Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lev Spivak: Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədədir

Lev Spivak: Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədədir

Bu il fevralın 9-na təyin edilmiş parlament seçkilərinə hazırlıq davam edir. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində artıq bir neçə kitabça nəşr edilib. Bunlar kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçalarıdır. Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli hüquqi aktlar əsasında hazırlanmış yaddaş kitabçalarında KİV nümayəndələrinin, polis əməkdaşlarının və müşahidəçilərin seçkilər dövründəki fəaliyyəti, hüquq və vəzifələri haqqında ətraflı məlumat öz əksini tapıb. 

Bildirək ki, builki seçkilərin əvvəlkilərlə müqayisədə daha gərgin keçəcəyi gözlənilir. Bunu deputat mandatı uğrunda mübarizəyə qoşulanların sayı da təsdiqləyir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiyə qatılmış namizədlər barəsində kütləvi informasiya vasitələrinin suallarını cavablandırarkən deyib ki, 2020-ci il 9 fevral parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib: “Müraciət edən şəxslərin 2 min 358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan 2 min 247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb. İndiyədək 1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.
MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 22 min 746 -sı dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib. Hazırda bu proses davam edir.
Bu vaxta qədər daxil olan şikayətlərlə əlaqədar sualı cavablandıran MSK sədri bu sahədə də ciddi problemin olmadığını və mübahisə doğuran məsələlərin əksəriyyətinin dərhal həll olunduğunu deyib. 
Göründüyü kimi, Azərbaycan xalqının iradəsini əks etdirən seçkilərin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesində artıq dönməz xarakter aldığı öz təsdiqini tapıb. Axı, hər bir müasir demokratik dövlətin siyasi həyatında seçkilər mühüm rol oynayır. Məhz seçkilər vasitəsilə vətəndaşların siyasi hüquqları həyata keçirilir, ölkə ərazisində sabitlik və cəmiyyətin hakimiyyət orqanlarına etimadı təmin olunur. İndiyədək ölkəmizdə keçirilən seçkiləri izləyən beynəlxalq müşahidəçilərin rəyləri də bunu təsdiqləyir. Builki seçkilərə qatılmış iddiaçıların sayı da təsdiqləyir ki, ölkə vətəndaşlarının siyasi düşüncə tərzi və seçki mədəniyyəti əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. Təbii ki, bu uğurların təmin olunmasında dövlət başçısının siyasi iradəsi mühüm əhəmiyyət kəsb edir. 
Hazırda seçki prosesinə hazırlıq işlərinin gedişi ilə tanış olan beynəlxalq müşahidəçilər də qarşıdan gələn seçkilərin yüksək səviyyədə keçiriləcəyinə mühüm zəmin yaradıldığını bildirirlər. Bunu, hazırlıq işlərinin qanun çərçivəsində aparılması, siyasi mövqeyindən asılı olmayaraq, hər bir namizədə bərabərhüquqlu şəraitin yaradılması və zəngin qanunvericilik bazasının olması ilə əlaqələndirirlər. 
Beynəlxalq müşahidəçilər də seçkilərin aşkarlıq şəraitində keçiriləcəyinə əminliklərini bildiriblər. Ölkədə aparılan köklü islahatların yeni parlamentin formalaşacağında mühüm rol oynayacağını deyən beynəlxalq ekspertlər son illər ölkəmizdə gənc və təhsilli kadrların dövlət idarəçiliyinə cəlb olunmasını, bunun parlament seçkilərinə qatılan namizədlər arasında da büruzə verdiyni yüksək qiymətləndiriblər. Bunun ölkənin daha da inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğulayan Azərbaycan – İsrail (Azİz) Beynəlxalq Assosiasiyasının baş direktoru, politoloq Lev Spivak da diqqətə çatdırıb. O, formalaşacaq parlamentin də ölkədəki yeniliklərə uyğun olacağına əminliyini bildirib. Onun sözlərinə görə, deputatlığa namizədlər arasında kifayət qədər bacarıqlı və intellektli mütəxəssislər var.
Azərbaycanda keçirilən seçkilərdə ikinci dəfədir ki, müşahidəçi qismində iştirak etdiyini diqqətə çatdıran Lev Spivak hər iki seçkinin yüksək səviyyədə keçirildiyini bildirdi. Dedi ki, onunla birlikdə seçkiləri müşahidə edən Knesset deputatları da seçkilərin texniki təchizatı və səviyyəsindən razı qalıblar. O, əminliklə deyib ki, bu parlament seçkiləri də ən yüksək səviyyədə keçiriləcək. Bunu seçki prosesinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması ilə əlaqələndirib. 
Parlament seçkilərinin beynəlxalq standartlar səviyyəsində keçirilməsi üçün bütün imkanlardan istifadə edilir. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

21 2020 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə