Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli dövlət xadimi Əziz Əliyevə həsr olunmuş elmi-praktik konfrans

Görkəmli dövlət xadimi Əziz Əliyevə həsr olunmuş elmi-praktik konfrans

     Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 123-cü illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

  İnstitutun rektoru, professor Nazim Qasımov Əziz Əliyevin tibb və səhiyyə sahəsindəki xidmətlərindən danışıb. Qeyd olunub ki, onun Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdiyi dövrdə institut öz fəaliyyətini genişləndirərək təkcə keçmiş ittifaq respublikalarında deyil, Monqolustan və Bolqarıstan həkimlərinin hazırlanmasında da iştirak edib. Həmin dövrdə yeni-yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşıb, onun redaktorluğu altında institut əməkdaşlarının elmi əsərlərindən ibarət  bir neçə məcmuə nəşr olunub, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilib və ixtisas dərəcələri yüksəldilib. İnstitutun kadr bazasında yüksəkixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirılib. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olunublar.

   Tədbirdə bildirilib ki, professor Əziz Əliyevin kəskin nefritin patogenezində allergik nəzəriyyənin əsaslandırılması, xəstəliyin müalicəsində spesifik və qeyri-spesifik terapiya mövzusundakı elmi əsəri SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. O, 87 elmi əsərin müəllifi olub, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə,17-si isə tarixi və siyasi problemlərə aiddir.

    Konfrans öz işini institutun gənc alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirib. Məruzələrlə mamalıq və ginekologiya, terapiya, otorinolarinqologiya, nefrologiya kafedralarından və Elmi-Tədqiqat Pediatriya İnstitutundan Firuzə Eminova, Günay Aslan, Fidan Şirinova, Mirhaşım Calalov, Vidadi Kəbirli, Elvira Sərdarova və Təranə Cəfərovanın məruzələri dinlənilib, diskussiyalar aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2020 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə