Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda enerji təminatı ilə bağlı son illər mühüm layihələr həyata keçirilib

Azərbaycanda enerji təminatı ilə bağlı son illər mühüm layihələr həyata keçirilib

Son 16 ildə “Əsrin müqaviləsi” sayəsində ölkəmizin imkanları ­ardıcıl şəkildə genişləndirilib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu – Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb.  Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb. 

Prezident İlham Əliyevin dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında bir neçə gün bundan əvvəl yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində də Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsi barədə ətraflı bəhs edilib. Bildirilib ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir. Artıq birinci hissə–“Şahdəniz-2” fazası üzrə bütün işlər tamamlanıb. Şahdəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibindən 800 metr dərinliyə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.
Layihənin ikinci hissəsi–Cənubi Qafqaz Boru Kəməri də artıq istismara verilib. Azərbaycanı Gürcüstandan keçərək Türkiyə ilə birləşdirən bu kəmərin uzunluğu 691 kilometr təşkil edir.
Layihənin üçüncü hissəsi–Trans–Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyənin qərb sərhədinə qədər davam etməklə, uzunluğu 1850 kilometr təşkil edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran bu boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə–Yunanıstan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib.
Sonuncu–dördüncü hissə isəTrans–Adriatik Boru Kəməridir (TAP). Bu kəmərin uzunluğu 878 kilometrdir. ­Tikintisinin 90 faizdən çoxunun başa çatdığı həmin layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq. Xatırladaq ki, ötən il noyabrın 30-da TANAP-ın TAP ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev ölkə daxilində də enerji təminatına hər zaman strateji sahə kimi yanaşıb. Məhz bunun nəticəsidir ki, son illər ərzində bu sektorda çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilən birinci Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan enerji güclərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 
Azərbaycanın hazırda təqribən 1000 meqavatlıq əlavə enerji gücləri var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialını genişləndirir. 
Bütün bu işlərin təməlində generasiya güclərinin yaradılması dayanır. Son 16 il ərzində təqribən 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərilib. 
Son illər ərzində ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, itirilmiş generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilib. 2018-ci il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya proqramı” əsasında geniş həcmdə iş görülüb və bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir. 
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən, ölkəmizdə əhalinin və sənaye potensialının artımının energetika sahəsinin daim diqqət mərkəzində saxlanılmasını zəruri etdiyini bildirib: “Mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik”.
Ümumiyyətlə, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qaldırılıb. 
Azərbaycanda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, hazırda ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96 faizə çatıb. Azərbaycanda qazlaşma səviyyəsi 2010-cu il yanvarın 1-nə 62,2 faiz təşkil edirdisə, indi bu göstərici 33,8 faiz artıb. 

 

“Xalq qəzeti”

 

23 2020 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə