Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bu gün dünyada ən islahatçı və sabit ölkə kimi tanınır

Azərbaycan bu gün dünyada ən islahatçı və sabit ölkə kimi tanınır

əvvəli http://xalqqazeti.com/az/news/38951

Ötən ilin büdcəsinin vacib elementlərindən biri də ölkə Prezidentinin müvafiq fərmanı ilə icra edilən fiziki şəxslərin problemli kreditlərinin həlli məsələsidir. Bununla əlaqədar 2019-cu ilin dövlət büdcəsində əhəmiyyətli tədbirlər həyata keçirilib və 640 milyon manat məbləğində vəsaitin büdcədən müvafiq bankların hesablarına köçürülməsi təmin olunub. Nəticədə 593 min fiziki şəxs əziyyət çəkdiyi, kreditlərlə əlaqədar dövlətdən böyük bir dəstək alıb. 


Ümumiyyətlə, dövlət büdcəsi qarşısında duran bütün vəzifə və funksiyalar – həm müdafiə, milli təhlükəsizlik, həm də sosial, mədəniyyət, idman sahələrində bütün beynəlxalq tədbirlərin ahəngdar maliyyələşdirilməsi təmin olunub. Xəzinədarlıq orqanları tərəfindən, ilk növbədə, sosial ödənişlərin vaxtında tam icrası yerinə yetirilib. Azərbaycan tarixində xərc baxımından ən böyük büdcə olan 2020-ci il büdcəsinin hazırlanması ilə əlaqədar da müvafiq tədbirlər görülüb. 
Hazırda Azərbaycan gömrüyü gömrük nəzarətinin daha səmərəli təşkili, gömrük sisteminin yenidən qurulması və maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, yerlərdə bilikli və bacarıqlı kadrların işə qəbul olunması, bir sözlə, həyata keçirilən islahatlar sayəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Bütün bunların nəticəsində isə qurumun dövlət büdcəsinin formalaşmasında rolu xeyli dərəcədə artıb, iqtisadi göstəriciləri dinamik şəkildə yüksəlib. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə gömrük sistemində aparılan uğurlu islahatlar hesabına ­2018-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən faktiki olaraq 1 milyard 970 milyon manat əlavə vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. 
Ümumiyyətlə, ötən il nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə proqnozuna 4 milyard 408 milyon manat səviyyəsində əməl olunub, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülüb və icra 119,1 faiz yerinə yetirilib. Hesabat dövrü ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. Belə ki, ötən il güzəştlərin tətbiqi diqqətdə saxlanılıb, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib.
Gömrük xidmətində həyata keçirilən islahatlar bu xidmət sahəsində “kölgə iqtisadiyyatı”nın həcminin kəskin azalmasına müsbət təsir göstərib. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcminin 65 faiz, əlavə dəyər vergisindən azadolmanın həcminin isə 35 faiz təşkil etməsi bunun bariz ifadəsidir. 
Ümumiyyətlə, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunub, xüsusilə də ixracatçı ölkələrlə əlaqədar məlumatların sistemə yerləşdirilməsi nəticəsində sahibkarlar tərəfindən qiymətazaltma tendensiyası azalıb. Başqa sözlə, sözügedən sahədə aparılan ciddi nəzarət tədbirləri hesabına 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. 
Aparılan islahatların məntiqi nəticəsi kimi, hazırda beynəlxalq təcrübəyə istinadən gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilən gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan səmərəli istifadə olunur. Mövcud proqramların mahiyyətini dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri təşkil edir. Bu cür sadələşdirmə proqramlarının ölkəmizdə tətbiqi məqsədilə Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub.
Yeri gəlmişkən, 2019-cu ildə 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısının həm idxalda, həm də ixracda “Yaşıl dəhliz”lə bağlı statusu tanınıb və qısa müddətə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilib. 
Xatırladım ki, bu layihə dünyada bir ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul edilir. Layihənin tətbiqilə sahibkarlar logistika və anbar xərclərindən azad olunurlar. Qanuni ticarət fəaliyyəti göstərən sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən ­bütün əməliyyatları elektron qaydada idarə edir və rəsmiləşdirməni başa çatdırırlar.
2019-cu ildə qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilib və 13 min 443 hüquqpozma faktı aşkar edilib. Onlardan 866-sı cinayət xarakterli faktlar olub ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi təşkil edib. Ümumiyyətlə, ötən il ərzində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olub. Ötən il maliyyə sektorunda həyata keçirilən islahatlar nəticəsində müşahidə olunan sabitlik və müsbət trendlər də ölkənin sürətli inkişafında önəmli rol oynayıb. Bu, Mərkəzi Bankın fəaliyyətində daha aydın nəzərə çarpıb. Xatırladaq ki, bu bankın vəzifələrinə görə, onun başlıca funksiyası iqtisadiyyatda qiymət sabitliyinin təmin olunmasıdır. İnflyasiya göstəricisinin 2,6 faiz səviyyəsində qərarlaşması da bunun bariz ifadəsidir. Bu, MDB məkanında ən aşağı inflasiya səviyyələrindən biridir. Belə bir göstərici olduqca mürəkkəb bir şəraitdə, böyük həcmli sosial paket, kreditlərin restrukturizasiyası, o cümlədən, dünyada ərzaq qiymətlərinin 12 faiz bahalaşması fonunda əldə edilib. 
O da qeyd edilməlidir ki, Azərbaycan iqtisadiyyatı çox əlaqəli bir iqtisadiyyatdır və belə bir mühitdə, başqa sözlə, pul kütləsi həcminin təxminən 24 faiz qalxdığı bir şəraitdə aşağı inflyasiyaya nail olunub. 
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə 2019-cu ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 4800 dollar, valyuta ehtiyatlarının 51 milyard dollar, ixracın 19,6 milyard dollar, sərmayə qoyuluşunun 13,5 milyard dollar təşkil etdiyini bildirib. 
Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıb: “Mənə verilən məlumata görə, Mərkəzi Banka 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var”.
Hazırda valyuta ehtiyatlarımız xarici borcu 5 dəfədən çox üstələyir. Keçən il Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyi tərəfindən bu qurumlara aid ehtiyatlar artırılıb və əhəmiyyətli gəlirlilik müşahidə edilib. 
Hesabat dövrü pul siyasətinin yumşaldılması ilə də yadda qalıb. Belə ki, son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsi 5 faiz aşağı düşüb, başqa sözlə, təxminən 16 faizdən 11 faizə enib. 
Ölkəmizin xarici kreditor mövqeyi də getdikcə yaxşılaşıb. Azərbaycanın xaricdə yerləşdirdiyi xarici vəsaitlərin həcmi 100 milyard dollardan yuxarı olmaqla, öhdəliklərdən iki dəfə çoxdur. Bu, onu göstərir ki, respublikada möhkəm makroiqtisadi sabitlik və dayanaqlılığın əsasları yaradılıb və bu, iqtisadi artımda və iqtisadi inkişafda mühüm rol oynamağa başlayıb. 
Bununla əlaqədar əldə edilən göstəricilərə də nəzər salaq. Təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz, istehlak kreditləri, əhaliyə verilən kreditlər təxminən 20 faizdən bir qədər şox ­artıb. Cari ildə isə iqtisadiyyatın, xüsusilə də kişik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasına nail olmaq nəzərdə tutulub. 
Burada bir məsələni də xatırlatmaq istərdim. Ötən il manatla müddətli əmanətlər 27 faiz artıb. Bu, onu göstərir ki, sosial sahədə atılan addımlar nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin edib, eyni zamanda, yığımlarında da önəmli rol oynayıb. 
Ödəniş sistemində əsas məqsəd, təbii ki, qeyri-nağd ödənişlərin səviyyəsinin ­artırılması, nağd ödənişlərin isə məhdudlaşdırılmasıdır. Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz artıb. O cümlədən, ödəniş kartlarının sayı 13 faiz və kart ödənişlərinin sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57 faiz , elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93 faiz yüksəlib. 
Ötən il sosial müdafiənin gücləndirilməsi məqsədilə mühüm tədbirlər görülüb və əhalinin 42 faizinin gündəlik gəlirlərinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu, 1 milyon 350 min insanın əmək haqqının yüksəlməsində özünü göstərib. Eyni zamanda, əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Orta aylıq əməkhaqqının artım tempi isə 16,4 faiz təşkil edib. 
Hesabat dövründə əmək haqqı fondu 42,3 faiz artıb. Əmək haqqının sosial ədalət bölgüsünün göstəricisi olan median əməkhaqqı bir ildə 52 faiz yüksəlib. Pensiya islahatları nəticəsində isə minimum pensiyanın artımı ölkəmizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxarıb. Nəticədə, ölkədə orta pensiya 2019-cu ildə 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artıb. Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlar üzrə də böyük bir proqram reallaşdırılaraq, 1,3 milyon insanı əhatə edib. 
2019-cu ildə 19 növ sosial müavinət və təqaüdün elektron qaydada proaktiv şəkildə, vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməsinə başlanıb. Artıq həmin istiqamətdə 20 min təyinat gerçəkləşdirilib. Bu avtomatlaşma tədbirlərinin bu il ərzində davam etdirilməsi 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada aparılmasına imkan verəcək. 
Ötən il sosial dövlət olan Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına da daim həssaslıqla yanaşılıb. Ayrı-ayrı proqramların icrası zamanı bu məsələ xüsusi diqqətdə saxlanılıb. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılması prosesini sürətləndirib. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılıb, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verib. Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yerinin yaradılması, keçən il isə 98 min yeni iş yerinin açılması bunun bariz ifadəsidir. 
İş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması ölkədə işsizliyin kəskin şəkildə azalaraq, 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
Makroiqtisadiyyat, fiskal və monetar siyasətlə eimi və praktiki baxımdan uzun illər məşğul olduğumdan deyə bilərəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da daha böyük uğurlara imza atacaq, dövlətimiz möhkəmlənəcək, iqtisadiyyatımız, maliyyə təminatımız güclənəcək, əhalinin yaşayış səviyyəsi gündən-günə daha da yaxşılaşacaq. 

 

Əvəz ƏLƏKBƏROV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, BMT-nin Sülh səfiri 

23 2020 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə