Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvara siyasi-hüquqi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi

20 Yanvara siyasi-hüquqi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi
Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi ­siyasi-hüquqi qiymət verilməmişdir.
Heydər Əliyev
Ümummilli lider 
5 yanvar 1994-cü il 

Kremlin ayrı-seçkilik siyasətinə etiraz edən azərbaycanlıların haqq səsini boğmaq üçün törədilmiş 20 Yanvar faciəsi ilə bağlı söz açarkən xüsusilə qabardılmalı məqamlar çoxdur. Bu barədə həmişə yazılıb. Ancaq bir məsələ var ki, onu bəzən unuduruq. Bu, rəhbərlik amilidir. 
Birinci amil. Mixail Qorbaçov SSRİ kimi nəhəng dövlətə rəhbərlik etmək iqtidarında deyildi və onun səhvlərinin miqyası, eləcə də həmin yanlış addımların fəsadları göz qabağındadır. Məhz onun kobud səhvi üzündən yaranmış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, səpdiyi nifaq toxumları artıq 30 ildən çoxdur ki, region ölkələrinin inkişafına ciddi mane olur. Onun Dağlıq Qarabağ siyasəti kobud səhv idi, 20 Yanvar faciəsinə rəvac verməsi isə açıq cinayət əməli.
İkinci amil. Dağlıq Qarabağ münaqişəsinin körükləndiyi və yanvar ayında Azərbaycan xalqının haqq səsinə qarşı hərbi müdaxilənin hazırlandığı günlərdə ölkəmizə xalqa və dövlətə bağlı olan bir nəfər rəhbərlik etsəydi, həmin planların qarşısını almaq mümkün idi. Təəssüf ki, Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov nəinki xalqımıza qarşı hazırlanan məkrli planların qarşısını almağa qadir deyildilər, əksinə, onların Kremlin göstərişi ilə hərəkət etməsi anti-Azərbaycan proseslərin sürətlənməsinə təkan vermişdi.
Üçüncü amil. 20 Yanvar faciəsindən sonra ölkəmizə rəhbərlik etmiş Yaqub Məmmədov, Ayaz Mütəllibov və nəhayət, Əbülfəz Elçibəyin dövründə həmin qanlı faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində heç bir addım atılmadı. Çünki onların heç birində liderlik keyfiyyəti, siyasətçi qətiyyəti və idarəçilik təcrübəsi yox idi. İnsan cəsarəti, qətiyyəti nə zamansa, kimdənsə mənimsəyə bilmir, o, doğuluşdan ya cəsarətli olur, ya da elə bu adamlar kimi. Onlar istəsələr belə həmin addımları atmağa cəsarətləri çatmazdı. Həmin cəsarət isə ancaq Heydər Əliyevdə var idi. 
Dördüncü amil. Ötən əsrin 80-90-cı illərində həm SSRİ miqyasında, həm də, Azərbaycanda milyonlarla insanın qətiyyətli və cəsarətli lider kimi tanıdığı bircə şəxs var idi -- Heydər Əliyev. O, həm 20 Yanvar faciəsinin ertəsi günü Kremlin “qulağının dibində” öz etiraz səsini ucaldaraq bu faciəni törədənləri ifşa etmiş, həm də, Azərbaycanda ali siyasi rəhbərliyə qayıdandan üç-dörd ay keçməmiş həmin faciəyə siyasi-hüquqi qiymət verilməsinə nail olmuşdu.
Bir neçə ay sonra məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. 
Daha bir neçə ildən sonra -- 1994-cü il yanvar ayının 5-də isə ümummilli lider 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı.
1994-cü il yanvar ayının 5-də Heydər Əliyevin müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət, həmin ilin mart ayında ulu öndər tərəfindən təsdiqlənən 20 Yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqqını tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi.
Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Doqquz bənddən ibarət olan həmin qərarın ilk üç bəndi belədir: 
1. Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin.
2. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun.
3. Xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyət, eyni zamanda, Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərinə düşür. Xalqın azadlıq hərəkatını boğmaq məqsədilə Sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin-amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına yol verən Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri, bununla da, Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 
21 2020 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə