Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar qətliamı xarici mətbuatda

20 Yanvar qətliamı xarici mətbuatda

Dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində 20 Yanvar qırğınının 30-cu ildönümü ilə əlaqədar məqalələr yayımlanıb. “Yerusalim Post” nəşrində politoloq Arye Qutun “Qara Yanvar Azərbaycanın müstəqilliyinin başlanğıc nöqtəsi oldu” sərlövhəli məqaləsi işıq üzü görüb. 
Məqalədə Bakıya yeridilmiş sovet qoşunlarının törətdiyi qanlı hadisələrdən bəhs edilir, Qara Yanvarın Azərbaycanın müstəqilliyi yolunda mübarizə tariximizdə qəhrəmanlıq səhifəsi olduğu vurğulanır. Sovet tanklarının və hərbi qüvvələrinin dəhşətli qəddarlıq, vəhşilik və zorakılıqla Bakı küçələrini zəbt etməsi qeyd edilir, mülki insanların qətlə yetirilməsi vurğulanır. Müəllif həmin gecəni xatırlayaraq yazır: “Həmin gecə Azərbaycan paytaxtının bütün əhalisi faciəvi sarsıntı keçirdi. Mən o zaman 15 yaşında idim, multikultural şəhər olan Bakıda yaşayırdıq və xatırlayıram ki, gecə boyu valideynlərim və bacım yata bilmirdi. Mən şəhərimizdəki bir çox insanlar kimi, həyatımda ilk dəfə tanklardan və pulemyotlardan açılan atəş səslərini eşitdim...1990-cı ilin yanvar ayında sovet silahlı qüvvələri xarici təcavüzə qarşı deyil, öz xalqlarına qarşı istifadə edilirdi və həmin fakt Mixail Qorbaçovun rəhbərliyi altında totalitar Sovet imperiyası rejiminin qeyri-insani və qanlı mahiyyətini göstərdi”.
Müəllif məqaləsində yəhudi əsilli fotoqraf Boris Dobin, britaniyalı jurnalist Tomas de Vall, rusiyalı rejissor Stanislav Qovoruxin kimi ziyalıların 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinə yer ayırıb.
Hazırda İsraildə yaşayan Boris Dobin qanlı hadisələri belə şərh edib: “Bu hadisə unudula bilməz. 20 Yanvar hadisəsi mənim üçün sağalmaz yaradır. Bəzən bu ağrı azalır, bəzən də artır, ancaq hər zaman qəlbimdədir. O günləri təfərrüatı ilə xatırlayıram. Bakıda müxtəlif xalqların nümayəndələri sülh içində yaşayırdılar. Mən yəhudiyəm, azərbaycanlılar arasında böyümüşəm, Azərbaycan dilində danışıram. Azərbaycan xalqının ağrısı mənim ağrımdır. Sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qanlı əməl faşizm idi. Bakı sakinlərinin həmin gün yaşadıqları ağrı heç vaxt unudula bilməz. Mən həmin hadisənin növbəti günü də fotoçəkilişlərə davam etdim, dəfn mərasimlərini çəkdim”.
Britaniyalı jurnalist Tomas de Vall “Black Garden” kitabında yazır: “Tanklar maşınları, hətta təcili yardım maşınlarını əzib keçərək barrikadaları aşdı. Şahidlər əsgərlərin qaçan insanlara atəş açdıqları və yaralı insanları da gülləbaran etdiklərini söylədilər. Vətəndaşlarla dolu bir avtobus güllə yağışına tutuldu, içindəki sərnişinlərinin çoxu, on dörd yaşlı qız da öldürüldü. Yanvarın 19-dan 20-nə keçən gecə Bakının təxminən yüz otuz vətəndaşı öldürüldü və yüzlərlə insan yaralandı”. Məqalədə, həmçinin qanlı gecədə azərbaycanlılarla yanaşı, digər xalqların, eləcə də yəhudi əsilli vətəndaşların qətlə yetirildiyi xatırladılır. Qeyd edilir ki, ulu öndər Heydər Əliyev 20 Yanvar cinayəti baş verdikdən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş, baş verənləri kəskin tənqid etmiş, öz xalqına başsağlığı vermişdi.
Pakistanın “DND” agentliyi “Qara Yanvar Pakistanda anıldı: Azərbaycan Pakistanın diplomatik dəstəyini unuda bilməz” sərlövhəli məqalə dərc edib. Məqalədə ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin də iştirak etdiyi anım tədbiri geniş işıqlandırılıb. İslamabadın Preston Universitetində düzənlənmiş tədbirdə səfir çıxışında bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və işğalçı Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. O, 20 Yanvar qətliamı ilə əlaqədar məlumat verərək bu qanlı hadisənin Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd edib.
Azərbaycanlı diplomat, həmçinin Pakistanın və Azərbaycanın müstəqilliyinin əldə edilməsində oxşarlıq olduğunu qeyd edib. Vurğulayıb ki, Pakistanın terrorizmə qarşı müharibəsində minlərlə insan həyatını itirib və Azərbaycan da Ermənistanın işğalçılıq və terror siyasətinə görə, eyni vəziyyətlə üzləşib.
Preston Universitetinin rektoru, doktor Abdul Basit çıxış edərək Pakistan və Azərbaycan münasibətlərinə toxunub, iki ölkə arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirib.
Daha sonra Preston Universitetində “20 Yanvar –Ümumxalq Hüzn Gününün 30-cu ildönümü” adlı foto-sərgi və müsabiqəyə baxış olub. Sərgidə Pakistanın 20 aparıcı universitetinin tələbələrinin və həvəskar rəssamların 20 Yanvar qətliamına həsr etdikləri əsərləri nümayiş olunub. Azərbaycanın Pakistandakı səfirliyinin və Preston Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb.
“DND” agentliyində dərc edilmiş “Qara yanvar – Azərbaycan müstəqilliyinin tarixi” sərlövhəli məqalədə 30 il əvvəl baş vermiş qətliama işıq salınır. Bu hadisələrin Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsində mühüm rol oynadığı vurğulanır. Müəllif, Quaid-i-Azam Universitetinin tarix bölməsinin tələbəsi Mathias Samuel Qara Yanvarı Azərbaycan xalqının qurbanlar verdiyi silsilə faciələrdən biri adlandırıb və bu hadisənin nəticəsində müstəqil Azərbaycanın yenidən doğulduğunu qeyd edib. 
Məqalədə, həmçinin pakistanlı tələbələrə qardaş Azərbaycan tarixiylə bağlı ətraflı məlumat vermək üçün daha geniş mənbə və materiallara ehtiyac olduğu vurğulanır. 
Türkiyə mediasında Qanlı Yanvarın törədilməsinin 30-cu ildönümü geniş işıqlandırılıb. “Anadolu” agentliyi Şəhidlər xiyabanından fotoreportaj, “Azərbaycanlıların kədər və qürur günü 20 Yanvar” sərlövhəli məqalə, “Yeni Şafak” qəzeti “Azərbaycanda 30 ildir dinməyən acı: 20 Yanvar--Bakı qətliamı”, “Sabah” qəzeti “İnsanlıq tarixində qara ləkə” sərlövhəli məqalə yayımlayıb. 
“Yeni Şafak” qəzeti 30 il əvvəl baş vermiş faciəyə işıq salaraq, 20 Yanvar qətliamını Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm hadisə kimi, dəyərləndirir: “Sovet ordusu onlara mane olmağa çalışan mülki, silahsız vətəndaşlara mərmi yağdıraraq, şəhərə girdi. Tanklar və ağır zirehli texnika insanların üzərinə yeridildi, təcili yardım maşınları və avtobuslara belə atəş edildi. O gecə yüzdən çox insan həyatını itirdi.” Məqalədə qeyd edilir ki, Qara Yanvar qətliamı xalqın SSRİ-yə olan-qalan inamını da sarsıtdı və ölkənin müstəqilliyinə gedən dövr başlandı.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Türkiyənin “Akşam” qəzetində “Müstəqilliyə gedən yolda 20 Yanvar hadisələri” sərlövhəli geniş məqalə ilə çıxış edib. Bu günün mahiyyətini geniş şərh edən səfir yazır: “Müstəqilliyi uğrunda yüzlərlə, minlərlə şəhid vermiş Azərbaycan indi hər keçən gün inkişaf etməkdə, dünyanın aparıcı ölkələri arasında özünə layiqli yer tutmaqdadır. Otuz il öncə milli varlığını qorumaq, müstəqilliyini yenidən qazanmaq üçün küçələrə çıxmış və şəhid olmuş insanlar bugünkü güclü Azərbaycanın sağlam təməllərini də öz qanları və canlarıyla atmışlar. Tək Azərbaycanın deyil, bütövlükdə türk dünyasının tarixinə qara ləkə olaraq yazılmış 20 Yanvar 1990-cı il hadisələri, eyni zamanda, bir millətin şərəf günüdür. Çünki yaşanan olaylar xalqımızın müstəqilliyə olan inancını daha da gücləndirmiş, az sonra Azərbaycan müstəqilliyini elan etmişdir”. 
“Sabah” qəzetində dərc edilmiş “İnsanlıq tarixində qara ləkə” sərlövhəli məqalədə isə səfir Xəzər İbrahimin “Akşam” qəzetində dərc edilmiş sözügedən geniş məqaləsindən bəhs edilir. 

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

21 2020 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə