Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davos İqtisadi Forumu Azərbaycanın uğurlarının bütün dünyaya tanıdılmasında önəmli rol oynayır

Davos İqtisadi Forumu Azərbaycanın uğurlarının bütün dünyaya tanıdılmasında önəmli rol oynayır

Dünən İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu (WEF) işə başlayıb. “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılıb. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçirilməsi nəzərdə tutulub. Forumda hər il bir sıra mühüm qlobal problemlər, siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələlər müzakirə olunur. Xatırladaq ki, əsası 1971-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən qoyulan və qərargahı Cenevrədə yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. 

Müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, iş adamları, eləcə də dünyanın tanınmış şəxsləri üçün Davos İqtisadi Forumu bir tribuna rolunu oynayır. Forumda qəbul edilən qərarlar tövsiyə xarakteri daşıyır. Burada beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlər, müxtəlif ölkələrdən investisiyaların cəlb olunması, iqtisadi vəziyyət, ayrı-ayrı dövlətlərin potensialı müzakirə olunur. 
Yeri gəlmişkən, qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək göstərmək yolu ilə yaxşılaşdırılması Davos İqtisadi Forumunun başlıca məqsədi elan edilib. Buna görə də Davos İqtisadi Forumu qlobal inkişafın mühüm problemlərinin müzakirəsində, dünya birliyinin işgüzar, siyasi, intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayır. 
Dövlətimizin başçısı cənab İlham Əliyev artıq 14-cü dəfədir ki, iştirak etdiyi Davos İqtisadi Forumunda indiyədək dünyanın aparıcı iş adamları ilə görüşüb, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırıb. Bütün bunların nəticəsində isə ölkəmizə investisiya qoyuluşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib. 
Burada ölkəmiz üçün maraq doğuran bir məqama da diqqət yetirmək istərdik. Bir neçə gün bundan əvvəl Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Həmin məqalədə oxuyuruq: “Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda bu forumun İllik Toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir”.
Dövlətimizin başçısı məqalədə daha sonra bildirib ki, Azərbaycanda gerçəkləşdirilən islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə respublikamız iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.
Məqalədə, həmçinin diqqətə çatdırılır ki, 2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb.
“Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqalədə, eyni zamanda, qeyd edilir ki, 2019-cu ildə nəqliyyatın ayrı-ayrı sahələri üzrə “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz ön yerlərdə qərarlaşıb. Bu, nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı, həmçinin sözügedən istiqamətdə xarici və yerli investisiyalardan səmərəli istifadə edilməsi, əməkdaşlığa mühüm önəm verilməsi ilə mümkün olub. 
Məqalədə yuxarıda sadalananlarla yanaşı, Azərbaycanda ekoloji tarazlığın qorunub saxlanılması, yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə “Ağıllı şəhər” konsepsiyasına start verilməsi, ölkəmizin Avropanın enerji təminatında fəal iştirak etməsi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına nail olması kimi məsələlərə toxunulub. Bildirilib ki, 2014-cü ildən başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatları daha da sürətləndirib. 2016-cı ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qəbul edilib, struktur və kadr islahatları həyata keçirilib, ölkədə biznes mühitinin yaxşılaşması üçün ciddi addımlar atılıb. Nəticədə, Azərbaycan “Doing Business 2020” hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşmaqla, “Kreditin əlçatanlığı” üzrə 1-ci yeri, “Biznesə başlama” üzrə 9-cu yeri, “Müqavilələrin icrası” üzrə isə 28-ci yeri tutub.
Azərbaycan Prezidenti ənənəvi Davos İqtisadi Forumuna hər zaman mühüm önəm verib, forum çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınmasında əhəmiyyətli rol oynayan məqamlara toxunub. Respublikamızın vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməsini diqqətə çatdırıb. Bildirib ki, son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olub, respublikamızın regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli yüksəlib, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri güclənib, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yaxşılaşıb.
Prezident İlham Əliyev Davosda keçirilən gürüşlər zamanı etdiyi çıxışlarda, verdiyi müsahibələrdə təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı da iştirakçıları ətraflı şəkildə məlumatlandırıb. 
Ümumiyyətlə, dünyanın ən böyük iqtisadi platforması sayılan Davos İqtisadi Forumu Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından hər zaman mühüm önəm daşıyıb. Forumda Azərbaycan brendinin dünyaya tanıdılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı obyektiv məlumatların çatdırılması qarşıda prioritet vəzifə kimi durub. 
Yeri gəlmişkən, Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq adıçəkilən forumun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun şəkildə reallaşıb. 
Son illərdə Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər görülüb. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyəti nəzərə alınaraq, iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşması diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri daha da sürətlənib, Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlər həyata keçirilib. 
Ekspertlərin fikrincə, ­Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır. Başqa sözlə, bu forum Azərbaycanda həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırır, respublikamıza investisiyaların və texnologiyaların axınına zəmin yaradır, dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyəti gücləndirir, bununla da onların ölkəmizə olan marağını daha da artırır. Dünyanın aparıcı şirkətləri, qlobal iqtisadiyyatın trendlərini müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Ümumiyyətlə, ölkəmizə investorların cəlb edilməsi, respublikamızın iqtisadi potensialının təbliğ olunması baxımından forum olduqca əhəmiyyətlidir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

21 2020 23:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə