Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koreyalı professor: Ümidvaram ki, Koreya dilinə tərcümə etdiyim “Gülüstan” poeması maraqla qarşılanacaq

Koreyalı professor: Ümidvaram ki, Koreya dilinə tərcümə etdiyim  “Gülüstan” poeması maraqla qarşılanacaq

“Azərbaycanın görkəmli şairi  Bəxtiyar Vahabzadənin əsərlərində 20 Yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığı, mətinliyi bədii dillə təsvir edilir. Onun “Gülüstan” poeması Azərbaycan ədəbiyatı və tarixi üçün olduqca önəmli əsərlərdəndir. Odur ki, qərara aldıq ki,  20 Yanvar qətliamının 30-cu ildönümündə  “Gülüstan” poeması və 20 Yanvar şəhidləri barədə şeirlərinin də yer aldığı kitabı Koreya dilinə tərcümə edilib ictimaiyyətə təqdim edək.” Bu barədə Donqduk Qızlar Universitetinin professoru, universitetin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru xanım Oh Eun-kyunq “Xalq qəzeti”nə açıqlamasında bildirib. O, bu yaxınlarda  Xalq şairi Bəxtiyar Vahabzadənin Koreya dilinə tərcümə olunmuş və 20 Yanvar şəhidləri barədə şeirlərinin də yer aldığı "Gülüstan poeması" adlı kitabın təqdimatının Seulda yüksək səviyyədə keçirildiyini vurğulayıb.

---  Tədbirdə Koreyanın dövlət qurumlarının rəsmiləri, ictimai-siyasi xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, ali təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatı üzvləri iştirak edirdilər. Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurov çıxışında  B.Vahabzadənin əsərlərinin kitab şəklində Koreya dilinə tərcüməsi və nəşrinin Azərbaycan-Koreya mədəni əlaqələrinin inkişafına töhfə olduğunu qeyd etdi. Şairin 1980-ci illərin sonlarında Azərbaycan xalqının milli azadlıq mübarizəsində ictimai xadim kimi böyük rol oynadığını iştirakçılara bildirdi.  Qeyd edim ki, Səfirlik şairin seçilmiş əsərlərinin Koreya dilində nəşri ilə bağlı hələ 2017-ci ildə təşəbbüs qaldırmışdı.  Koreyanın Donqduk Qızlar Universiteti, KYOBO Daesan Mədəniyyət Fondu və Munci Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində 2019-cu ilin  dekabrında Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə şairin şeirləri Koreya dilinə tərcümə edildi və  kitab şəklində 1200 nüsxədə oxuculara təqdim olundu.  Bu kitabla tarixdə ilk dəfə Azərbaycan şairinin əsərləri Koreya dilinə tərcümə olundu. Kitabın tərcüməsi üzərində uzun müddət idi ki, çalışırdım.  Tərcümə işində Koreyanın İnhua Universitetinin doktorantı Leyla Məsimlinin mənə köməyi və dəstəyini də qeyd etməliyəm. Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı araşdırmalar apararkən “Gülüstan” poemasının məzmunu diqqüətimi çəkdi.

Koreya xalqının bölünmüş vəziyyətdə olması və B.Vahabzadənin "Gülüstan" poemasının da bölünmüş Azərbaycan xalqına həsr edilməsi baxımından  bu əsərin mütləq şəkildə ölkəmdə tanınmasının vacibliyini düşündüm.  Çünki bu əsərin mövzusu  Koreya ictimaiyyətinə tanışdır. Ümid edirəm ki, gərgin zəhmətin bəhrəsi olan bu kitab Koreya ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 2020 12:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə