Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq elmi ictimaiyyətin Qobustana marağı artmaqdadır

Beynəlxalq  elmi ictimaiyyətin  Qobustana  marağı artmaqdadır

 “Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğu üçün əlamətdar hadisələrlə yadda qalıb. İl ərzində qoruq 130 minə yaxın ziyarətçi qəbul etməklə əvvəlki illərdəki göstəricilərini artan xətlə davam etdirib”. Bu sözləri Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qoruğun 2019-cu ildəki fəaliyyəti barədə açıqlamasında deyib.

Onun sözlərinə görə, il ərzində qoruğun əsas fəaliyyəti – abidələrin mühafizəsi, təbliği, elmi tədqiqat işlərinin aparılması, xidmət keyfiyyətinin yüksəldilməsi, işin beynəlxalq standartların tələblərinə uyğun qurulması kimi istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirilib. Qoruqda Azərbaycan xalqının yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaların, milli-mənəvi və dünyəvi dəyərlərin, əlamətdar günlərin, hadisələrin qeyd olunması və təbliği istiqamətində çoxsaylı tədbirlər keçirilib. Ötən il UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun üçüncü iş günü qoruqda davam etdirilib. Bundan əlavə, əlamətdar tarixi günlərlə bağlı müxtəlif tədbirlər, sərgilər və “açıq qapı” günləri təşkil olunub. İl ərzində təbiətə qayğı da diqqət mərkəzində olub. “Bu yaz özün bir təbiət yarat” devizi altında yaz ağacəkmə kampaniyası çərçivəsində minlərlə ağac əkilib.

Direktor deyib ki, Qobustan qoruğu il ərzində ölkəmizə səfər edən bir sıra mötəbər ali qonaqların da ən çox ziyarət etdiyi məkanlar sırasında olub: “Qoruğun qonağı olmuş UNESKO-nun baş direktoru xanım Odre Azuleyin Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Hökumətinə ünvanladığı təşəkkür məktubunda “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum” sözləri qoruğumuzun fəaliyyətinə verilən yüksək dəyərdir”.

Vüqar İsayev vurğulayıb ki, Qobustan qoruğu 2019-cu ildə elmi tədqiqat müəssisəsi kimi də fəaliyyətini davam etdirib. Qoruq əməkdaşlarından ibarət tədqiqat qrupu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Böyükdaş dağının aşağı səkisində Orta əsrlərə aid qışlaq yeri və Tunc dövrünə aid dini ibadət yeri olduğu güman edilən ərazidə arxeoloji qazıntılar aparıb. Bundan başqa, qoruqda qayaüstü təsvirlərin yeni metodlarla qeydiyyatı layihəsinin uğurlu nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzində olub.

Ötən il həmçinin Portuqaliyanın UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Foz Koanın qayaüstü təsvirlərindən bəhs edən “Avropanı qayaüstü incəsənətlə gəzək” adlı sərginin Qobustan qoruğunda, Qobustan abidələrindən bəhs edən sərginin isə Foz Koa qoruğunun muzeyində nümayişi, eləcə də qoruq əməkdaşlarının İspaniyanın “La Valltorta” muzeyi və “Al Barrakin Rio Martin” Milli Parkına işgüzar səfəri beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə töhfə olub. Avropa Qayaüstü İncəsənət Təşkilatının tamhüquqlu üzvü olması Qobustan qoruğunun bu qurum çərçivəsində dünyanın müvafiq qoruq və muzeyləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmasını daha da asanlaşdırır.

Ziyarətçilərə göstərilən xidmət səviyyəsinin artırılmasının əsas məsələlərdən olduğunu deyən Vüqar İsayev qeyd edib ki, qoruq ərazisində yeni layihələrdən olan atla ekskursiya marşrutunun təşkili məqsədilə işlər davam etdirilir. Qobustan abidələrinə safari turlarının təşkili də maraqla qarşılanacaq layihələrdən biridir. Bu layihənin həyata keçirilməsi üçün bir ədəd elektromobil, bir ədəd kvadrosikl alınıb. Bu il həmin nəqliyyat vasitələrinin sayının artırılması və safari turlarının genişləndirilməsi nəzərdə tutulur.

2019-cu il Qobustan qoruğu üçün daha bir əlamətdar hadisə ilə – Qobustan qayaüstü rəsmlərinin İSESKO tərəfindən İslam dünyası irsi siyahısına daxil edilməsi ilə yadda qalıb. “Bu mötəbər hadisə il ərzində Qobustan qoruğunda görülən işlərə böyük töhfə olmaqla bərabər qarşımızda yeni vəzifə və öhdəliklər yaradır. Qobustan abidələrinin qorunması və beynəlxalq müstəvidə təbliği, qoruqda aparılan elmi tədqiqat işlərinin genişləndirilməsi, yeni layihələrin təşkili, habelə abidələrin qorunması və təbliği istiqamətində işlər davam etdiriləcək”, – deyə Vüqar İsayev bildirib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

22 2020 10:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə