Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar faciəsi Müsir mətbuatında

20 Yanvar faciəsi Müsir mətbuatında

 Misirin shbabalnil.com saytında Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi -- “Vətənpərvər”in sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda Azərbaycanın azadlığı uğrunda qurbanlar” sərlövhəli məqaləsi yayımlanıb. Müəllif misirli oxucuları Azərbaycanda 30 il öncə törədilmiş faciənin detalları ilə tanış etməyə çalışıb.

   Məqalənin əvvəlində 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu qanlı hadisənin baş verməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi. Əksinə, bu qanlı faciədən sonra xalqımız daha sıx birləşdi, müstəqillik yolunda atdıqları addımları mətinləşdi.

    Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.

    Məqalədə 20 Yanvar hadisələri zamanı misirli deputatların və ölkə mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi pisləməsi xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilir.

     S.Nəsirov məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulayır. Qeyd edir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü səbirlə gözləyir. İnanır ki, gec-tez haqq-ədalət öz yerini tutacaq. Əlləri haqq uğrunda ayağa qalxan Azərbaycan övladlarının qanına batan cinayətkarlar layiqli cəzalarını alacaqlar.

 

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”

 

22 2020 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə