Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya 20 Yanvarı anır

Dünya 20 Yanvarı anır

Yaponiya 

“20 Yanvar – azərbaycanlıların qürur günü” 


Yaponiyanın Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant Əlibəy Məmmədovun təşəbbüsü ilə “World Investors TV” internet kanalının canlı yayımı 20 Yanvar hadisələrinə həsr edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda qeyd olunub.
“20 Yanvar– azərbaycanlıların qürur günü” adlı verilişdə həmyerlimiz Ə.Məmmədov aparıcının “20 Yanvar hadisəsi nədir və necə baş verdi?” sualı ətrafında danışarkən bu faciənin tarixi və nəticələri haqqında məlumat verib. O, həmin günün müasir Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirib. Xalqımızın 1980-ci illərin sonlarından başlayan azadlıq mübarizəsindən danışıb və bildirib ki, xalqın azadlıq ruhunu qırmaq istəyən SSRİ rəhbərliyi 1990-cı ilin yanvarın 19-da Bakıya ordu yeridib. Nəticədə yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan 147 nəfər şəhid verib. Bu hadisələrdən sonra Azərbaycanda milli vətənpərvərlik hissləri daha da güclənib, xalqımız yumruq kimi birləşərək müstəqillik qazanıb. 
Verilişin digər qonağı, AZƏRTAC-ın Yaponiyadakı müxbiri Vüqar Ağayev Sovet İttifaqının dağıldığı ərəfədə ermənilərin yaranmış gərgin vəziyyətdən istifadə edərək azərbaycanlılara qarşı törətdikləri cinayət aktlarından, öz doğma yurdlarından qovulan azərbaycanlıların acınacaqlı vəziyyətindən danışıb.

 

Helsinki 

“30 ilin göz yaşı” 

 

Skandinaviya azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə reallaşan “30 ilin göz yaşı” adlı anım tədbirində Azərbaycanın İsveçdəki və eyni zamanda, Finlandiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Finlandiya Xarici İşlər Nazirliyinin əməkdaşları, yerli ictimaiyyət, türk və Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.
Tədbirin təşkilatçısı Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi Ü. Cabbarova çıxış edərək, tarixi faktlar əsasında 20 Yanvar faciəsi haqqında məlumat verib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərinə daxil olaraq müstəqil dövlət yaratmaq və öz azadlığını əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin, əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş qəddar və qanlı siyasi-hərbi akt olduğunu bildirən Ü. Cabbarova həmin gecə insan hüquqlarına dair bir çox beynəlxalq qanun və razılaşmaların, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərinin kobudcasına pozulduğunu qeyd edib. 
Daha sonra çıxış edən Azərbaycan Respublikasının İsveçdə və eyni zamanda, Finlandiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə 20 Yanvar faciəsinin ölkəmizin tarixində ağrılı bir hadisə olduğunu diqqətə çatdırıb.
Daha sonra anım mərasimində 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş olunub.

 

Hazırladı: 
M.Mükərrəmoğlu,
“Xalq qəzeti”

21 2020 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə