Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seçki Məcəlləsinin bütün tələblərinə əməl edilir

Seçki Məcəlləsinin bütün tələblərinə əməl edilir

Fevralın 9-da keçiriləcək parlament  seçkiləri ilə əlaqədar 17 saylı  Yasamal III seçki dairəsinin 13-cü seçki məntəqəsində  hazırlıq işləri yüksək səviyyədə aparılır. Bu barədə  məntəqə seçki komissiyasının sədri Lalə Məmmədova məlumat verdi:
– Ötən ilin sonunda  bələdiyyə seçkilərini  uğurla başa çatdırdıqdan bir neçə gün sonra daha bir mühüm siyasi  kampaniyaya -- parlament seçkilərinə  hazırlığa start verildi. Növbəti seçkilərə hazırlıq işlərində elə bir problem və  çətinliklə  qarşılaşmadıq. Çünki ölkəmiz seçkilərdən yenicə ayrılıb. Ona görə də artıq növbəti seçkilərə  hazırıq. Məntəqəmizdə səs verəcək 1218 seçicinin siyahısı tam dəqiqləşdirilib. İlk dəfə səs verəcək seçicilər artıq müəyyənləşdirilib və onlarla görüşüb söhbət aparmağı planlaşdırmışıq.  Deputat mandatı uğrunda mübarizə aparacaq  namizədlərin  hər biri üçün bərabərhüquqlu şərait yaradılıb. Onlar seçki məntəqəsinin yaxınlığında quraşdırılmış dəmir lövhələrdə öz şəkillərini və platformalarını yerləşdiriblər. Seçicilərlə görüşlərə gəlincə, Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdıraraq qapalı və açıq yerlər müəyyənləşdirib. Namizədlərin həmin ərazilərdə seçiciləri ilə görüşməsi üçün heç bir problem yoxdur. Artıq həmin ərazilərdə görüşlər keçirilir.  
Seçki məntəqəsinin zəruri  ləvazimatlarla təmin olunması barədə məlumat verən  L.Məmmədova dedi ki, bu sahədə də heç bir problemimiz yoxdur: “Rəhbərlik etdiyim seçki məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz olunub. Barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi üçün lazımi vasitələri də almışıq. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış təlimat, əyani vəsait və  məlumat kitabçaları ilə təmin olunmuşuq. Onu da qeyd edim ki, həmin təlimat və kitabçaların məntəqə seçki komissiyası üzvlərinə böyük köməyi dəyir. Yerli müşahidəçilərin seçkinin gedişini  izləmələri üçün  də əlverişli şərait yaradılıb. Bir sözlə, parlament seçkilərinə tam hazırıq. Əminəm ki,qarşıdakı seçkiləri də Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun şəkildə keçirməklə bu sahədə zəngin təcrübəmizin olduğunu bir daha nümayiş etdirəcəyik”.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

21 2020 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə