nümunə olduğunu etiraf edir.

 

Arzu ƏLİYEVA,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs tələbəsi

24 2020 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə