Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan bütün sahələrdə Azərbaycana uduzur

Paşinyanın erməni xalqını aldatmaq üçün uydurduğu yalanlar ifşa olundu

Ermənistan bütün sahələrdə Azərbaycana uduzur

Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 


Təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Aparılmış son danışıqlarda da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişə nail olunmayıb. Bu, azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar verdiyi bəyanatda ölkəsinin iqtisadi cəhətdən Azərbaycanı qabaqladığını bildirib. Əlbəttə, tamamilə məntiqdən uzaq olan bu fikirləri ilə Paşinyan ölkə daxilində əhalinin rəğbətini qazanmağa, bir yandan itirdiyi siyasi nüfuzunu bərpa etməyə çalışır. Amma əbəs yerə…

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Ermənistan baş nazirinin əsassız və yersiz iddialarına çox tutarlı cavab verərək bildirib ki, Ermənistanın bir çox parametrlər üzrə Azərbaycanı qabaqlaması fərziyyədən başqa bir şey deyil. Əksinə, Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. 
Azərbaycanın dövlət başçısı firiklərini təsdiqləmək üçün bir neçə məqamı xatırladıb. Bunlardan biri Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Bu, böyük bir göstərici olmaqla bərabər, Azərbaycanın beynəlxalq nüfuza malik olduğunu göstərir. Dünya birliyinin mütləq əksəriyyəti ölkəmizə etimad göstərib. Bu gün çoxları bilmir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə Azərbaycandan əvvəl Ermənistan öz namizədliyini irəli sürüb. Ancaq Azərbaycan namizədliyini irəli sürəndən sonra bu ölkə 100 faiz uduzacağını görərək qorxaqcasına öz namizədliyini geri götürüb. Prezident İlham Əliyev bu barədə deyib: “Bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi”.
Bundan sonra Azərbaycan Prezidenti 2016-cı ilin aprelində Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından danışaraq deyib ki, bunun nəticəsində Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, minlərlə hektar torpağımız işğalçılardan azad edilib və o torpaqlarda Azərbaycan bayrağı ucaldılıb. 2018-ci ildə keçirilmiş uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazimiz işğalçılardan təmizlənib və bir neçə önəmli strateji yüksəklik azad edilib. Bu yüksəkliklər hazırda bizə imkan verir ki, Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, son illərdə Azərbaycanın Ermənistan üzərində ikinci hərbi qələbəsi idi.
Azərbaycan lideri “Global Firepower 2019” hesabatına əsaslanaraq Azərbaycanın dünyanın ən güclü orduları reytinqində 52-ci, Ermənistanın isə 96-cı yerdə qərarlaşdığını da söyləyib. O cümlədən, hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. 
Daha sonra Prezident ­İlham Əliyev əsas makroiqtisadi göstəricilər üzrə müqayisə apraraq deyib ki, 2019-cu ildə Azərbaycanın ÜDM-i 47,6 milyard dollar, Ermənistanda isə cəmi 13 milyard dollar olub. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac – Azərbaycan 19,6 milyard dollar, Ermənistan 2,4 milyard dollardır, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Keçən il Azərbaycana 13,5 milyard dollar sərmayə qoyulub, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.
Azərbaycan Prezidenti müqayisəni sistemli şəkildə davam etdirib: “Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edirəm. Beləliklə, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat – bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda ­4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə, Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır”.
Təbii ki, Prezident İlham Əliyev Ermənistanın baş nazirinə o qədər detallı və arqumentli cavab verib ki, bunun müqabilində heç bir kəlmə belə deyilə bilməzdi. Zaman göstərir ki, bu günə qədər Paşinyan bu arqumentlər qarşısında susmaqda davam edir. Azərbaycan Prezidenti Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatından misal gətirir: 2019-cu ildə iqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada 10-cu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi – Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı – Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad – Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti – Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi – Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Buna Ermənistanın baş naziri nə cavab verə bilər? Bu, axı beynəlxalq iqtisadi təhlilin nəticəsidir! 
Bütün digər parametrlər də, təbii ki, Azərbaycanın xeyrinədir. Prezident İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılması məsələsi üzərində xüsusilə dayanaraq Paşinyanı və bütün erməni rəhbərliyini rüsvay edib. “Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür” deyən faşist nökəri Njdeyə heykəl qoyanların özləri də faşist olmayıb, bəs nədir? 
Bütün bunlar onu göstərir ki, Paşinyan öz xalqını və dünya ictimaiyyətini aldatmaqla baş girləyir, hakimiyyətinin müddətini uzadır. Qarabağ probleminin həllində də vəziyyət eynidir. Nə vaxtadək? Ermənistan rəhbərliyi nə vaxtsa düz yola, haqq yoluna qayıdacaq, yoxsa ömrünü beləcə yalanlarla başa vuracaq? Hər halda, bu, bir faktdır ki, Ermənistan istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də hərbi sahədə Azərbaycana uduzur. Ona görə də Paşinyan baş nazir postunu yalnız yalan danışmaqla qoruyub saxlaya bilər.  

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

21 2020 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə