• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayrağımızı gözləyən yüksəkliklər

Bayrağımızı gözləyən yüksəkliklər
Rafael HÜSEYNOV, 
akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri
 
 
Bir millət olaraq bizim var olduğumuz bütün zamanlar boyu ən ali sərvətimiz istiqlalımız, dövlət müstəqilliyimizdir. 
2018-ci ilin mayında istiqlalımızın 100 yaşı tamam oldu, az sonra da elə müstəqil dövlətimiz yaranınca təsis edilmiş Milli Ordumuzun 100 yaşının bayramı gəldi.
 
Bunlar elə bayramlardır ki, hər bir Azərbaycan insanına aidiyyəti var və mənim ən böyük diləyimdir ki, elə gün yetişsin yurddaşlarımız belə millət bayramlarını bütün miqyası, fəlsəfəsi ilə duysunlar. Novruz bayramında olan sayaq təzə libaslar geyinməyə, hər evdə hökmən bayram süfrəsi açmağa, bir-birlərilə səmimiyyətlə bayramlaşmağa tələssinlər.
Yaxşı millət olmağın, xalqla dövlətin əl-ələ irəlilədiyi güclü ölkəyə çevrilməyin yolu belə yüksək dəyərlərə bu qədər məhəbbətli, həssas, məhrəm münasibətin hər könüldə bərqərar olmağından keçir.
Heyiflər ki, 100 yaşlı müstəqillik tariximizin yalnız 29 ilində azad yaşamışıq, bu şərəfli tarixin 70 ili bizdən qəsb edilib.
Amma nə bəxtiyarıq ki, hər halda, bir kərə yüksəlmiş istiqlal bayrağımız yenidən ucaldı, XX yüzilin ikinci onilinin bitəcəyində 23 ay boyunca şirinliyini daddığımız müstəqilliyimiz bizə yenidən nəsib oldu.
Bu 29 müstəqil ilin hər ili, hər ayı, hər günü bilavasitə şanlı ordumuzun adı ilə bağlıdır.
İllər boyu mən Azərbaycan istiqlalı uğrunda can qoymuş böyük Vətən övladlarının həyat tarixçələrini araşdırarkən, mübarizəli yolumuzun dünənlərini öyrənərkən daim iftixar duymuşam ki, Azərbaycan əsgəri müdam müqəddəs çarpışmalarımızın önündə gedib.
Azərbaycan əsgəri rəşadətini Qafqaz İslam Ordusu ilə birgə 1918-ci ilin sentyabrında Bakının qurtuluşu dönəmində də göstərib, 1920-ci ilin Qarabağ döyüşlərində də Milli Ordumuz qəhrəmanlığı ilə dastanlara, nəğmələrə, şərqilərə çevrilən şanlı tarixlər yazmağı bacarıb.
Ceyhun Hacıbəylinin sözləri ilə desək, 1920-ci ilin aprelində bolşeviklərin gəlişi, istiqlalımızın süqutu ilə bu yurdun üstünə qonan ləkəni həmin ilin son may günlərində əks-sədası bütün gələcək tariximizdən ucalacaq Gəncə üsyanı yuyub apardı və istibdada, işğala qarşı həmin fövqəladə xalq etirazının əsas özəyini də elə Milli Ordumuzun yenilməz əsgərləri, zabitləri təşkil edirdi.
Müstəqilliyimizin bərpasından sonra, 1990-cı illərin təlatümlü çağlarında da bütün çətinliklərə, məhrumiyyətlərə, sıxıntılara rəğmən yeni-yeni təşəkkül tapmağa başlayan Azərbaycan Ordusu Ermənistan və ona havadarlıq edənlərin quduz həmlələrinə mətanətlə sinə gərmişdi.
2018-ci ilin 25 iyununda mən Vətəndən uzaqlarda, Fransada, Strasburq şəhərində idim. Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası keçirilirdi və  kompüterimdə 100 yaşını qeyd edən Azərbaycan Milli Ordusunun təntənəli paradını internet vasitəsilə birbaşa yayımdan izləyirdim.
Böyrümdə bir neçə nəfər avropalı deputat da vardı. Onlar da seyr edirdilər. Bu möhtəşəmliyə heyran qalmamaq mümkün deyildi. Gözümüz qarşısından dünyanın ən mütəşəkkil, ən yaxşı təmin olunmuş ordularından biri keçirdi. Sonsuz maraqla baxırdıq – əcnəbilər qısa bir zaman içərisində belə qüdrətli ordu qurmağımıza, bu ən müasir təchizata məftunluqla, heyrətlə, mən isə bütün bu gedişatı illərcə yaxından izləmiş canlı şahid olaraq qürurla, fəxrlə!
Azərbaycan tarix boyu çox müharibələr görüb, çox savaşların acısını yaşayıb. 1980-ci illərin sonlarından mübtəla olduğumuz elan edilməmiş, amma artıq təqribən 30 ildir ki, davam edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müharibəsi bəlkə də indiyədək hədəfinə çevrildiyimiz müharibələrin ən üzücülərindəndir. Bu savaşın müdhişliyi ondadır ki, artıq 3 onildir böyükdən-kiçiyə bütün azərbaycanlılar istər-istəməz bu dərdlə yaşayır, ancaq “nə sülh, nə müharibə” labirinti qurtarmır ki, qurtarmır.
Bu müharibə, ərazilərimizin beşdəbirinin qəsbi olmasaydı, Ermənistandakı dədə-baba yurdlarından yüz minlərlə soydaşımız qaçqın düşərək hamımızın şərikinə çevrildiyimiz sarsıntı və nisgilləri ilə Azərbaycan boyu səpələnməsəydi, müstəqillik illərində qazandığımız uğurlar, yüksəlişlərimiz indikindən qat-qat artıq olardı.
Ən böyük dərd də odur ki, yalnız zahirən Azərbaycan cılız Ermənistanla üzbəüzdür. Bu müharibənin taleyi yalnız onlarla bizdən asılı olsaydı, əlbəttə ki, hər cəhətdən – istər iqtisadi, istər hərbi, istər insan resursları baxımından Ermənistandan qat-qat üstün olan Azərbaycan mənhus düşməni çoxdan məğlub edərdi.
Bu qarşıdurmada son sözü əvvəl-axır şanlı ordumuz deyəcəksə də, ortada düyünün çözülməsinə dünyanın məsul etdiyi böyük dövlətlər də var ki, bütün beynəlxalq qanunlar və hüquq, haqq, ədalət bizim tərəfimizdə olsa da, onlardan qətiyyətli hərəkət gözə dəymir. Hər səbrinsə, təbii ki, bir tükənmə həddi, daşma nöqtəsi var.
Ermənistanın Azərbaycana qarşı apardığı bu irticanın heç vaxt unudulmayacaq, şərəf tariximizdə qalacaq səhifələrindən biri 2016-cı ilin Aprel döyüşləri oldu. 
Aprel döyüşləri bir neçə gün ərzində bütün Azərbaycan xalqını içəridən silkələdi, ruhumuzu oyatdı, hər kəsdə qələbənin uzaqda olmaması inamını yaratdı.
Aprel döyüşləri Azərbaycan insanlarını daha həmrəy, bir-birinə daha simsar, yurdu və milləti daha bütöv etdi.
O hüzn və hünər günlərində növbəti bir şəhidimizin dəfn mərasimində iştirak etməkçün mən Kürdəmir rayonunun Sığırlı kəndinə getmişdim. Həmin kənd Bakı–Gəncə magistral yolunun üstündədir. Kəndin əsas yolu birbaşa magistrala çıxır. Və biz – axın-axın insan şəhid Tural Qurbanovgilin həyətindəki vidalaşma mərasimi başa çatandan sonra cənazə ilə kənd qəbiristanlığına yollandıq. Bununçün əvvəlcə magistral yola çıxmaq, xeyli piyada gedəndən sonra kəndin o biri başında yerləşən məzarlıq tərəfə yönəlmək lazım idi. Bu magistral həmişə yüklü olur, maşınlar, adətən, sürətlə şütüyüb keçir. Söz yox ki, o maşındakıların hərəsinin öz dərdi-səri, öz tələsik işi olmamış deyildi. Amma mən bircə avtomobil də görmədim ki, bu dəfn karvanına çatınca dayanmasın, maşındakılar yerə enməsin, elə bu hərəkətləriylə də ruhən, qəlbən bizimlə olduqlarını nümayiş etdirməsinlər. 
Bunları indi yazıram, həmin şahidi olduğum riqqətoyadıcı ürək, duyğu birliyi mənzərəsinə elə ogünkü kimi təzədən qəhərlənirəm. 
Həmin yolkeçənlər bu şəhidin nə adını bilirdilər, nə taleyindən, necə həlak olmasından xəbərdardılar. Lakin bilirdilər ki, önündə Azərbaycan bayrağı gedən bu qırmızıya bürünmüş tabutdakı Aprel şəhididir. Bilirdilər ki, bu cavan hamımızdan ötrü, bu Vətən yolunda qurban gedib. 
O anda o şəhid  bala onların hər birinin övladı idi.
Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin aprel şücaəti millətimizi belə qovuşdurmuş, bütün milləti bir ürəyə, bir yumruğa döndərmişdi.
Açıram 2016-cı ilin o günlərinə aid dəftərimdəki qeydləri. 3 aprel şəhidi ilə bağlı düşüncələrim qalır həmin dəftərdə. Biri elə indicə xatırladığım Tural Qurbanov haqqındadır. Gündəliyimdəki tarix – 2016-cı il aprelin 16-sı: “Vətəni bu cür ləyaqətli övladların varlığı Vətən edir. 
Onunla 2016-cı il aprelin 16-dakı son görüşə minlərlə insan gəlirdi. Bu yasa qatılanlar şəhidin doğulub böyüdüyü kəndin camaatından çox idi.  
Çünki o, daha təkcə doğulub boya-başa çatdığı Sığırlı kəndininki deyildi. 
Qonşu kəndlərdən, Kürdəmir şəhərindən maşın-maşın insan boğazı göynəkli, gözləri nəmli, amma həm də içərisi qürur hissi ilə dolu halda Turalla vidalaşmağa tələsirdi. 
Kürdəmir rayonunun Sığırlı kəndindəki o həyətə çox illər öncə bir kərə də dəfn mərasiminə gəlmişdim. O vaxt ömrünü sürmüş ağsaqqal bir insan, indi gənc yaşında canını millətinə fəda etmiş Tural Qurbanovun babası dünyasını dəyişmişdi.
Müdhiş dərdinə baxmayaraq, qamətini şax tutmuş, təkrar-təkrar “Vətən sağ olsun!” söyləyən atası Gurşad əziz balası Turalın bir niyyətini yada salır: “Deyirdi ki, babam kimi, mən də qollu-budaqlı olacağam. 10 uşağım olacaq”.
2016-nın oktyabrında 24 yaşına çatacaqdı Tural. 2 övladı qaldı. Biri 2 yaşından 3 yaşına yenicə adlayıb, o birinin heç 1 yaşı tamam deyil. Daha bir övladı isə hələ yolda. 2016-cı ilin payızında dünyaya gələcək həmin körpəni görmək atası Turala, ata görmək o uşağa nəsib olmadı. 
...Kənd qəbiristanlığında Azərbaycan Ordusunun əsgərləri Tərtər istiqamətində gedən döyüşlərdə şücaətlər göstərərək həlak olmuş igid kəşfiyyatçımızın şərəfinə yaylım atəşləri açır. 
Bu məzarlıqda heç vaxt buna bənzər bir vidalaşma olmayıb.
 
Ölüm var ki, həyat qədər dəyərli, 
Həyat var ki, ölümdən də zəhərli!
 
Hüseyn Cavidin bu müdrik sözlərinin gerçəyini Tural kimi qəhrəman balalarımızın qazandığı ölməzlik sübut etməkdədir.
İndən belə, bu torpaq əvvəlkindən də müqəddəs olacaq.
Bütün Azərbaycan boyu bu günlərdə torpağa qovuşan şəhidlərimizin sayəsində ana yurdun müqəddəsliyi də, əzizliyi də, hərarəti də qat-qat artacaq.
Əbədiyyətə gedən yolun mübarək, sevimli Tural! Azərbaycan hər an arzusunda olduğun, uğrunda canını qurban verdiyin QƏLƏBƏyə tez yetişsin!”
Gündəliklərimin 2016-cı ilin aprelinə aid digər səhifəsində daha bir qurbanımız, şahin övladımız haqqında ayrılıq düşüncələrim: “Bu kürdəmirli gənc, baş leytenant Əbubəkir İsmayılov səmada – Mi-24 vertolyotunda, Vətən göylərində həlak oldu.
Orduya bir ailənin övladı kimi getmişdi, öz kəndinin, rayonunun və bütöv Azərbaycanın istəkli balası kimi qayıdıb gəldi! Düşmən tapdağındakı torpaqlarımızı azad edəndən sonra qələbə müjdəsi ilə dönəcəkdi ata evinə. Bir neçə ildi ki, hərbi pilot idi. Hələ çox-çox uçuşları olacaqdı. Sevinclərdən qanad taxacağı daha bir günün, o biri uçuşlarına bənzəməyən ayrı bir məsud uçuşun da intizarında idi. Yeddi ay idi evlənmişdi, ata olmağın fərəhiylə heç bir təyyarənin qalxa bilməyəcəyi yüksəklərə ucalacağı və çox da uzaqda olmayan günün arzusu çırpınırdı ürəyində...
Əbədlilik uçub getdi. Mələklərin yanına uçub getdi. 
 
Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər!
Göydən əcdad enərək öpsə o pak alnı, dəyər!
Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?!
“Göməlim gər səni tarixə” desəm, sığmazsın.
 
Əbubəkirin müqəddəs bayrağımıza bükülmüş cəsədini gətirdilər ata-baba ocağına. Adi bir kənd uşağı kimi çıxmışdı bu evdən, qəhrəman kimi qayıtdı.
Onun Kürdəmir rayonundakı doğma kəndinin adı Xırdapaydır. Amma Əbubəkir Vətənə çox böyük pay verdi – məsum varlığını bağışladı! 
Anası ürəkdağlayan sözlər deyir. Söyləyir ki, Əbubəkirlə telefonla danışdım. Qayıtdı ki, ana, irəliləyirik, irəliləyirik. Ola bilsin, rabitə qırılsın, danışığımız kəsilsin. Nigaran qalma, imkan düşən kimi özüm zəng vuraram. 
Zavallı, bu anlarda, sən demə, düşmən tərəfə son həmləsini edirmiş. 
Ara, doğrudan da, kəsilir, rabitə ömürlük qırılır. Daha onlar heç vaxt bir-birlərinin səslərini eşidə bilməyəcəklər. 
Əbubəkir və vertolyotdakı 2 mərd silahdaşı yağıya vura biləcəkləri son zərbəni endirirlər. 
Hər şeyin bitdiyini hiss edincə vurularaq alışmış vertolyotlarını düşmən mövqeyinə çırpırlar ki, son nəfəsdə də axırıncı faydalarını verə bilsinlər. 
Dərd içində qovrulan anasının bu məğrur sözləri mənə elə Əbubəkirin qəhrəmanlığı qədər möhtəşəm gəlir: “İrəliləyirik, – dedi balam, irəliləyib şəhidliyə ucaldı!” 
Cəsur Əbubəkir şirin canı bahasına böyük qələbəmizi bir qədər də yaxınlaşdıranlardan oldu. 
Vətən uğrunda, amal, məslək yolunda şəhid olmaq, əlbəttə, şərəfdir. Amma bu gözəl balalar dünyaya bunca erkən ölməkçün yox, yaşamaq, sevmək, qurub-yaratmaq, sabahın Azərbaycanını daha xoşbəxt etməkçün gəlmişdilər! 
Nə acı ki, qismət belə gətirdi! Millətimizin başı sağ olsun! 
2016-cı ilin 10 aprel gecəsi Kürdəmir rəşadətli balasını son dəfə qarşıladı və Əbubəkir Fəxri xiyabanda əbədi rahatlıq tapmaqçün Bakıya yollandı... 
Bizi bu bəlalara düçar edənlərin Tanrı və tarix cəzasını versin! 
Gözlərinizdəki kədər yaşlarının əvəzinə möhtəşəm qələbəmizin köksə sığmayan iftixarı və şadlığının gətirəcəyi bəxtəvər göz yaşlarının yanaqlarınızda görünəcəyi gün lap yaxındadır, əziz vətəndaşlarımız!”
Bu düşüncələrimsə bir neçə ay sonraya aiddir. Xalqbank aprel şəhidi, gənc heykəltəraş Samir Kaçayev haqqında kitab buraxmışdı və həmin əsərin təqdimat mərasiminə toplaşmışdıq. O həzin axşamda mən də ürək sözlərimi, həyəcanlarımı bölüşdüm: “Samir heykəltəraş idi. 22 yaşı 2016-cı ilin 6 martında tamam olmuşdu. Qarşıda sanki onu parlaqdan-parlaq bir gələcək gözləyirdi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını hər il heykəltəraş olacaq neçə gənc bitirir. Amma Samir Kaçayev bütün tələbə dostları arasında xüsusən seçilirdi. Ona Azərbaycan heykəltəraşlığının sabahkı ulduzlarından biri kimi baxırdılar.
Samir hələ sənətdə ilk müstəqil addımlarını atırdı. Bu addımlardansa yolunu yeni başlayan gəncin deyil, artıq oturuşmuş bir sənətkarın təpəri duyulurdu. Samirin diplom işi dünyanın ən qüdrətli heykəltəraşlarından birinin – Rodenin obrazı idi. İndi həmin heykəl Rəssamlıq Akademiyasının həyətində ucalır.
Samirin “Balerina”sı, “Musiqiçi”si, “Rəqqas”ı, “Femida tərəzisi”, “Dərviş”i, “Pinəçi”si, “Dədə Qorqud”u... bir-birindən cazibəlidir.
Onun bəxti gətirmişdi ki, Ömər Eldarov, Akif Əsgərov, Natiq Əliyev kimi böyük sənətkarlardan dərs almışdı, sənətin təməl sirlərini onlardan öyrənmişdi.
Samir kimi istedadları Allah müharibələrdə həlak olmaqçün deyil, körpü olmaqdan ötrü yaradır. Böyük sənətkarlar, canlı klassiklər Samir kimi istedadla çağlayan gənclər vasitəsilə öz sənətlərini gələcəyə ötürür, öz məktəblərini yaşatmış olurlar.
Samirin müəllimi, dostum Akif Əsgərov mənə hələ neçə il bundan əvvəl tələbələri arasındakı həm zövq, həm yaradıcılıq nöqteyi-nəzərindən, həm də insanlıq baxımından yüksəkdə dayanan bir gəncdən tez-tez bəhs edirdi. Təəssüf ki, bizim söhbətlərimizdən çox keçmədən bu müdhiş hadisə baş verdi.
Azərbaycan böyük faciələrlə üz-üzədir. Torpaqlarımız işğal olunub, Ermənistan və onu dəstəkləyən qüvvələrin təcavüzü davam edir. Qətiyyən şübhəmiz yoxdur, işğal olunan torpaqlarımız qayıdacaq, o dağıdılmış, qəsb edilmiş şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, əvvəlkindən də gözəl görkəm alacaq. Lakin yaralarımızın izləri çox dərindir, xüsusən mədəniyyətimizə vurulan zərbələr, eləcə də itirdiyimiz insanlar heç vəchlə qayıdan deyil.
Müharibənin ilk qurbanı həqiqət olur. Müharibə seçmədən aparır. İkinci dünya müharibəsində Azərbaycanın nə qədər igid oğulları həlak oldu, onlar da yaşaya, yarada, bu millətə faydalar verə bilərdilər. Bir neçə il əvvəl Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin – əfsanəvi Mixaylonun muzeyini açdıq. O da bir rəssam idi və cavankən həyat yolu qırıldı. Mehdi kimi neçə gənc istedadın ömrünü o köhnə müharibə yarıda kəsdi. Qarabağ müharibəsində bunun örnəklərindən biri Samir oldu. Hər verdiyimiz qurban millətin kisəsindən gedən, milləti ağrıdan itkilərdir, amma Samir kimi yaradıcı insanların bunca vaxtsız gedişi daha yandırıcıdır.
Samir bir kənd uşağıydı, heç onun ağlına da gəlməzdi ki, Rəssamlıq Akademiyasında təhsil alacaq və böyük sənətin sıra nəfərinə çevriləcək.
O, Şamaxıda doğulmuşdu, Çuxuryurdda böyümüşdü, kəndçi balasıydı, bütün ruhunda, varlığında Azərbaycan kəndinin ab-havası vardı.
Xalqı, eli bütün incəlikləriylə duymaq bitkin sənətkar olmaq üçün vacibdən-vacibdir. Şəhərdə, asfalt üstündə böyüyən uşaq bənövşənin ətrinin, ot biçməyin, yer belləməyin, naxıra getməyin, bostan suvarmağın nə demək olduğunu uzaqdan-uzağa, kitabdan, filmdən bilər. Samirsə böyük mədəniyyətə həmin doğma təbiətin ağuşundan çıxıb gəlirdi.
Anası danışır ki, əsgərliyə yola düşməzdən əvvəl Samir dedi ki, ay ana, bir az arpa var, biçim, sonra gedim.
Beləcə bütün davranışları ilə saf bir kənd uşağı ola-ola modern, çağdaş dünyagörüşlü bir gənc sənətçi kimi yetişdi, onun daxilində bir el adamı ilə çağdaş düşüncəli, Avropa baxışlı sənətkar vəhdətdə idi.
Samirdən və o Aprel döyüşlərində itirdiklərimizdən daha böyük qəhrəmanlar isə, bunu təkrar-təkrar dilə gətirmək lazımdır ki, həmin oğulları böyüdən valideynlərdir. 
Samirin anası Əminə xanım, atası Zirəddin müəllim mərd insanlardır. Bunca dözülməz itkinin qarşısında şax dayanıblar. Onların balası, sevimli ciyərparası bu dövlətin, bu millətin, bu Vətənin daha azad yaşaması, daha yenilməz olması naminə həyatını fəda edib. 
Əslində, Samirin yaradıcılığı da, yaşayacağı ömür içərisində bu millətə bağışlayacağı gözəlliklər də Vətəni daha gözəl, daxilən daha zəngin eləməyə yönəlmişdi. 
Samir Kaçayev vəfatından ikicə gün əvvəl yaxın dostlarından birinə məktub yazıb, altına da qol çəkərək dəqiqləşdirib: “Bu, mənim yeni imzamdır, ilk dəfə bu imzanı bu məktuba atıram və ilk dəfə bu imzanı sən görürsən”.
Bu imzanı növbəti dəfə hansısa əsərinə atmaq Samirə qismət olmadı. Amma Samir bu millətin tarixində, bu millətin şərəf kitabında öz imzasını əbədilik qoydu və onun adı da, xatirəsi də Azərbaycanın qəlbində hər zaman yaşayacaq.
Samirin qısa ömrü və əsərləri haqqındakı albom-kitab Samirin ailəsinə, tanıyanlarına, dostlarına, Rəssamlıq Akademiyasına bir hədiyyədir, eyni zamanda, bütövlükdə Azərbaycana böyük bir ərməğandır. Üç dildə çap olunan bu kitabı mən özümlə Avropadakı konfranslara aparacağam. Qoy oxusunlar, şahid olsunlar ki, Azərbaycan nələrə məruz qalıb. Samir haqqındakı bu kitab hələ uzun illər yaşayacaq, vərəqlənəcək və hər vərəqləndikcə bizi həm yolu yarımçıq qırılmış parlaq istedad sahibi bir gəncin yaratdığı füsunkar aləmə aparacaq, həm də Azərbaycanın qanına susamış mənfur düşmənimizin, erməni faşizminin ifşaçısına çevriləcək”.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərliyə başladığı ilk gündən, elə özünün də dəfələrlə etiraf etdiyi kimi, zahirən ən qayğısız olduğu vaxtlarda da, ən müxtəlif vacibdən-vacib məsələləri həll edərkən də bir an da unutmadığı, daim narahatlığını yaşadığı müşkül Azərbaycan torpaqlarına qarşı Ermənistanın təcavüzüdür. 
Məlum bir həqiqətdir və arxada qalan 2-3 onil ərzində yetərincə siyasiləşmiş ən sıravi Azərbaycan insanı da yaxşı anlayır ki, Ermənistan–Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ düyünü lap yaranışından qətiyyən yalnız bu 2 dövlətin məsələsi deyil və həlledici "qızıl açar" kənardadır, kələfin çözülməsi təkcə münaqişə tərəflərindən deyil, bəlkə də daha əvvəl qıraqdakı böyük güclərdən asılıdır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə bu problemin həlli yolunda ardıcıl səylərinin ümumi panoramını xəyaldan keçirirkən onun bu istiqamətdə nə qədər uzaqgörən, miqyaslı, dəqiq, ölçülü-biçili, ağıllı xətt apardığını dərk edirsən.
Bütün danışıqlarda, beynəlxalq toplantılarda Azərbaycan dövləti və millətinin prinsipial mövqeyini qətiyyətlə ifadə etməklə, Azərbaycanın heç vaxt və heç vəchlə bir qarış belə torpağından imtina etməyəcəyini dönə-dönə bildirməklə yanaşı, Prezident İlham Əliyev ölkəmizin müdafiə qüdrətini artırmaq səmtində bu illər boyunca durmadan çalışıb. 
Onun ölkəyə rəhbərliyi dövründə müdafiə sənayemiz yaranıb inkişaf etməyə başladı, ordumuz dəfələrlə gücləndi, Azərbaycan əsgərinin peşəkarlığı, döyüş qabiliyyəti xeyli yüksəldi.
Eyni zamanda, ardıcıl olaraq Azərbaycanın iqtisadi gücünü artıran, bölgə, Avropa və dünya əhəmiyyətli mühüm enerji və nəqliyyat layihələrində ölkəmizi söz sahibinə çevirən Prezident İlham Əliyev Ermənistanın bu son dərəcə sərfəli, səmərəli, bütün iştirakçılara tərəqqi, rifah, zənginləşmə vəd edən layihələrdən təcrid vəziyyətində qalmasına nail oldu.
Erməniçilik elə bir çoxrişəli müdhiş və mənfur şərdir ki, onunla mübarizə məhz bu cür, bütün sahələrdə və istiqamətlərdə aparılarkən arzulanan nəticəyə gətirib çıxara bilər.
Bunu Prezident İlham Əliyevin fəaliyyəti əyani şəkildə sübuta yetirməkdədir.
Bu gün Ermənistan çökən, gələcəksiz, günü-gündən daha artıq iflasa uğrayan və kənardan idarə edilən iradəsiz bir psevdodövlət kimi dünyaya getdikcə daha artıq görünməkdədirsə, bunun məhz belə alınmasında bir sıra başqa səbəblərlə, o cümlədən, Ermənistanın özünün dövlət terrorizminə arxalanan, xalqın ayağı bərbad siyasəti ilə yanaşı, məhz Azərbaycan iqtidarının Ermənistanı düçar etdiyi tədbirli iqtisadi təcrid reallığının ayrıca yeri var.
Prezident İlham Əliyev soyuqqanlılıqla, təmkinlə, ağılla Azərbaycanı bu qarı düşmən üzərində son qəti qələbəyə addım-addım yaxınlaşdırmaqdadır. 
Və daha bir mühümdən-mühüm cəhət!
Prezident İlham Əliyevin atası böyük azərbaycanlı Heydər Əliyev idi.
Prezident İlham Əliyevin oğlunun adı da Heydərdir. İstiqlalımızın və ordumuzun 100 yaşının tamam olduğu bu ildə artıq Vətənə əsgər kimi xidmətə başlamış Heydər Əliyev.
Və Prezident İlham Əliyev, əlbəttə ki, bu adın Əliyevlər ocağındakı tarixçəsindən yaxşı xəbərdardır.
XX yüzilin ilk onillərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarından birinin növbəti qurbanı Heydər adlı cavanın bacısı İzzət xanım bu əziz adı öz yeni dünyaya gələn balasına verdi.
Ulu öndər Heydər Əliyev öz adının ailədə söylənən kədərli hekayətini bilirdi, şəhid dayısının qəmli aqibətindən agah idi və Azərbaycana qarşı erməni düşmənliyinin yurdumuza, millətimizə vurduğu yaraların bilavasitə öz tərcümeyi-halındakı izini də heç vaxt unuda bilməzdi.
Və Prezident İlham Əliyev üçün Azərbaycanın erməni işğalındakı torpaqlarının azad edilməsinə nail olmaq, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvasına qayıdışını təmin etmək, qəsbkardan qisasımızı almaq bir dövlət başçısı və sadiq vətənpərvər kimi müqəddəs borcsa da, həm də öz ailəsi, öz nəsli qarşısındakı şərəf və ləyaqət vəzifəsidir.  Babaları, nənələri, atası, övladı qarşısındakı vəzifəsi!
Ali Baş Komandan, Prezident İlham Əliyevin müzəffər ordumuzun müşayiəti ilə zirehli hərbi maşında işğal altındakı torpaqlarımıza daxil olacağı ürək atlandıran, qan qaynadan məsud gün lap yaxındadır, əziz vətəndaşlarımız!
2017-ci ilin iyununda sözlərini mənim, musiqisini bəstəkar, Xalq artisti Faiq Sücəddinovun yazdığı, dram aktyorlarının və Xalq artisti Azər Zeynalovla müğənni Ülviyyə Tağıyevanın məlahətlə ifa etdikləri  “Səslə bizi, Baş Komandan” adlı bu nəğmə, əslində, millətimizin lap tezliklə çin olacaq həmin arzusunun ifadəsidir! 
 
Səslə bizi, səslə bizi,  igidləri yerbəyer et,
Səslə bizi, səslə bizi,  yağıları dərbədər et, 
Səslə bizi, səslə bizi, ruhumuzu  səfərbər  et!
Səslə bizi, səslə bizi, biz hazırıq keçək candan,  
Biz hazırıq keçək candan, and yerimiz Azərbaycan.
 
“Açıl!” desən, açılmayan qapılar da açılacaq,
Yolu itmiş obaların yoluna nur saçılacaq.
“Alış!” desən, odlanacaq çoxdan sönmüş neçə ocaq,
Yenə sevinc qayıdacaq,  yenə həyat qaynayacaq.
 
Sən millətin sərkərdəsi,  sənin səsin haqqın səsi.
Biz hazırıq keçək candan, səslə bizi, Baş Komandan!
Sən millətin sərkərdəsi, sənin səsin haqqın səsi.
And yerimiz Azərbaycan, səslə bizi Baş Komandan!
 
“Haydı!” desən, Qarabağın daşları da hay verəcək,
Bizdən ötrü qəribsəmiş güllərini pay verəcək.
“Oyan!” desən, kişnəyəcək qaya olub susan atlar.
Zəfər dolu üfüqlərə açılacaq gen qanadlar.
 
“Qalxın” desən, qalxar ellər, sıldırımı yıxar keçər,
Torpağına göz dikəni şimşək kimi yaxar keçər.
Bu torpağın hər balası qeyrət  dolu, susmuş vulkan
“Vətən!” deyib alov olar,  şahə qalxar sən çağırsan.
 
Sən millətin sərkərdəsi, sənin səsin haqqın səsi.
Biz hazırıq keçək candan, səslə bizi, Baş Komandan!
Sən millətin sərkərdəsi, sənin səsin haqqın səsi.
And yerimiz Azərbaycan, səslə bizi Baş Komandan!
 
...Neçə illər öncə Azərbaycanın bir dəstə sənət xadimi ilə Tərtərə, əsgərlərimizlə görüşə getmişdik. Düşmənlə bizim aramızda məsafə lap yaxın idi. O səngərlə bu səngəri qıvrıla-qıvrıla axıb gedən nazik İncəçay ayırırdı.
Müğənnilərimiz oxuyurdu, onların avazı, “Qarabağ şikəstəsi”nin şaqraq zəngulələri İncəçayı aşıb o tərəfə, bizsiz olan bizim torpaqlara çatırdı.
Və o gün orada gecə-gündüz düşmənlə üz-üzə dayanan igid əsgərlərimizə, Milli Ordumuzun və xalqımızın güvən yeri olan gənclərə söyləmişdim ki, İncəçay yalnız düşmən tərəflə bizi ayıran zolaq deyil, həm də adı ilə bir rəmzdir. Bu gün o tərəfə hələ səsimiz gedib çatır. Sabahsa zəfərimizlə, ordumuzun qalibiyyət yürüşü ilə özümüz də oralara qədəm basacağıq. O əziz günlərlə bizim aramızdakı məsafə elə bu İncəçay qədər incədir!..
Və indi sözlərimi tamamlayarkən bu gün üçün ən böyük istəyim məhz ordumuzun adının qarşısında vüqarla dilə gətirəcəyimiz bir sözün dayanmasıdır: 
Qalib ordu! 
Qarabağın küləkləri haçandır ki, bizlərdən ötrü qəribsəmiş zirvələrin, yüksəkliklərin, təpələrin başı üstündə ay-ulduzlu bayrağımızı dalğalandırmağın həsrətindədir.
Könül istər ki, and yerimiz üçrəngli bayrağımızın yolunu illərcə xiffətlə gözləyən yaralı torpaqlarımızı azad edən Milli Ordumuz hər bir yurddaşımızın bu zəfər diləyini ən yaxın sabahlarda sevimli bir gerçəyə çevirsin!
22 2018 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2018 | 22:45
Hava proqnozu

Ən son xəbərləri səhifəmizdən də izləyin